“Guya Nuşirəvan Məhərrəmli bilmir ki...”

“Biz ancaq dilimizin bəxtəvər vaxtında ziyalılara irad tuta bilərik”



Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair keçirilən konfransda Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyətinə nəzarət mexanizmi yoxdur, MTRŞ də bu nəzarəti apara bilməz. Bu gün fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar olduğunu deyən N.Məhərrəmlinin sözlərinə görə, bəzən efirə dəvət olunan ziyalılar, sənətkarlar fikirlərini Azərbaycan dilində deyə bilmirlər, bu, təəssüf doğurur.

MTRŞ sədrinin açıqlaması ilə efirdən tanış olduğunu deyən qocaman yazıçı Seyran Səxavət başa düşməyib ki, bu müzakirələr sadəcə televiziyaların fəaliyyətinə quş qoymaq üçün keçirilir, yoxsa ortaya nəsə bir ciddi iş qoyacaqlar.

Azərbaycan dilinin korlanması ilə bağlı 2006-cı ildən üzü bu yana həyəcan siqnalı çaldığını vurğulayan Seyran Səxavətin sözlərinə görə, dilimizin vəziyyəti son dərəcə gərgindir. Daha doğrusu, Azərbaycan dili "reanimasiyadadır”: "Televiziyalarda ədəbi dil normalarının pozulması ilə bağlı MTRŞ sədrinin narahatlığını başa düşürəm. Razıyam ki, bəzi ziyalılarımız, yazarlarımız, hətta nazirlərimiz Azərbaycan dilində danışa bilmirlər. Amma bu gün üçün aktual problemimiz bu deyil. Bir-iki ziyalının, məmurun dilimizdə təmiz danışa bilməməsindən daha çox, məni televiziyalar narahat edir. Televiziyalar dilimizi korlamaqla kifayətlənməyib, onu zəlil gününə salıb. İş o yerə gəlib çıxıb ki, Azərbaycan dili ifadəsini işlətməyə ehtiyac görmürəm. Bu gün Azərbaycanda istifadə olunan dil normaları televiziya dilinə uyğundur. "Kitabi- Dədə- Qorqud”dan Seyran Səxavətə qədər məlum olan Azərbaycan dili başqa bir şeydir, bu gün televiziyalar vasitəsilə xalqa sırınan dil isə tamam başqa bir dildir. Sizi inandırım ki, televiziyalar dilimizə əcnəbi sözlərdən qat-qat artıq zərər vurur. Azərbaycan dili o qədər də aciz dil deyil. Xaricdən gələn sözləri öz içində əridib, həzm edə bilərdi. Amma media vasitələri, xüsusilə də televiziyalar dilimizi pis günə qoyub. Məndə televiziyaların Azərbaycan ədəbi dilini pozduğuna dair 30 minə yaxın fakt var. Televiziyaları izləmişəm və yerində olmayan bütün faktları qeyd etmişəm. Əslində iradlarım var. Təbii ki, onların hamısını burada bir-bir söyləmək, necə deyərlər, açıb-ağartmaq imkan xaricindədi”.

Azərbaycan dilinə bir neçə yerdən hücumlar olduğunu deyən S. Səxavət deyib ki, əsas hücum televiziya məkanından edilir. İkinci hücum yazılı mətbuatımız və elektron mediadandır. Azərbaycan dilinə bir zərbə də seriallar vasitəsilə vurulur: "Televiziyaların dilimizi necə korladığını sizə Tovuzun Əlibəyli kəndindən hazırlanan reportajla göstərə bilərəm. Bu kənddə atəşkəs tez-tez pozulduğu üçün kənd camaatını danışdırıblar. O tərəflərin də çox gözəl şivəsi, bal kimi ləhcəsi var. Amma müxbir hazırladığı reportajı elə formada təqdim edib ki, danışığın saxta olduğu o dəqiqə nəzərə çarpır.

Bir qadın ovcunda evinə atılan güllələri tutub belə deyir: "Dərdin alem, görersənmi?- bu gözəldi, təbiidi. Sonra əlavə edir: "Bax, biz hər gün bu güllələrə məruz qalerıx”. İndi mənə desinlər görüm, Tovuz camaatı nə vaxtdan "məruz qalırıq” sözü işlədir? Bunu televiziya onların beyninə yeridir. Bu cür faktlardan məndə ən azı 30 min dənə var. Deməli, xalq da başlayıb Azərbaycan dilində yox, televiziyaların dilində danışmağa. Əgər dilin yaradıcısı, qoruyucusu və cilalayıcısı olan xalq da başlayıb televiziya dilində danışırsa, artıq bu fəlakətdir. Dilimizə də artıq güvə düşüb. Xalq "gülləyə məruz qalmışıq” deməz, "göydən başımıza güllə, mərmi yağdırırlar” deyər”.

Ədəbi dilimizin korlanmasının qarşısını almaq üçün atılacaq addımlara gəldikdə isə yazıçı bu barədə konkret təklifləri olduğunu deyib: "Yaxşı olar ki, Milli Teleradio Şurası ilə bərabər bir növbətçi qrupu yaradılsın. O qrup televerilişləri bir həftə izləsin, müşahidə edilən nöqsanlar bir yerdə müzakirə olunsun. Mən özüm elə bir qrupla bir yerdə növbətçilik etməyə, gecə- gündüz işləməyə hazıram. Bu qrup Azərbaycan dilinin ədəbi normalarını pozan kanala əvvəlcə xəbərdarlıq etməli, sonra bu xəbərdarlığı sərtləşdirməlidir. Bunlara əməl etməyən televiziyaların isə lisenziya məsələsi müzakirəyə çıxarılmalıdır. Bu zaman hər yoldan ötəni aparıcı deyə, efirlərə buraxmayacaqlar. Bu problemin yeganə həlli nəzarətin dövlət səviyyəsində aparılmasıdır. Əks halda, dilimiz ölü dillər sırasında yer alacaq. Televiziya aparıcıları adicə informasiya verməyi bilmir. Hava haqqında məlumat verən aparıcılardan biri deyir: "Sabah Qazaxda havanın temperaturu müsbət 20 dərəcə istilik təşkil edəcək”. Məgər "temperatur” elə "istilik” demək deyil? Bu cür aparıcıları televiziyanın qapısından içəri buraxmaq olmaz, nəinki bütöv bir efiri ona həvalə etmək. Dilimizdə istifadə olunan və mənim aləmimdə ən ağır bir qarğış var. Hansı ki, daha çox yalan danışan adamlara deyirlər. İndi mən də televiziyalara demək istəyirəm ki, "Bıy, sizin diliniz qurusun”. Hansısa bir hadisə zamanı həkim açıqlama verir ki, xəstənin boyun nahiyəsində nə bilim, nə olub. Halbuki, xəstənin boynu qırılıb deyə bilər. Yaxud da polis müstəntiqlərinin ağzına düşüb: "Tərəfimizdən axtarış elan olunub”. Bu nə deməkdi? Belə çıxır ki, hər sahənin öz dili var və televiziya da bunu xalqa sırıyır?”

S.Səxavətin sözlərinə görə, ədəbi dilin qorunması ilə bağlı təcili olaraq, ölkədə həyəcan siqnalı verilməli və lazımi tədbirlər görülməlidir: "Bir daha Nuşirəvan müəllimin qaldırdığı məsələyə qayıtmaq istərdim ki, hər şey televiziyaların təsirindən asılıdır. Hansısa ziyalının öz fikrini Azərbaycan dilində ifadə edə bilməməsi sonranın problemidir. Biz ancaq dilimizin bəxtəvər vaxtında ziyalılara irad tuta bilərik. Dilimizin uçuruma yuvarlandığı bir vaxtda bir-iki ziyalının Azərbaycan dilində danışması nəyi dəyişəcək? Guya MTRŞ sədri bilmir ki, hansısa nazir, hansısa ziyalının Azərbaycan dilində danışması ilə dilimizdəki qüsurlar aradan qalxmayacaq? MTRŞ-nin keçirdiyi tədbiri və qaldırdığı məsələni mən "odu söndürüb, külü ilə oynamaq” kimi dəyərləndirirəm. Hazırkı səviyyədə odu söndürüb, külü ilə oynamaq bizim yaralarımızı sağaltmır. Problemimiz çox ciddidir, həm də ki, Bakı küləklər şəhəridir. Oynadığımız kül gözümüzü "tökə” bilər. Odur ki, xalqın gözünə kül üfürmək lazım deyil. Əgər MTRŞ doğrudan da, Azərbaycan ədəbi dilinin korlanmasından narahatdırsa, mən qaldırdığım təkliflərə ciddi yanaşsın. Bu gün dilimiz elə bir səviyyədədir ki, ölkədəki bütün ziyalılar, nazirlər belə Azərbaycan dilini bilməsə, bu, onun yanında heç nədir”.

Şəymən