Suriya uğrunda mübarizənin yeni dalğası başlayır
Bir neçə həftə əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini görüşə çağırdı. Ancaq bundan sonra Amerika Suriyaya hücum etdi. Ardınca BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirdi. ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli çıxışı zamanı Rusiyanı Suriya rejiminin dəstəkçisi kimi təqdim etdi və bildirdi ki, Moskva özünə daha yaxşı tərəfdaş seçməlidir.
Heylinin rusiyalı həmkarı Vasili Nebenzya isə buna cavab olaraq, ABŞ və tərəfdaşlarını diplomatik miflə məşğul olmaqda ittiham edib. Vaşinqton bəyan edir ki, Rusiya kimyəvi hücumun baş verdiyi bölgələrdə araşdırmalar aparılmasına mane olur. Rusiya isə bildirir ki, Suriyada heç bir kimyəvi hücum həyata keçirilməyib və ya hücumlar ABŞ tərəfindən təşkil edilə bilər. ABŞ və Britaniyada bir sıra rəsmi şəxslər Rusiyanın kiber hücuma hazırlaşdığını, dövlət qurumları, hətta fərdi evlərə qədər bir çox kritik nöqtəyə hücum təşkil olunacağını deyirlər. Rus hakerlərin bütün dünyada milyonlarla kompüterə giriş əldə etməyi planlaşdırdığı bildirilir. Rusiyanın sadəcə sistemləri iflic etmək üçün deyil, eyni zamanda yaxın gələcəkdə təşkil olunacaq hücumlar üçün kompüterləri "zombi”yə çevirdiyi və həmin hücum zamanı bu kompüterlərdən də istifadə edəcəyi qeyd olunur. Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NTV televiziyasına müsahibəsində ABŞ, Fransa və İngiltərənin Suriyanı vurmasına münasibət bildirib. Baş katib deyib ki, bu əməliyyat Rusiya, Əsəd və İran üçün açıq-aşkar siqnaldır. Rusiyalı politoloqların sözlərinə görə, bu hücum nəinki Suriyada, bütün sahələrdə ABŞ-Rusiya münasibətlərinin sonu deməkdir.
Bölgədəki prosesləri şərh edən politoloq Qabil Hüseynli Suriya böhranının daha mürəkkəb bir məcraya daxil olduğunu bildirib. Ekspertin fikrincə, ABŞ və müttəfiqlərinin Suriyaya hücum taktikası hələ məşq xarakteri daşıyır:
"İndiyə qədər bölgə uğrunda mübarizədə Rusiya, Türkiyə və İranın adı daha qətiyyətlə çəkilirdi. Ancaq indi ABŞ, eləcə də Qərb dövlətləri Rusiya və İranın bölgədəki fəallığını istəmir. Yəni Amerika əvvəlcədən bunu bəyan etmişdi, ancaq öz strategiyasını Suriya üzərində qurmaq istəmirdi. Vaşinqton İran və Rusiyanı sanksiyalarla zəiflətməyi, daha sonra isə öz strateji niyyətlərini yerinə yetirməyi hədəfləyirdi. Hazırda İran, İraq və Suriyaya təsir göstərir. Rusiya da eyni planları həyata keçirir. Türkiyə isə gec də olsa, bu proseslərə daxil olub və bir çox məsələlərdə ruslarla birgə hərəkət etməyə çalışır. Ancaq məsələ heç də Qərb koalisiyasının Suriyaya ilk zərbəsi ilə bitməyəcək. Əgər bölgədə İran və Rusiyanın fəallığı müşahidə edilərsə, ABŞ və NATO Suriyaya müdaxiləsini daha da artıracaq. Üstəlik, İsrail də proseslərə qoşulub və bu, daha effektli olmağa başlayıb. Çünki İsrail NATO dövlətləri olmadan İranın bölgədəki fəallığından və Aralıq dənizinə boylanmasından ehtiyat edərək, Tehranı öz mövqelərinə çəkilməyə vadar etmək niyyətindədir. Artıq ox yaydan çıxıb”.
Politoloq bundan sonra Suriya uğrunda mübarizənin yeni dalğasının başlayacağını deyib:
"NATO ilə Rusiya arasında münasibətlər getdikcə kəskinləşir. Digər tərəfdən, Avropa dövlətlərinin İranla münasibətləri də bundan sonra normal olmayacaq. Yəni gərginlik elementləri artacaq. NATO dövlətlərinin, əsasən də ABŞ-ın strateji niyyətləri sırasında ilk növbədə Rusiyanı bölgədən qovub çıxarmaq durur. Rusiyaya qarşı sanksiyaların yeni dalğası gözlənilir. Bu dalğadan sonra münasibətlər ən pis nöqtəyə çatacaq. Bu isə Suriyada qarşıdurma ilə nəticələnəcək. Qarşıdurmaya ABŞ və Rusiya həvəslə gedəcək. Rusiya siyasi elitası geriləməkdə olan nüfuzunu qaldırmaq üçün müharibə variantına əl atacaq. Çünki NATO-nun son zərbəsindən sonra Rusiyanın deyildiyi qədər güclü olmadığı məlum oldu”.
İsmayıl