“Hər ailə büdcəsini planlaşdırmalıdır”

Oqtay Haqverdiyev: “Məsələn, mən gündəlik xərcimi yazıram”
“Daha xurma almıram. Onun yerinə kişmiş və daha ucuz bir şey alaraq büdcəmə qənaət edirəm”


Tanınmış iqtisadçı əhaliyə məsləhətlər verdi



Heç kimə sirr deyil ki, manatın ikinci dəfə ucuzlaşmasından sonra Azərbaycanda iqtisadi böhran özünü aydın şəkildə büruzə verdi. Artıq insanlar böhran zamanı necə davranmalı olduqlarına dair tövsiyələrə ciddi ehtiyac duyur. Çünki onlar vəziyyətdən çıxmağın yollarını axtarırlar. Bu məsələləri nəzərə alıb, tanınmış iqtisadçı Oqtay Haqverdiyevlə əlaqə saxladıq. Ekspert "Şərq”ə müsahibəsində qeyd etdi ki, böhran zamanı insanlar israfçılığa yol verməli deyil:

"Baxın, hər ailənin öz büdcəsi var. Amma bu büdcəni planlaşdırmaq lazımdır. Məsələn, mən gündəlik xərcimi yazıram. Ayın axırında toplayıram və görürəm ki, yeməyə-içməyə ailə büdcəmdən 20 faiz xərcləmişəm. Bəzi qida məhsulları var ki, onları almasam keçinə bilərəm. Misal üçün, xurma almıram. Onun yerinə kişmiş və daha ucuz bir şey alaraq büdcəmə qənaət edirəm. Hər kəs öz ailə büdcəsini planlaşdırmalıdır. Giriş-çıxışı hesablamalıdır. Ağıllı ailələr bədxərclik etmirlər. Lakin elə ailələr də var ki, aldığı maaşın hamısını birdəfəlik xərcləyir. Sonra isə ondan-bundan borc almağa başlayır. Pul xərcləmək də mədəniyyətin bir növüdür.

- Cəmiyyətdə narazılıq doğuran məsələlərdən biri də budur ki, mağazalarda məhsulun üstünə yazılan qiymətlə kassada tələb olunan qiymət uzlaşmır. Yəni məhsulun üstünə qiyməti aşağı yazsalar da, kassada daha yüksək qiymət tələb edirlər. Bu nə dərəcədə doğrudur?

- Bizdə insanların öz hüquqlarını müdafiə etmək ənənəsi hələ də formalaşmayıb. Belə hallarla rastlaşan şəxslər mağaza rəhbərinə bildirməlidir. Məsələn, deməlidir ki, məhsulun üzərinə 1.25 qəpik yazmısınız, amma kassa 1.50 qəpik çıxır. Tələb etmək lazımdır ki, bu mal doğrudan da 1.50 qəpikdirsə, üzərinə 1.50 yazılsın, niyə 1.25 yazılır. Bu işlə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar departamenti maraqlanmalıdır. Onlar bu işlərlə məşğul olmalıdırlar. Şikayət etmək lazımdır. Sovet vaxtı belə özbaşınalıqlara görə, cinayət məcələssində maddə vardı. Satıcılar və mağaza rəhbərləri qanunsuz əməllərinə görə, həbsə alınırdı. Əlbəttə, aidiyyəti qurumlara şikayətlər olunmalıdır. İnsanlar hüquqlarının müdafiəsinə qalxmalıdırlar. Başqa formada mübarizə aparmaq mümkünsüzdür. Yalnız əlaqədar orqanlara şikayət edib, problemi diqqətlərinə çatdırmaq lazımdır.

- Çörəklə bağlı da narazılıqlar yaradan hallar yaşanır. Məsələn, əvvəllər çörəyin qiymətini saxlamaqla çəkisini azaltmışdılar. Lakin indi həm çəkisini azaldırlar, həm də qiyməti bahalaşdırırlar. Buna münasibətiniz necədi?

- Belə yol gedənlər insanlıqlarını itiriblər. Vəziyyətdən istifadə edərək at oynadırlar. Əfsuslar olsun ki, nəzarət mexanizmi işləmir. Belə məsələlər yoxlanılmalıdır. Çörək istehsal edənin insafı olmalıdır. Çəkisini azaltmaqdansa, qiymətini niyə artırırsan ki? Bu artıq 3 dəfə bahalaşma deməkdir. İnsaf dinin yarısıdır. İnsafı olmayan adama qarşı mübarizə aparmaq üçün faktları toplayıb aidiyyəti qurumlara müraciət etmək lazımdır.

- Dollarla kredit götürənlərin də aqibəti də son günlərin müzakirə mövzusudur. Mərkəzi Bankın artan faizləri qarşılaması təklifi nə yerdə qaldı? Bu işdə bir yenilik varmı?

- Hələ ki müzakirələr gedir. Qərar yoxdur. Naxçıvan variantı da ləğv olundu. Ümumi respublika üzrə qərar qəbul olunmalıdı. Orada da variant var. Ya bəzi ölkələrdə olduğu kimi kreditin qaytarılma müddəti uzadılmalı, ya götürüldüyü məzənnə ilə qaytarılmalı, ya da silinməli və ödəyici əsas borcunu qaytarmalıdır. Variantlar çoxdur. İndi hökumət bunu müzakirə edir. Görək hansı qərarı qəbul edəcəklər.

- Bu gün (dünən) neftin qiyməti bir qədər də ucuzlaşdı. Sizcə, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri nə qədərdir?

- Əlbəttə, təsiri böyükdür. İqtisadiyyatın daha da inkişaf etməsi üçün neftə alternativ ixrac məhsulu hazırlanmalı idi. Azərbaycanda qəbul edilmiş 17 dövlət proqramı var ki, onların məzmununda qeyri-neft sektorunun inkişafı dayanır. Regionların sosial inkişafı, yoxsulluğun azalması və. s buna oxşar proqramlar var ki, onların əsasında iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlər dayanır. Amma məsələ burasındadır ki, həmin proqramlarda elm və innovativ tutumlu sahələrin inkişaf etdirilməsi ilə bağlı qərarları həmin proqramlarda görmürük. Əgər gələcəkdə neftə alternativ ixrac məhsulu hazırlamaq istəyiriksə, bu sahələrin inkişafına nail olmalıyıq. Bilirsiniz, pomidor emalı ilə dünya bazarına çıxmaq mümkün deyil.

Ayyət Əhməd