Hadı Rəcəblinin təşəbbüsü dəstəkləndi: "Belə əməlləri təqdir etməliyik"

Zahid Oruc:"Hadı müəllim həmişə xeyirxah təşəbbüslər, müsbət aksiyalar həyata keçirib. Amma bunu qabardıb reklama çevirməyib"



"Millət vəkilləri ilk növbədə ictimai şəxslərdir. Onlar yalnız özlərini təmsil etmir, ailəsinə mənsub deyil. Deputatların üzərində ictimai məsuliyyət mövcuddur”.

Bu barədə "Sherg.az”a Milli Məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Lənkəranda maddi təminatı aşağı olan ailənin toy xərclərini öz üzərinə götürməsinə münasibət bildirərkən Milli Məclisin üzvü Zahid Oruc bildirib. 

O qeyd edib ki, əlaqələrin genişliyi, tanınmaq, populyarlıqdan irəli gələn müxtəlif təşəbbüslər irəli sürərkən, ona yönəlik çağırışları reallaşdırmaq gücü fərqli vəziyyət yaradır:

"Sıradan insan qeyd etdiyimiz müstəvidə hərəkət edib, uğurlu nəticələr əldə etməyə bilər. Amma parlament üzvünün xüsusi şəraitdə, böhran vəziyyətinə düşmüş şəxslərə bu işlərdə yardım göstərməsi təqdirəlayiqdir. Təbii ki, kütləvi olaraq, hər kəsə eyni səviyyədə bunu gerçəkləşdirmək çətindir. Belə addımların arxasında müəyyən qədər maddi vəsaitlər dayanır. Bunu ərsəyə gətirmək isə, asan olmur.

Ötən gün Türkiyə televiziyalarında qardaş ölkənin elmi məkanında tanınmış bir alimin, professorun ağrı acı ilə söylədiyi fikri izlədim. O qeyd edirdi ki, Türkiyə cəmiyyətini irəliyə aparmaq istəyirik, hər zaman Avropa universitetlərinin əlçatmazlığından, üstün imkanlarından danışırıq. Bunu Türkiyənin özündə qurmaq istədik. Mühəndislik universitetində çağırış etdik ki, hər kəs maddi yardımlarını etsin, ən yüksək səviyyədə kitabxana quraq. 60 min TL vəsait yığılıb. Bu isə bütün Türkiyə adına irəli sürülən layihə olaraq, utancverici rəqəm kimi vurğulanır. Ölkə və region səviyyəsində irəli sürülən təşəbbüslərə heç də hər zaman uğurlu nəticə almaq olmur”.

Z.Oruc vurğulayıb ki, Hadı Rəcəblinin simasında, deputatların ayrı-ayrı şəxslərin həyat problemlərinin həllinə yardımçı olmasının şahidi olub. Onun sözlərinə görə, H.Rəcəbli də bütünb hallarda xeyirxah əməllərini qabardıb, reklama çevirməyib:

"Hadı müəllim həmişə xoş təşəbbüslər, müsbət aksiyalar həyata keçirib. Çoxsaylı vətəndaşlar və seçicilərə köməkliklər göstərib. Əslində hər birimiz belə əməlləri təqdir etməliyik. Lakin bunu öhdəlik deyil, xeyirxah addım, humanist məsələ kimi dəyərləndirməliyik. Parlamentin hər bir üzvü eyni imkana sahib deyil. Hər kəsdən bunu tələb etmək, belə addım ata bilməyəni tənqid etmək də düzgün sayılmaz. Amma bütün hallarda hər kəs bacardığı və əlindən gələn qədər etməlidir.

Açıq deməliyəm ki, mənim də yüzlərlə belə addımlarım olub. Lakin bunu media ilə tirajlamağı istəməmişəm. Məsələnin qüsurlu tərəfi var. Bu ölkədə bəzən ehtiyacı olanlardan ziyadə, ehtiyacı olmayan şəxslərin də müraciətlər etməsi, kömək istəməsinin şahidi olmuşuq. Sanki onlar başqalarının perspektivini xərcləyir, şansını əldə etməyə çalışırlar. Bu, yanlışdır. Bəzən reklam, bunun gündəmdə saxlanması həmin şəraiti ustalıqla dəyərləndirənlərin xeyrinə işləyir. Bir qədər mötədil, çəkingən bu məsələlərdə abır-həya edərək, daha kəskin tələblərdə bulunmayan şəxslərin haqqını başqaları əldə etməyə çalışırlar.

Bütün hallarda hörmətli Hadı Rəcəblinin də bu xeyirxah addımı Yeni ilin başlanğıcında ünvanına düşüb. Həyatını quran o insanlar şübhəsiz ki, bunu hiss edəcək, xeyirxahlığı başqasına ötürməyə çalışacaqlar. Yaxşılıq və pislik enerji kimidir. O, mütləq qayıdır, itmir”.

Aysel Aslan