Sabir Rüstəmxanlı: “70 ildə həyatımın heç bir anı üçün peşman olmamışam”“İçimdə bir rahatlıq var. Düzdür, buna tam xoşbəxtlik demək olmaz, amma daxilən rahatam, huzurluyam. Çünki bütün tarixi, siyasi şəraitlərdə sözümü çəkinmədən demişəm, qorxmamışam”
Bu gün Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, milli azadlıq hərəkatının liderlərindən olan sabiq deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. 70 illik keşməkeşli həyat yolu, yaradıcılığı və ad günü tədbirləri ilə bağlı "Şərq”ə danışan Sabir Rüstəmxanlı ümumi anlamda həyatından məmnun qaldığını, ömür yolunda ciddi peşmançılıq olmadığını bildirib. Xatırladaq ki, ötən həftə İstanbulda Xalq şairinin anadan olmasının 70 illiyinə həsr edilmiş mərasim keçirilib. S.Rüstəmxanlı Azərbaycanda da yubileyi ilə bağlı hazırlıq görüldüyünü bildirib...
- Sabir bəy, qardaş ölkədə keçirilən 70 illik yubileyiniz necə oldu, tədbirdən razı qaldınızmı?
- Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Fatih Kültür Mərkəzində çox möhtəşəm bir tədbir keçirildi. Türkiyədə iri həcmli şeir kitabımı nəşr etdilər. Kitab 10 min tirajla çap olundu və şəhərin bütün kitabxanalarına paylanıldı. Həmçinin, yubileyimdə iştirak edən qonaqlara təqdim olundu. Xüsusi afişa və dəvətnamələr hazırlayaraq çox möhtərəm qonaqları çağırmışdılar. Yubiley panel şəklində oldu və dörd nəfərin məruzəsi dinlənildi. Orada ümumi yaradıcılığıma nəzər salındı. İstanbul bələdiyyəsinin nümayəndəsi, Türk Dünyası Araşdırmaları Vakfının başqanı Közhan Yazgan, İBB Kültür başqanı Əbdürrəhman Şən və bizim konsul çıxış etdilər. Daha sonra mərasimin təntənəli hissəsi başladı və "Savalan” klubunun iştirakı ilə konsert verildi.
- Azərbaycandan kimlər qatılmışdı yubiley tədbirinə?
- Millət vəkilimiz, çox dəyərli qələm əhli Rəfael Hüseynov əsas məruzəçilərdən idi. Görkəmli dilçi-alim, professor Firudin Ağasıoğlu da yubileyə dəvət olunmuşdu. Çox gözəl tədbir keçdi. Tədbirdən əlavə proqramlar da oldu. Türkiyədə milli təfəkkürlü insanların daha çox izlədiyi "Bengütürk” adlı bir kanal var. Orada haqqımda 1 saatlıq veriliş efirə getdi, məndən müsahibə götürdülər. Həmin günün axşamı isə, təxminən 2 saat 50 dəqiqəlik yubiley tədbirimi televiziyada yayımladılar. Ondan başqa Türkiyədə "Koroğlu” adlı jurnal bir sayını mənim yaradıcılığıma həsr etdi. Paralel olaraq Moskvada "Ölüm zirvəsi” adlı romanım görkəmli tərcüməçimiz Azər Mustafazadənin parlaq tərcüməsi ilə çap olundu. Yəni ümumən günüm xoş keçdi.
- Azərbaycanda yubileyinizlə bağlı tədbir keçiriləcəkmi?
- Sözün düzü, bu barədə narahatlığım yoxdur. Keçirsələr də sağolsunlar, keçirməsələr də. Bildiyim qədər rəsmi dairələr, yəni Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıq görür. May ayının 25-də Milli Teatrda yaradıcılığımla bağlı yubiley gecəsi keçirmək istəyirlər.
- Bəy, 70 illik ömrünüzü necə xarakterizə edərdiz? Həyatınızda sevinc və uğur daha çox olub, yoxsa məyusluq və peşmanlıq?

- Bir yazıçı üçün 70 yaşın öz dəyəri var. Bu yaşımda mənə olan sayğını, hörməti, diqqəti gördüm və sevindim. Təbii ki, ömrün sevinci də olur, kədəri də. Amma həyatımın heç bir anı üçün peşman olmamışam. Arzuladığım ömrü yaşamışam, ürəyim istədiyini etmişəm. Bilirsiz, həyat tale məsələsidir. Mən Allahın verdiyi ömrü, yazdığı qədəri, qisməti yaşayıram. İçimdə bir rahatlıq var. Düzdür, buna tam xoşbəxtlik demək olmaz, amma daxilən rahatam, huzurluyam. Çünki bütün tarixi, siyasi şəraitlərdə sözümü çəkinmədən demişəm, qorxmamışam. Sovet dövründə də həm qəzetçi-jurnalist, həm naşir, həm də müəllif kimi sözümü əsirgəməmişəm. İmperiyanın konnekturasına, ideologiyasına qarşı mübarizə aparmışam. Təbii ki, o dövrün müsbət ideyalarını təqdir edirdik, imkanlarından yararlanırdıq. Məsələn, kənddən gəlmiş bir uşaq düşünün. Bakıda heç kimi yoxdur, dəstəkdən, köməkdən məhrumdur və əməyi ilə özünə yol açır, böyüyür, yüksəlir, kitablar yazır və s. Sovet dövrünün bizə verdiyi bu imkanları dəyərləndirmişəm. Ancaq bununla yanaşı, imperiyanın millətimiz üçün ziyanlı tərəflərini həmişə vurğulamışam. Yəni heç vaxt rəsmi ideologiyaya boyun əyib, yaradıcılığım uğruna əqidəmi, vicdanımı o zamanın əsiri etməmişəm. Sözümü kitablarla demişəm. Əsərlərim gənc nəslin fikrində, düşüncəsində mühüm rol oynayıb, faydalı olub. Kitablarım dünyanın bir neçə xarici ölkələrində nəşr olunub. Daha sonra meydan hərəkatının ən fəal iştirakçısı olmuşam. Dövlətimizin müstəqilliyi uğrunda usanmadan mübarizə aparmışam. Müstəqil Azərbaycan dövlətinin millət vəkili seçilmişəm və 25 illik deputat həyatı yaşamışam.
- Siyasi fəaliyyət və ədəbi yaradıcılıq. Həyatınızda bunların hansına daha çox önəm vermisiz?
- Yazıçı ömrünü də yaşamışam, siyasətçi ömrünü də. Əslində bunların biri digərinə qurban gedib. Yəni siyasətçilik həyatımın bir hissəsi yazıçılığa, yazıçılığın bir hissəsi isə siyasətə qurban verilib. Amma heç vaxt bunları ayırmamışam. Çünki hamısı mənim taleyimdir, jurnalistlik də, naşirlik də, natiqlik də, nazirlik də, deputatlıq da mənim həyatımın şərəfli parçaları olub. Təbii ki, bundan da zəngin və rəngarəng ömür yaşayan yaradıcı insanlar çoxdur. Biz də qismətimizə düşəni yaşamışıq. Amma millətimiz nə deyibsə, onu etmişik. İşləyin deyiblər, işləmişik, savaşın deyiblər, savaşmışıq. Etdiyimiz hər bir hərəkətdə vicdanımızın səsini dinləmişik. Xalqın milli-mənəvi dəyərlərinə yaraşan bir həyat sürmüşük.
- Hər halda bədii yaradıcılığa indi daha çox zaman ayırmaq imkanınız var. Çünki artıq deputat deyilsiz...
- Bunun özü də bir imkandır, taledir. Şükürlər olsun ki, hələ sağlamlığım yerindədir, yazıram, yaradıram. Müəyyən vaxtlarda ürəyimdə qalmış yazılarım, düşüncələrim var ki, onları indi sistemləşdirmək, yazmaq imkanım var.
- Tez-tez xaricə səfərlər edirsiz, daim yaradıcılıqla məşğul olursuz. Bu əsnada rəhbərlik etdiyiniz partiyaya kifayət qədər zaman ayıra bilirsizmi?
- Mən hər gün VHP-nin qərargahına gedirəm və mütəmadi olaraq partiyanın işləri ilə məşğul oluram. Çünki yaradıcılıqla yanaşı, siyasi fəaliyyət də mənim həyat seçimimdir. Ona da vaxt ayırmalıyam.
- Bəy, sonda "Şərq” qəzeti olaraq biz də sizi təbrik edir, siyasi və ədəbi fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Çox sağ olun, minnətdaram. Hər zaman "Şərq” qəzetinin rəhbərliyinə və kollektivinə böyük hörmətim olub. Həyatımda bu qəzetin müstəsna yeri var. Diqqətinizə görə təşəkkür edirəm.
İsmayıl