“Hər bir media orqanının öz informasiya siyasəti var”

Cahangir Məmmədli: “Düşünmürəm ki, kriminal hadisələrin artması medianın bu barədə çox yazması ilə bağlıdır”


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli ilə söhbətimizdə onun beynəlxalq hesabatlarda ölkəmiz haqqında səsləndirilən ittihamlar, müasir mətbuatımızın durumu, fikir və söz azadlığı, məmur-jurnalist münasibətləri, jurnalist peşəkarlığı, ixtisaslaşma, o cümlədən də medianın müxtəlif sahələrilə bağlı fikirlərini öyrəndik.

(Əvvəli ötən sayımızda)

- Jurnalistlər ən çox dezinformasiya yaymaqda, müharibə şəraitində olmağımıza baxmayaraq bəzən hərbi mövzuda lazım olmayan məqamlara toxunmaqda ittiham olunur. Sizin bu məsələyə yanaşmanız necədir?

- Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Hər an müharibə təhlükəsi ilə üzbəüz qalan ölkələrdə isə jurnalistlərin öz təhlükəsizliyi, milli ordusu, cəbhə xətti ilə bağlı yalan və qərəzli informasiyalar yayması birmənalı olaraq anti-Azərbaycan siyasətidir. Bu cür jurnalistlərin vətəndaşlıq təəssübkeşliyindən danışmağa belə dəyməz. Avqust ayında cəbhə xəttində yaranan gərginlik zamanı bəzi media orqanları elə məlumatlar yaydılar ki, həmin jurnalistin azərbaycanlı olması məndə şübhə doğurdu. Atışmaların şiddətləndiyi vaxtlarda "ANS”in əməkdaşları Ləman Əşrəfqızı və Mirşahin Ağayev bir gündə iki maraqlı reportaj verdilər. Həmin verilişlərin hər ikisində ordu, cəbhə xətti ilə bağlı yalan informasiyalar yazan jurnalistlərə qarşı lazımi ittihamlar səsləndirildi. Hətta reportajlarında belə bir ciddi və problemli məsələni qaldırdıqları üçün "525-ci qəzet” vasitəsilə hər iki müəllifə öz təşəkkürlərimi ifadə etdim. Faktiki olaraq, həmin ekstremal vəziyyətdə bəzi mətbuat orqanları üzüağ çıxa bilmədiyi üçün bu məsələ sonradan da xeyli müddət müzakirə predmeti olaraq qaldı. Tənqid və ittihamlardan sonra müəyyən qədər səngimələr olsa da, hələ də yalan yayan jurnalistlərimiz var. Biz fakültədə tələbələrə də ilk növbədə onu aşılayırıq ki, ordu müqəddəsdir. Hər bir jurnalistin yaydığı məlumat azərbaycançılıq ideologiyasına əsaslanmalıdır.

- Kriminal xarakterli cinayətlərin təbliğ olunması ilə bağlı da medianı qınayanlar var. Bu barədə nə düşünürsünüz?

- Bu məsələ kifayət qədər mübahisəli məsələdir. Cəmiyyətə nəyi aşılayırsan, ondan nümunə götürür. Düşünmürəm ki, kriminal hadisələrin artması medianın bu barədə çox yazması ilə bağlıdır. Jurnalistikanın vəzifəsi maarifləndirməkdir. Mətbuat da bu hadisələri yaymaqla insanları pis vərdişlərdən əl çəkməyə çağırır. Şəxsən mən kriminal hadisələrin efirə çıxmamasının tərəfdarı deyiləm. Ölkədə baş verən xoşagəlməz hadisələrlə bağlı cəmiyyəti məlumatlandırmaq və insanları baş verənlərdən nəticə çıxarmağa səsləmək vacibdir. Hər bir media orqanı özünün informasiya siyasətindən çıxış edir. Oxucular, tamaşaçılar bu cür xəbərlərə meylli olduğu üçün media da reklam bazarında özünə yer tutmaq və reytinq yığmaq üçün kriminal xəbərlərə üstünlük verir. Amma prinsip etibarı ilə bəzi məlumatları verməmək olar. Ötən dəfə telekanallardan biri onu döydüyü üçün atasını öldürən oğlanı efirdə göstərdi. Oğlan deyir: "Atam məni erməni kimi döydüyü üçün onu öldürdüm”. Yaxud da ölünün qızıl dişlərini çıxarmaq üçün qəbirin qazılması kimi hadisələrin işıqlandırılmasını düzgün saymıram. Çünki bu cür məlumatlar Azərbaycan xalqının aşağılanmasına xidmət edir. Amma ümumilikdə kriminal tipli məlumatların media vasitəsilə işıqlandırılması zəruridir.

- Ümumiyyətlə, mətbuatda etik normalara doğru əməl olunurmu?

- Azərbaycan jurnalistikasında peşə etikası xeyli vaxtdır ki, tətbiq olunmağa başlayıb. Belə ki, müxtəlif kitablar buraxılıb, jurnalistika fakültəsi müəllimlərinin kitablarında peşə etikası ilə bağlı problemlər qoyulub və nəzəri-praktik cəhətdən xeyli dərəcədə öz həllini tapıb. Azərbaycan mətbuatı dünya təcrübəsinə söykənir. Bütün bunlarla bərabər Azərbaycan jurnalistikasında peşə etikası ilə bağlı ciddi problemlər var. Belə ki, etik normaları bilməyə çalışmayan, dünya təcrübəsinə söykənmək istəməyən jurnalistlər var ki, sözün mənfi mənasında sərbəst hərəkət edirlər, nəticədə də peşə etikası pozulur. Peşə etikası normaları beynəlxalq aləmdə o qədər önəmli şəkil alıb ki, bunu "KİV haqqında” qanuna da əlavə etməyə başlayıblar. Dəqiqlik, qərəzsizlik, tərəfsizlik, obyektivlik, vicdanlılıq və s. qaydalar bir neçə il bundan əvvələ qədər yalnız peşə etikasına aid idisə, indi "KİV haqqında” qanunlara da əlavə olunmağa başlayıb”. Peşə etikasına əməl etmək xeyli dərəcədə çətindir, çünki bu, vicdan işidir. Hər kəsin də vicdanı dediyimiz bu prinsipləri qəbul etmək gücündə deyil. Qəzetlərimiz bəzən populyarlıq xətrinə təhqirə də, böhtana da gedirlər. Bu baxımdan peşə etikasına əməl etməyən qəzetlərimiz çoxdur. Fikrimcə, müəyyən müddət keçəndən, demokratik dəyərləri tam qəbul edəndən sonra peşə etikasına əməl etməyən qəzetlərə əhəmiyyət verilməyəcək. Yalan danışan, böhtan atan, sensasiya xətrinə işləyən qəzetlər bir neçə il oxunur, sonra isə onların oxucusu olmur.

Onu da deyim ki, televiziya ilə müqayisədə qəzetlərdə etik normaları pozmaq daha asandır, çünki onlara nəzarət zəifdir. Hətta hakimiyyətin yuxarı eşalonunda da qəzetlərdəki etik kodeks pozuntularına o qədər də əhəmiyyət vermirlər ki, jurnalistlər keçid dövrü yaşayır, nə yazırlar, yazsınlar. Jurnalistlər də bundan sui-istifadə etdiyi üçün etik normaların pozulduğu məqamlar saysız-hesabsızdır. Elə qəzetlər var ki, bir nömrəsindən 15 materiala görə onu məhkəməyə vermək olar.

- Bəzən də jurnalistlərin etik prinsiplərə əməl etməməsinə səbəb kimi qeyri-ixtisas sahiblərinin bu peşəyə axını göstərilir. Siz necə düşünürsünüz?

- Müəyyən mənada bu fikirlərdə həqiqət var. Doğrudan da bu gün mətbuatda çalışan, lakin ixtisasca jurnalist olmayan yazarların sayı həddindən artıq çoxdur. Əksəriyyəti isə nə etik, nə də hüquqi normaları bilir. Çünki peşə etikası Jurnalistika fakültəsində tədris olunur. Qeyri-ixtisas sahibləri uzaqbaşı, bir aylıq kurslara getmiş olar. Bəzən kurs rəhbərləri reklam məqsədi ilə yayırlar ki, bizim bir aya verdiyimiz biliyə, jurnalistika fakültəsində 4-6 ildə belə sahiblənmək mümkün deyil. Bu, absurd bir yanaşmadır. 4 il ərzində fakültədə təkcə jurnalistikaya aid dərslər keçirilmir ki? Dünyanı dərk etmək üçün elmlərin vəhdəti deyilən bir anlayış var ki, biz tələbələrimizə bunu aşılayırıq. Peşə kodeksini öyrədirik. Bunları bilməyən jurnalist üçün böhtan, şər yazmaq adi şeydir. Əslində onları qınamaq da olmaz. Onlar jurnalistikanın prinsiplərindən xəbərsiz olduğu üçün nə gəldi yazırlar.

Amma "niyə jurnalist həkim işləyə bilmir, həkim jurnalist işləyir” kimi yanlış arqumentləri də doğru hesab etmirəm. Çünki jurnalistika bir az fərqli peşədir. Jurnalistikanın əsas məramı cəmiyyətə informasiya ötürməkdir. Azərbaycan qanunvericiliyi də imkan verir ki, 18 yaşı tamam olan hər bir vətəndaş mətbu orqan çap edə bilər.

Təbii ki, qeyri-ixtisas sahibi olan jurnalistlər arasında da kifayət qədər istedadı olanlar da var. Ancaq bu o demək deyil ki, jurnalist ixtisası olmadan da jurnalist olmaq olar. Dediyim kimi, sadəcə, istisnalar var. Onlar xüsusi istedadlardır. Bu mənada jurnalistikada çalışan insanların ixtisas sahibi olmalarının tərəfdarıyam.

- Jurnalistlərin ixtisaslaşması ilə bağlı fikirləriniz necədir?

- Jurnalistika təhsilində ixtisaslaşma mütləq lazımdır. Əvvəllər var idi, amma son zamanlar nədənsə bu məsələ diqqətdən kənarda qalıb. Təhsildə vacib olsa da, jurnalist əsasən iş yerində ixtisaslaşır. Jurnalistlərin ixtisaslaşması baxımından "525-ci qəzet” və "Şərq” qəzeti xüsusilə fərqlənir.

- Cəmiyyətdə televiziyaların fəaliyyətindən narazılıq var. Parlamentin iclaslarında da bir neçə dəfə televiziyalar tənqid olunub. Ziyalılar, müxalifət partiyaları dəfələrlə telekanallardan narazılıq edib. Bu sahədə əsas problem nədir?

- Bütün çatışmazlıqlar və problemlərin kökü reklam bazarından qaynaqlanır. Azərbaycanda reklam bazarı həddindən artıq zəifdir. Ona görə də bazar uğrunda televiziyalar arasında çox ciddi mübarizə gedir. Şou tipli verilişlər olmayanda, həmin kanal reklam bazarı uğrunda mübarizəyə qatıla bilmir. Telejurnalistikanın fəaliyyəti tamamilə müstəqil olduğu üçün onların efir proqramına müdaxilə mümkün deyil. Televiziyaların özlərində vətəndaşlıq hissi olmalıdır, təkcə qanunlara söykənməklə problemləri həll etmək olmur. Kommersiya kanallarından biz ancaq nəyisə uma bilərik. Onların fəaliyyətinə müdaxilə etmək imkanlarımız yoxdur. Amma dövlət büdcəsindən maliyyələşən telekanallar qarşısında hansısa tələb qaldırmağa ixtiyarımız var. Bu gün nə AzTV-də, nə də İTV-də şou xarakterli proqramlar yer ala bilməz, çünki nəzarət var. Onların funksiyası maarifçilikdir.

- Mətbuatda reklam bazarının inkişafı necə tənzimlənməlidir?

- Azərbaycanda reklam bazarı ölkəmizin istehsal sahələri artdıqca qaydasına düşəcək. Özgələrinin istehsal etdiyi məhsulları reklam etdiyimiz müddətdə reklam bazarımız kasad olacaq. Kənd təsərrüfatı sahəsində inkişaf artıq başlayıb və ümid edirəm ki, yaxın gələcəkdə biz artıq bu inkişafın bəhrəsini görəcəyik. Sözsüz ki, bu inkişaf da reklam bazarına öz töhfəsini verəcək.

Qəzetlərin reklam bazarına girə bilməməsinin bir səbəbi mətbuat orqanlarının sayca həddindən artıq çox olmasıdır. Əgər hazırda Azərbaycanda bu qədər yox, 30 qəzet olsaydı, reklam bazarına girmələri də asanlaşardı, onların maliyyə qaynaqları reklamdan gələrdi, özləri özlərini təmin edərdilər. Satışları normal olardı. Amma indi hərə bir qəzet buraxır. 1990-cı illərin sonlarında Azərbaycanda reklam bazarı yüksək səviyyədə idi. Çünki o dövrün qəzetləri indiki qəzetlərdən "abırlı” idi. Bu gün reklam bazarına girmək üçün dəridən-qabıqdan çıxan qəzetlər var. Ancaq onların cəhdləri uğursuz alınır, axı Azərbaycanda reklam bazarının özü zəifdir. İqtisadi cəhətdən hər nə qədər inkişaf olsa da, bazarda öz məhsullarımızın satışı çox az olduğu üçün reklam bazarı da zəifdir. Reklam bazarının tənzimlənməsi üçün ictimai-siyasi təsir gücünə sahib 10-15 qəzet birləşərək holdinqlər yaratmalıdır. Bu gün bizim media nümayəndələri bu birlikdən qaçsa da, sonda qəzetlər mütləq birləşməlidir.

- Məmur-jurnalist münasibətlərinin həllinə necə nail olmaq olar?

- Bu münasibətlərin yaxşı olmamasının əsas səbəbkarı elə biz özümüzük. Bizim jurnalistlər birbaşa nazirlə, idarə rəhbəri ilə görüşmək istəyir. Halbuki əksər böyük qurumlarda mətbuat xidmətləri fəaliyyət göstərir. Jurnalistin də məqsədi informasiya almaqdırsa, elə mətbuat katibi ilə əlaqə saxlasın. Təbii ki, istənilən halda məmurun da, mətbuat katibinin də qapısı hər zaman KİV-in üzünə açıq olmalıdır. Razıyam ki, bizim məmurlar mətbuata qapalıdır. Bunun da əsas səbəbi asılılıqla bağlıdır. Hər bir məmur öz rəhbərindən ehtiyat edir ki, dediklərim onu qane etməz. Bəzən də jurnalistlərin müraciət etdiyi məmurun öz fikirlərini ifadə etmək qabiliyyəti olmadığı üçün KİV-dən qaçırlar.

- Jurnalistikaya qəbulla bağlı qabiliyyət imtahanının bərpasından sonra fakültədə müsbətə doğru hansı dəyişikliklər hiss olunur?

- Bütün hallarda jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanlarının olması zəruridir. Amma mənə elə gəlir ki, TQDK-da bu məsələ bir az tələsik işlənib. Çünki qabiliyyət imtahanının bərpası faktiki olaraq effekt vermədi. İmtahan prosesində abituriyentlərdən çox yüksək meyarlar tələb olunur. Onlara elə gəlir ki, abituriyentlər jurnalist peşəsinə yiyələnmiş peşəkarlar kimi yazmalıdır. Bütün bunlar da çox az sayda abituriyentin jurnalistikaya qəbulu ilə nəticələndi. Hesab edirəm ki, TQDK bu məsələ ətrafında çox ciddi düşünməlidir. Proqram elə hazırlanmalıdır ki, qabiliyyət imtahanı zamanı jurnalistikaya düşə bilməyən abituriyentlər digər ixtisaslara qəbul ola bilsinlər.

Şəymən Aşırlı

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb