Heç bir ölkə terrordan sığortalanmayıb

Təyyarələrdə silahlı polislər olsa, sərnişinlər özlərini daha güvənli hiss edər





Türkiyə hökuməti terror aktlarının qarşısının alınması məqsədilə hava polisindən istifadə etməyi planlaşdırır. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri bildirib. Nazir qeyd edib ki, Türkiyəyə və əks istiqamətə uçan təyyarələrin göyərtəsində hava polisi zabitləri də olacaq. Yeniliyin daha çox beynəlxalq reysləri əhatə edəcəyi gözlənilir.

Lakin yeniliyin tətbiqi üçün reyslərin təşkil olunacağtı ölkələrlə müvafiq saziş imzalanmalıdır. Nazir bildirib ki, təhlükəsizliyin qorunması məqsədilə hava polisindən istifadə praktikası bir çox ölkələrdə tətbiq olunur.
Son illər terror aktlarının bütün dünyanı sarsıtdığı məlumdur. Belə olan halda təyyarələrdə hava polislərinin olması da tamamilə anlaşılandır. Lakin sual doğuran məsələnin məhz sərnişinlərin (həmçinin əşyaların, yol çantalarının) ciddi şəkildə yoxlandığı, bir neçə yoxlama məntəqəsindən, elektron, lazer cihazların müayinəsindən keçdikdən sonra təyyarənin göyərtəsinə qalxmalarıdır. 

Həmçinin, təyyarələrin özü də havaya qalxmazdan öncə texniki baxışdan, ciddi nəzarətdən keçirilib uçuşuna icazə verilir. Əli silahlı terrorçu təyyarənin göyərtəsinə necə yol tapır?

Uzun illər Azərbaycan Hava Yollarına rəhbərlik etmiş Ədalət Əliyev "Şərq”ə açıqlamasında ciddi yoxlamalar, nəzarətə baxmayaraq yenə də təyyarələrdə terror hadisələrinin baş verdiyini xatırlatdı:

- Hələ sovet dövründə bir neçə fövqəladə hallar olmuşdu. AN-24 təyyarəsini Suxumidən qaçırmaq istəmişdilər, o zaman silahlı insidentdə stüardessa Nadejda Qurçina öldürülmüşdü. Məhz bu hadisədən sonra təyyarələri silahlı milislər müşayiət etməyə başladı. Bu milis zabitləri mülki geyimdə sərnişinlər arasında əyləşirdi, sərnişinlər onların kimliyini fərq etmirdi. Sakitcə əyləşib ətrafa nəzarət edirdilər, vəzifələrini yerinə yetirirdilər. Sonra Ermənistandan da kiçik həcmli təyyarənin qaçırılmasına, Leninqraddan da təyyarə qaçırmağa cəhdlər olmuşdu. 1986-87-ci illərdə Bakı aeroportunda da belə bir hadisə yaşandı. Riqa-Bakı reysi ilə uçan təyyarədəki bir sərnişin pilotlardan təyyarəni Türkiyəyə istiqamətləndirməyi tələb etmişdi. Bu barədə bizə xəbər çatanda, dərhal hava limanına gəldik, xüsusi xidmət orqanları əməkdaşları da gəldi. Sərnişinlə danışıqlara başladıq. 4 saata yaxın danışıqlar getdi. Onu inandırmağa çalışırdıq ki, tələbin yerinə yetiriləcək. Hətta belə görüntü də yaradıldı ki, guya, təyyarə əlavə yanacaq üçün məntəqəyə yaxınlaşır. Hətta mən ona dedim ki, kişisən, qadınları, uşaqları azad et, hara deyirsən, təyyarə ora uçacaq. Bizi şantaj edirdi, milyon dollar pul tələb edirdi. Biz də deyirdik ki, bu vaxtı bankdan pul çıxarmaq asan deyil. 

Gərək gözləyəsən, bizə vaxt verəsən. Belə sözlərlə vaxt uzatmağa, fikrini yayındırmağa çalışırdıq, təhlükəsizlik xidməti əməkdaşları isə bu zaman fəaliyyətə keçmişdilər. Nəhayət, o şəxs zərərsizləşdirildi. Sərnişinlərdən də xəsarət alan olmadı. Belə hadisələrin olması hər zaman mümkündür. Hava limanlarında təhlükəsizlik tədbirləri nə qədər güclü, ciddi olsa da, terrorçular bir yol tapmağa çalışır. Bəzən hava limanlarının əməkdaşları da terrorçulara köməklik edir. Sərnişin qiyafəsində nəzarət məntəqələrini keçir, çantalarında da şübhəli heç nə olmur, amma təyyarə ilə nəzarət məntəqəsi arasındakı məsafədə kimsə onlara silah, yaxud partlayıcı ötürür. Bəzən hava limanı əməkdaşlarını pulla ələ alırlar. Qanlı məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atırlar. Baxın, Misir təyyarəsinin necə, hansı səbəbdən partladığı hələ də naməlum qalır. İstanbulun Atatürk hava limanında da terror hadisəsi oldu. O terrorçular əli silahlı hava limanına necə keçmişdilər?! İndiki zamanda terrordan heç bir ölkə sığortalanmayıb. Terror təhlükəsi nəzərə alınaraq hava polisindən istifadəyə qərar verilirsə, bu, müsbət haldır.

Ə.Əliyev təyyarələrin silahlı polis zabiti müşayiəti ilə uçmasının sərnişinlərdə diskomfort yaradacağı ehtimalına də münasibət bildirdi:

- Düşünmürəm ki, hava polisi sərnişinlərdə diskomfort yaratsın. Əksinə, polis zabiti, sərnişinlərin özlərini daha da güvəndə hiss etməsinə səbəb olacaq. Hər halda, polis əmin-amanlıq təminatçısı kimi tanınır. İnsan yanında polis görəndə narahatlıq deyil, rahatlıq hissi keçirməlidir.

Məlahət Rzayeva