Hər gün 3 milyon bareldən artıq neft istehsal olunur
İqtisadçı bildirir ki, neftin qiymətinin ucuzlaşmasının səbəblərindən biri Amerikada gedən proseslərdi
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Qlobal bazarda xam neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə enib. "AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,46 dollar ucuzlaşaraq 49,79 dollar təşkil edir.
Görəsən, ekspertlər neftin qiymətinin azalması ilə bağlı nə düşünür? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bu hal 2016-cı ilin noyabr ayından sonra neftin qiymətində ən aşağı həddir: "Son iki gündür birdən-birə neftin ucuzlaşmasını müşahidə edirik. Bundan sonra neftin qiymətinin nisbətən artacağı gözlənilir.
Məsələ bundadır ki, prosesə səbəb Amerika Birləşmiş Ştatlarındakı neft quyularında baş verən hadisələrdir. Mayın 3-də, axşam ABŞ Enerji Administrasiyası Amerikada neft ehtiyatları ilə bağlı özünün həftəlik proqnozunu açıqladı. Bundan öncə, həftənin əvvəlində analitiklər hesab edirdilər ki, Amerikanın neft ehtiyatları 2,3 milyon barel azalacaq. Bu azalma isə neftin qiymətinin artımına gətirib çıxaracaq. Əgər neft ehtiyatı azalıbsa, deməli, neftə tələbat artacaq. Azalma haqqında rəqəm açıqlananda məlum oldu ki, neft ehtiyatlarının azalma həcmi cəmi 930 min bareldir. Yəni faktiki olaraq proqnozlaşdırılandan 2,5 dəfə az. Bu o deməkdir ki, sonrakı günlər artıq Amerika neft idxalını azaldacaq. Amerikaya gələn idxal həcmləri digər bazarlara yönələcək və o bazarlarda rəqabət güclənəcək. Bu proses isə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Ona görə treyderlər (əmtəə alverçiləri) qısa müddətdə neftin qiymətini minimuma endirdilər”.
İqtisadçı-ekspert Natiq Cəfərli də ucuzlaşma yönündə gözləntilərin olduğunu bildirib. Onun sözlərinə görə, noyabr ayında OPEK ölkələri və OPEK-dən kənar ölkələr hasilatın azalması ilə bağlı bir anlaşmaya getdilər və ümid edirdilər ki, hasilatın gündəlik 1.2 milyon barel azalması neft qiymətlərinə kəskin təsir göstərəcək və qiymətlər yuxarı qalxacaq:
"Doğrudan da sözlü müdaxilələr nəticəsində bazarda müəyyən ajiotajın yaradılması nəticəsində belə də oldu, anlaşmanın təsiri altında neftin qiyməti maksimal həddə, yəni 58 dollara qədər qalxdı. Amma bu anlaşmanın da bir neçə zəif cəhəti var idi. Bu zəif cəhətlərdən biri o idi ki, Liviya, Nigeriya və İran bu anlaşmaya şərtlə qoşulmuşdu. İndi məlum olur ki, hər 3 ölkədə hasilatın templəri artıb, yəni daha çox temp hasil olunmağa başlayıb. Əsasən də Liviyada anlaşma olan zaman cəmi 500 min barel gündəlik hasilat var idi, bu gün 800 min barelə qədər qalxıb, hətta bu ilin ortalarına qədər, 1.5 milyon barelə, yəni əvvəlki qaydaya qədər qalxmağı gözlənilir. Bu isə anlaşmanı mənasız edir. Yəni başqa ölkələrin azaltdığı hasilatı digər ölkələr tamamlayır”.
N.Cəfərli həmçinin bildirib ki, neftin qiymətinin ucuzlaşması səbəblərindən biri Amerikada gedən proseslərdi. Amerikada qiymətlər qalxan kimi dərin qatlarda olan slans neftinin hasilatının rentabelliyi artdı və 16 həftə dalbadal neft quyularının və buruqlarının sayı artmağa başladı:
"Son 6 ayda neft buruqlarının sayı az qala 2 dəfə artıb. 97 faizlik bir artım var. Amerikada hasilat 8 milyon 760 min barelə düşmüşdü, indi isə 9.3 milyon barelə qalxıb. Son həftələrdə və yaxın gələcəkdə 10 milyon barelə qədər artması gözlənilir. Amerikada baş verən proseslər və digər neft ölkələrində hasilatın artırılması OPEK anlaşmasının təsirlərini azaltmağa başladı və bazar oyunçuları da anladılar ki, hətta bu anlaşma ilin sonuna qədər 6 aylıq anlaşma idi. İlin sonuna qədər olsa belə, digər ölkələrdə baş verən proseslər neft qiymətlərinə daha ciddi təsir edir. OPEK anlaşmasının mahiyyəti hasilatı azaltmaq yolu ilə qiyməti qaldırmaq idi. İndi məlum olur ki, OPEK ölkələrində hasilatın azalması digər ölkələr, o cümlədən Amerika tərəfindən kompensasiya olunur. 3 gün bundan öncə daha maraqlı məlumat dərc edildi ki, Kanadada keçən ilin sonunda bu ilin əvvəllərində ciddi yanğınlar baş vermişdi. Neft sahələrində təqribən 60-a yaxın quyu yararsız hala düşmüşdü. İndi isə həmin quyular bərpa olunub və Kanadada gündəlik neft hasilatı kəskin artıb. İlin sonuna qədər Kanadada hasilatın əlavə olaraq 500 min barel artması gözlənilir. Bütün bu gözləntilər neft qiymətlərinə mənfi təsir göstərdi və neftin qiymətləri psixoloji hədd olan 50 dollardan aşağı düşdü. Ən maraqlısı odur ki, əvvəllər 55-60 dollarlıq kalidorda olan neft indi 45-50 dollarlıq kalidordadı. Bu çox vacibdir, çünki əgər qiymətlər 45-50 dollar civarında sabitləşsə, artıq son 6 ayda ilk dəfə olaraq qiymət kalidoru dəyişmiş olacaq. Bu isə onu göstərir ki, yay aylarında, əsasən də payızın əvvəllərində yenidən qiymətin kəskin enməsinin şahidi ola bilərik. Çünki neft hasilatı digər ölkələrdə - Kanadada, Liviyada, Meksikada, İranda artdıqca, dünyadan neftə olan tələbatla neftin hasilatı arasında balans böyüməyə başlayacaq”.
İqtisadçı qeyd edib ki, bu gün dünyada 96 milyon barelə yaxın gündəlik neft hasil olunur, amma dünyanın neftə tələbatı 93 milyon bareldir. Yəni, hər gün təqribən 3 milyon artıq neft hasil olunur ki, bu da qiymətlərə neqativ təsir göstərir”.
Yeganə Bayramova