“Hələ ki vəziyyətə Kreml nəzarət edir”
Vəfa Quluzadə: “Qarabağın taleyi Rusiya-Qərb qarşıdurmasından asılı olacaq”
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən səslənən çağırışlara baxmayaraq, cəbhə xəttindəki gərginlik səngimək bilmir. Gecə-gündüz atəşkəsi pozan erməni tərəfinin həyata keçirdiyi təxribatçı hücumlar müharibə ehtimalını gücləndirməkdədir.
Düşmənin diversiya hücumlarına adekvat olaraq cavab verilməsi və Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başlaması da vəziyyətin həqiqətən mürəkkəb olduğunu göstərir. Son günlər cəbhədə yaşanan gərgin durumla bağlı "Şərq”in suallarını cavablandıran sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə də bölgədəki vəziyyətin olduqca təhlükəli olduğu fikrindədir.
- Son günlər cəbhə xəttində artan gərginlik hansı səbəblərlə bağlıdır?
- Azərbaycan-Ermənistan arasındakı cəbhə xəttinə nəzarət edən ölkə Rusiyadır. Ermənistan cəbhənin təmas xəttində Kremlin xəbəri və razılığı olmadan özbaşına heç bir gərginlik yarada bilməz. Təbii ki, gərginliyin artmasında Ermənistanın pisləşən daxili siyasi-ictimai vəziyyəti də rol oynayır. Görünür, Ermənistan rəhbərliyi öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq üçün cəbhədə təxribat yaratmaqda maraqlıdır. Hətta ola bilər, ermənilər müharibənin yenidən alovlanmasını da gözə alsınlar. Yəni proseslə bağlı çox mühüm məsələlər var. Amma mən onları sizə açıqlaya bilmərəm.
- Atışmaların artmasından sonra Azərbaycan Ordusu da genişmiqyaslı təlimlərə başlayıb. Qarabağ müharibəsinin yenidən başlama ehtimalı varmı?
- Müharibə ehtimalı həmişə var. Atəşkəs rejimi müharibənin bitməsi demək deyil, sadəcə fasilə kimi bir şeydir. Üstəlik burada Rusiyanın yeritdiyi siyasəti və Qərbin Rusiya ilə qarşıdurmasını da nəzərə almaq lazımdır. Unutmayaq ki, Moskva Azərbaycan vasitəsilə Qərbə zərbə vurmaq imkanına sahibdir və zaman-zaman bu barədə düşünür.
- Həmsədrlərin tez-tez verdikləri bəyanatlar və regiona səfərləri cəbhə xəttindəki gərginliyin nisbətən azalmasına gətirib çıxara bilərmi? Ümumiyyətlə, Minsk Qrupunun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, həmsədrlərin çağırışları və səfərləri əhəmiyyətlidir. Fikrimcə, hadisələrin gedişatına və nə baş verməsinə baxmayaraq, həmsədrlər prosesə obyektiv yanaşacaqlar. Çünki əks yanaşma onlara da sərf etmir.
- ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi məsələsi də müzakirə olunur. "Üçlük”dən ibarət həmsədr komandasının "beşlik”lə əvəzlənməsinə, Almaniya və Türkiyənin də bu prosesə daxil olmasına münasibətiniz necədir?
- Mən bunu nisyə söhbət hesab edirəm. Çünki Ermənistan heç vaxt Türkiyəyə razılıq verməz. Almaniyanın prosesə girməsinə və vasitəçilik etməsinə isə icazə verilə bilər. Amma məsələ burasındadır ki, indiki şəraitdə sülhə inam yoxdur, vəziyyət dondurulub. Belə məqamda vasitəçinin artması və ya dəyişdirilməsi əhəmiyyət kəsb etmir. Almaniya gəlib Amerikanın əvəzinə nəyi həll edəcək ki? Almaniya ABŞ-ın strateji müttəfiqidir, iki dövlətin mövqeyi eynidir. Vasitəçilər əvəzlənməlidir deyənlərin Rusiyanı həmsədrlikdən çıxarmaq imkanı varmı? Əlbəttə ki, yoxdur. Deməli, bunlar boş söhbətlərdir.
- Niyə həmsədrlərin format məsələsi gündəmə gətirilir?
- Format dəyişmək və s. məsələlər camaatın fikrini yayındırmaq, insanları əsas məsələdən uzaqlaşdırmaq üçün ortaya atılmış siyasi oyunlardır.
- Bəs Dağlıq Qarabağ probleminin həlli nədir?
- Hər şey Qərb-Rusiya qarşıdurmasının necə nəticələnəcəyindən asılıdır. Qarşıdurma davam edəcəyi təqdirdə Rusiya çox zəifləyərsə, onda Qarabağ məsələsini həll etmək mümkün olacaq. Yox əgər Rusiyanın aqressiv siyasəti davam edəcəksə, problemin həlli daha da qəlizləşəcək. Kremlin planı göz önündədir. Moskva bütün keçmiş sovet respublikalarını yenidən öz tərkibinə qatmaq istəyir. Ona görə də vəziyyət olduqca gərgindir. Gözləyək, görək nəticəsi necə olacaq.
- Son olaraq, Prezident İlham Əliyevin Münhendə çıxışına münasibətinizi öyrənmək istərdim. Ölkə başçısının Avropanın mərkəzindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi mühüm mesajları necə dəyərləndirirsiz?
- Prezidentin həqiqətləri beynəlxalq tribunadan açıq-aşkar bəyan etməsi müsbət haldır. O, mümkün həqiqətləri deyib, məsələni başqa cür demək təhlükəli ola bilərdi. Gərək orda iştirak edən başqa dövlətlərin rəsmiləri də deyəydilər ki, bu, erməni işğalı deyil, əslində Rusiyanın geosiyasi və geostrateji maraqlarından doğan bir işğaldır. Tamamilə razıyam, vaxtilə Qarabağ məsələsində ədalətli mövqe tutulsaydı, postsovet məkanında bu qədər konfliktlər olmazdı. İlk günlərdən nə Qərb, nə də bizim doğma Türkiyə Qarabağla bağlı heç bir ciddi addım atmadı. Ermənilər belə təsəvvür yaradıb ki, guya, Dağlıq Qarabağ "mübahisəli ərazi”dir. Türkiyə Kəlbəcərə qoşun göndərsəydi, vəziyyət ayrı cür olardı. Fakt budur ki, 20 faiz torpağımız nüvə dövləti olan Rusiya tərəfindən, amma "erməni millətçiləri” adı altında işğal olunub. Qərb Azərbaycan prezidentinin son çağırışlarına biganə qalmamalıdır. Amma sözün düzü, inanmıram ki, hazırda Qərb Qarabağ məsələsi ilə məşğul olmağa tam hazırdır. Qərbin əsas məşğuliyyəti Ukraynadır. Qarabağ isə dondurulmuş bir nöqtədir.
İsmayıl