Gürcüstanı Ermənistanın taleyi gözləyirmi?

Hakim “Gürcü Arzusu” partiyası prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacaq



Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. Seçkiyə 6 ay qaldığı üçün hələlik partiyalar namizəd irəli sürməkdə tələsmirlər. Gürcüstanın hakim "Gürcü Arzusu” partiyası prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacağını deyib.

Parlamentin spikeri İrakli Kobaxidze bildirib ki, namizədin adının açıqlanması hələ tezdir: "İlkin məsləhətləşmələr aparılıb. Müzakirələr davam edir və onların əsasında prezidentliyə namizədi seçəcəyik”. Əslində qonşu Gürcüstandakı seçkiləri maraqlı edən səbəb Ermənistanda yaşanan qarışıq olaylardır. Məlumdur ki, Gürcüstan prezidenti ilə baş naziri arasında Qərbyönlü və Rusiyayönlü olmaqla bağlı müəyyən ziddiyyətlər mövcuddur. Bu səbəbdən müəyyən iddialar var ki, Gürcüstandakı seçkilərə kimi ölkədə ciddi proseslər yaşana, ölkə tamamilə Qərbin və ya Rusiyanın kurasiyasına keçə bilər. ABŞ-ın "Gürcüstan NATO-ya üzv ola bilər” açıqlaması və eks-prezident Mixail Saakaşvilinin Gürcüstan siyasətinə qayıdacağını söyləməsi bu kimi iddiaları gücləndirir. Ancaq bir reallıq da var ki, Rusiya cənub qonşusunda baş verən proseslərdən kənarda qalmayacaq.

Ehtimallarla bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, 2008-ci il hadisələrindən sonra Gürcüstanda çətin ki, hansısa siyasətçi açıq şəkildə rus yönümlü mövqe sərgiləsin. Ekspert xatırladıb ki, Saakaşvili gedəndən sonra hakimiyyətə gələn iqtidar belə Qərbin əhatə dairəsindən çıxa bilməyib: 

"Düzdür, Gürcüstanda hələ də Rusiyaya meyilli qüvvələr var. Amma artıq onlar da fərqindədir ki, bundan sonra Gürcüstanın Rusiyanın yanında olması mümkün deyil. Saakaşvili Ukraynada siyasətçi kimi uğur əldə edə bilmədi və kənarlaşdırıldı. Buna rəğmən öz vətəninə qayıtmaqda israrlıdır. Hesab edirəm ki, Saakaşvilinin üzərindən cinayət işi qaldırılmasa, sabiq prezident Gürcüstana qayıtmağa cəsarət etməyəcək. Qayıtsa belə əvvəlki uğurlarını təkrarlaya bilməyəcək. Çünki artıq zaman və toplum dəyişib”.

İsmayıl