Hamı hüquqlarını bilməlidir

Səhv yol nişanlarına görə sürücülər cərimələnə bilməz




Son zamanlar yol polisləri tərəfindən tərtib edilən protokolların və yol nişanlarının yerinin düzgün təyin edilməməsi halları artır. Hətta bəzi məqamlarda sürücülər əsassız yerə cərimələnirlər. Praktikada səhvən tətbiq edilən protokolların ləğv edilməsi ilə bağlı təcrübə mövcuddur. Lakin belə texniki problemlərin və yanlışlara son vaxtlar daha çox rast gəlinir.

Məsələn, bu yaxınlarda sürücüyə tərtib olunan protokolda ilin səhv yazılması və Kürdəxanı kəndində yaşayan avtomobil sahiblərinə yeni çəkilmiş yolda geri dönüş nişanı olduğu halda iki qoşa xətti keçdiklərinə görə cərimə protokollarının göndərilməsi kimi hallarını göstərmək olar. Həm də bütün protokollar bir kameranın çəkdiyi şəkillər vasitəsilə tərtib edilib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, yol hərəkəti nişanlarında və tərtib olunan protokollarda isə heç bir halda yanlışlığa yol verilməməlidir: "Yol hərəkəti üzrə sxemi hazırlayarkən diqqətlə yol nişanları nəzərdən keçirilməlidir və ərazi üzrə dəqiq göstərilməlidir. Bundan əlavə, qanunvericiliyə uyğun yol hərəkəti təşkil edilməlidir və yol boyu lazımi yerlərdə bütün xətlər çəkilməlidir”.

Ə.Hüseynov hesab edir ki, belə səhvlər dərhal aradan qaldırılmalıdır: "Ərazidə nişanlar ziddiyyətli olduğuna görə sürücülər cərimələnə bilməz və səhv tərtib olunan protokollar ləğv olunmalıdır”. Kiçik hüquq işləri üzrə mütəxəssis Emil Mustafayev yol nişanının əksi olaraq cərimələnməyə görə təqsiri yol polisi müfəttişlərində görür: "Çünki onlar belə məsələlərdə diqqətli və məsuliyyətli olmalıdırlar. Bununla yanaşı, həm də digər müvafiq qurumlar ziddiyyət təşkil edən nişanlar haqqında izah xarakterli məlumat verməlidirlər”.

E.Mustafayev sürücü kimi, ümumiyyətlə belə bir yanlışlıqla rastlaşmadığını bildirir: "Yəni indiyə qədər bizim evə protokol göndərilməyib. Həmçinin, ailə üzvlərimdən olan sürücülər də qeyri-qanuni cərimələnməmişik. Buradan Qazaxa və ölkənin digər bölgələrinə də avtomobil ilə hərəkətdə olmuşuq, lakin belə bir problem yaşamamışıq. Ola bilsin ki, respublikada ziddiyyət təşkil edən yol nişanları var, amma bizim qarşımıza çıxmayıb. Lakin hər birimiz belə nişanların qurbanı ola bilərik”.

O, digər həmkar sürücülərini də öz hüquq və vəzifələrini öyrənməyi, bilməyi məsləhət gördü: "Sürücülər öz hüquqlarını tələb etməkdənsə, hüquq və vəzifələrini bilsələr, daha yaxşı olar. Ona görə ki, sürücülərin çoxu işıqforun altında yerləşdirilən yoltənzimləyici nişanını ayıra və istifadə edə bilmir. Məsələn, işıqfor işləməyəndə onun altında tənzimləyici işarələrlə hərəkəti davam etdirmək mümkündür”.

Məlumat üçün qeyd edək ki, sürücülər bu hallarda protokolların silinməsi üçün əvvəlcə protokolun tərtib edildiyi idarəyə, ləğv edilmədiyi təqdirdə məhkəmələrə müraciət etməlidirlər.

Vüqar Şahinoğlu