"Helsinki Komissiyasının dinləmələri erməni lobbisinə növbəti xidmətdir"

Hikmət Babaoğlu: "ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib"
Aydın Mirzəzadə: "Hümanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir. Növbəti dinləmələrin də bundan o tərəfə keçəcəyini gözləməyə dəyməz "



Xəbər verdiyimiz kimi, ABŞ-ın Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Helsinki komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir.

 Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. Smit Azərbaycana qarşı "907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. 

Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb. K.Smit ABŞ-ın "erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. 

ABŞ erməni milli komitəsinin radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, "erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəyib. Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir. Görünür, Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri erməni lobbisinə növbəti xidmətdir. 

Onun sözlərinə görə, Komissiyanın dinləmələr keçirməyi planlaşdırması hər şeydən əvvəl belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır. Ancaq ən azı bu sual qədər dinləmələrin kimin təşəbbüsü ilə keçirilməsi məsələsi də maraqlıdır:

"Məsələ burasındadır ki, ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907–ci düzəlişin qəbul olunmasına nail olan konqresmendir. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hampariyanla görüşməsi və görünür elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir”. 

Millət vəkili deyib ki, Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir. Bu, bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib: 

"Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman Şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirdi. Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək, görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Əgər belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilərlər. Məhz bu mühüm geosiyasi amillə manipulyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxilə edə biləcəkləri kimi şərh edir. Komissiya dolayısı ilə bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir. Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də K.Smitin təşkil edəcəyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa belə döyüşlər tez–tez təkrarlana bilər”.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, "humanitar diqqət” hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir:

"ABŞ-ın Helsinki Komissiyası oktyabrın 18-də "Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu" mövzusunda dinləmələr keçirəcək. Helsinki Komissiyası vaxtaşırı Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarıb. Amma nədənsə məsələnin əsl mahiyyətinə varılmır. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir. Hümanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir. Növbəti dinləmələrin də bundan o tərəfə keçəcəyini gözləməyə dəyməz. 

Xaricdəki erməni diaspor təşkilatları bir qayda olaraq bu və ya digər bəhanə ilə xarici ölkələrdən Ermənistan üçün yardım almağa və yaxud da işğal olunmuş zonaya hüquqi status verməyə çağırırlar. Ancaq ötən dövr göstərir ki, onların bu cəhdlərinin sonu yoxdur. Problem kökündən həll edilməyib. Azərbaycan ərazi bütövlüyü təmin edilməyincə nə Ermənistan sakitlik tapacaq, nə də ki, işğal edilmiş zonada hər hansı bir hüquqi status almaq mümkün olacaq. Azərbaycan gec və ya tez öz torpaqlarına yenidən sahib çıxacaq”.

İsmayıl