Həmsədrlər beynəlxalq hüququ tapdayır

Fransa və ABŞ-ın separatçı-terrorçuya qucaq açması ikili standart siyasətidir


Xəbər verdiyimiz kimi, separatçı rejimin rəhbəri Bako Saakyan Fransaya və ABŞ-a səfər edib. Azərbaycan XİN qanunsuz səfərlərlə bağlı həm Parisə, həm də Vaşinqtona sərt etirazını bildirib. Nazirlik haqlı olaraq Saakyanın ABŞ-a səfərinin bu ölkənin rəsmi mövqeyinə uyğun olmadığını xatırladıb. Vurğulanıb ki, qondarma rejimin nümayəndəsinin Amerika ərazisinə daxil olması, bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Ekspertlər də qondarma rejimin təmsilçisinin həmsədr ölkələr tərəfindən dəvət olunmasını yanlış hesab etmirlər. Analitiklərin firkincə, bu cür addımlara heç bir formada haqq qazandırmaq mümkün deyil.

Məsələni "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri əlavə suallara səbəb olur. Ekspertə görə, hər iki həmsədr dövlətin atdığı addımlar beynəlxalq hüququn normalarına sığmır: 

"Avropa Birliyi və NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla bağlı həmin qurumlar dəfələrlə bəyanatlar veriblər. Eləcə də ATƏT-in Lissabon Sammiti ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. İndi bu qərarlara, xüsusən də BMT-nin dörd qətnaməsinə məhəl qoymayan, separatçılığa qarşı mübarizədən dəm vuran həmsədr ölkələr separatçı qurumun rəhbərliyini öz ərazilərinə buraxırlar. Məqsəd ermənilərin dilənçilik etməsinə, yardım toplamasına şərait yaratmaqdır. Saakyanın Fransaya, daha sonra ABŞ-a səfəri məhz pul dilənmək üçündür. Problem odur ki, dünya nizamının qorunmasına daha çox "qayğı” göstərdiklərini iddia edən dövlətlər gözümüzün qarşısında beynəlxalq hüququ pozurlar. Görünür, Azərbaycan tərəfi bu məsələyə son qoymaq üçün başqa addımlar atmalıdır”.

Politoloq Arzu Nağıyev də bildirib ki, həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir: 

"Bu gün hətta işğal olunan ərazilərdə qanunsuz fəaliyyət göstərən firma və şirkətlərin də çoxu məhz bu dövlətlərə aiddir. İkinci məqam odur ki, bu dövlətlər heç olmasa, Saakyanın səfərlərinin məqsədini də açıqlamırlar. Əgər səfərlərdə münaqişənin həlli üçün hər hansı təsir mexanizmindən və ya digər məsələlərdən söhbət gedirsə, müəyyən aydınlıq gətirmək olardı. Bununla yanaşı, Xarici İşlər Nazirliyinə bu səfərin məram və məqsədi ilə bağlı məlumatlar verilməsi labüd məsələdir. Deməli, ATƏT-in Minsk Qrupu həmişə olduğu kimi öz işini ancaq deklorativ bəyanatlar verməkdə görür”.

İsmayıl