Həkim əhaliyə çağırış etdi: "Heç olmasa ildə bir dəfə tibbi müayinədən keçmək lazımdır"

Üzdə yaranan şişkinliyə çox vaxt əhəmiyyət vermirik. Amma şişkinliyin ciddi xəstəlikdən xəbər verən, sağlamlığın təhlükə altında olduğuna işarə edənlər də olur. Ağır fəsadlara səbəb olmasa belə, üzdəki şişkinliklər estetik cəhətdən xoş təsir bağışlamır.
Şişkinliyin müxtəlif səbəblərdən yarandığını deyən həkim Şəmsiyyə Namazlı "Sherg.az”a bildirib ki, burada əsasən qida faktoru mühüm rol oynayır.
Onun sözlərinə görə, üzdəki şişkinliklər qalxanvari vəzlərdə olan problemlərdən də yarana bilir:
"Təəssüf ki, insanlarımız ildə bir dəfə ümumi tibbi müayinələrindən keçmirlər. Belə olan halda həmin şəxslərin probleminin nə olduğunu zamanında bilmək mümkün deyil. İnsanlar illərlə bu müayinələrə biganə yanaşırlar. Hətta elə bir vaxtda gəlirlər ki, kənardan baxanlar belə həmin şəxslərdə ciddi problemlər olduğunu görürlər. Bütün bunlar insanın xarakteri ilə bağlı məsələdir”.
Həkimin sözlərinə görə, üz şişkinliklərinə səbəb olan amillərdən biri də bədəndə yod çatışmazlığıdır:
"Məlumdur ki, istifadə olunan duzların tərkibində nə qədər yod olduğu sual altındadır. Hər gün üz şişkinliyi olan xəstələrlə qarşılaşıram. Elə bir insan yoxdur ki, onların qalxanvəri vəz problemi olmasın. Məsələn, müayinə zamanı 100 nəfər insandan yalnız 10 nəfərində qalxanvari vəz normal vəziyyətdə olur. Qidalanma da sağlamlıq üçün olduqca mühümdür. Təbii ki, gündəlik həyatımızda stresslər olur. Bəzən bu amil də şişkinliklərə və digər xəstəliklərə şərait yaradır. Şüanın da şişkinliyə müəyyən təsiri var. İnsanlar evə daxil olan kimi televizora baxsa da, baxmasa da onu işlək vəziyyətə qoyurlar. Hətta yatanda belə televizor işləyir. Elələri də var ki, telefonu balışlarının altında saxlayırlar. Bu şüalanma insan orqanizmi üçün olduqca təhlükəlidir. Belə hallara yol vermək olmaz”.
Həkim qeyd etdi ki, üz şişkinliklərinə səbəb olan digər məqam böyrəkdə problemlərin olmasıdır:
"Ola bilsin ki, üzdəki sinirlərin zədələnmələri baş verir. Bu zaman da müəyyən şişkinliklər yaranır. İnsanlar zamanında müəyyən mayinələrdən keçsələr, sağlamlıqları ilə bağlı neqativ hallar baş verməz”.
Yeganə Bayramova