Həmsədrlərin açıqlamasının heç bir mənası yoxdur

Son hadisələrdən sonra Ermənistana ciddi təzyiq göstərilmədi, sanksiyaya məruz qoyulmadı



"Məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır”.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Həmsədr regiona təcili səfər etməklə bağlı planlarının olmadığını söyləyib. Diplomat bildirib ki, həmsədrlər iyun ayında Azərbaycan və Ermənistan Prezidentləri ilə görüşməyə ümid edirlər. Həmsədrlərin açıqlamasını şərh edən bir sıra ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdən sonra Minsk Qrupu və digər beynəlxalq təşkilatlar problemə daha ciddi yanaşmağa başlayıblar. Xatırladaq ki, həmsədrlərin regiona mənasız və nəticəsiz səfərləri ölkə ictimaiyyəti tərəfindən ciddi tənqid olunurdu. Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev bunun sadəcə quru bəyanat olduğunu deyib. Parlamentari bildirib ki, ATƏT-in Minsk Qrupu onillərdir münaqişənin həlli istiqamətində danışıqlara zəmin hazırlayır. Amma ortada ciddi bir şey yoxdur: "Azərbaycan tərəfi qələbənin bir addımlığında Minsk Qrupu üzvlərinin və digər böyük dövlətlərin çağırışlarına hörmətlə yanaşdı və əməliyyatı dayandırdı. Yəni rəsmi Bakı dedi ki, "mən savaşı saxlayıram, buyurun, zəhmət çəkin, dinc vasitələrlə problemi çözün, təbii ki, əgər bacarırsınızsa”. Biz buna etiraz etmədik və xoş məramımızı ortaya qoyduq. Amma ötən müddət ərzində iddia edildiyi kimi konkret addımlar atılmadı. Ermənistana ciddi təzyiq göstərilmədi, sanksiyaya məruz qoyulmadı. İşğal etdiyi ərazilərin boşaldılması üçün düşmən ölkəyə çağırışlar edilmədi. Əgər həqiqətən həmsədrlər tərəfindən verilən bəyanat reallaşarsa, o zaman Minsk Qrupunun işinə müsbət münasibətimizi bildirərik. Ancaq hələlik bu cür bəyanatların heç bir mənası yoxdur”.

İsmayıl