Hər kəs obyektiv və səmimi olmur

Siyasətçinin memuar yazmasının zərərli və xeyirli tərəfləri var





Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər feysbuk səhifəsində 1989-1990-cı illər hadisələri və Azərbaycan Xalq Cəbhəsinin Konfransları ilə bağlı xatirələrini yazıb. İsa Qəmbərin sözügedən dövrlə bağlı xatirələri bir sıra saytlarda da dərc olunub. Silsilə yazıların reaksiya doğurduğunu görən İsa Qəmbər memuar yazmaq fikrində olmadığını bildirib.

Onun sözlərinə görə, sadəcə feysbukun verdiyi imkanlardan yararlanaraq, yaddaşında qalan önəmli olayları qələmə almaqla məşğuldur: "Mənim üçün önəmli olan günləri, hadisələri status şəklində qeyd etmək qərarına gəldim və janrın tələbinə uyğun olaraq yadımda olan hadisələri mümkün qədər qısa yazmağa çalışıram. Yoxsa yaddaşımda həkk olunan bir çox hadisə ayrıca kitaba yetəcək qədər mürəkkəbdir. Yazmaqla bitməz. Əgər yazdıqlarım kimin üçünsə yenilikdirsə, çox əla! Kiminsə yaddaşını təzələyirəmsə, bu da gözəl! Hər zaman dediyim kimi, tarixini bilməyən xalq, amneziya xəstəliyinə düçar olmuş insan kimi onun-bunun əlində oyuncağa çevrilə bilər. Odur ki, tariximizi yazaq, öyrənək, müzakirə edək”. Əksəriyyət hesab edir ki, uzun yol qət etmiş tanınmış siyasətçilərin mühüm hadisələr haqqında memuar qələmə alması yaxşı haldır. Xüsusən, tarixin şanlı-şərəfli olaylarına şahidlik etmiş liderlərin həmin dövrlə bağlı xatirələrini kağıza köçürməsi olduqca müsbət dəyərləndirilir.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov da müəyyən tarixi dövrlərin iştirakçıları olmuş şəxslərin memuar yazmasını müsbət qarşılayıb.

 Siyasətçinin sözlərinə görə, memuarlar həm şəxsin keçdiyi yol və fəaliyyəti haqqında, həm də iştirak etdiyi tarixi hadisələr barədə müfəssəl bilgilər almaq baxımından əvəzolunmaz məxəz sayıla bilər: 

"Amma memuar yazarkən heç də hər kəs obyektiv və səmimi olmaya bilər. Çünki nəzərə almaq lazımdır ki, bu tipli yazılarda subyektiv baxışlar da mövcud olur ki, bu da tarixi hadisələrin sonradan təhrif edilməsinə yol açır. Mən də onun tərəfdarıyam ki, çağdaş tariximizin ən şərəfli dövrlərini əhatə edən hadisələr qələmə alınsın. Onun iştirakçıları olan "canlı tarixlərimiz” özləri ilə bu tarixin sirlərini aparmasınlar. Ömür insana bir dəfə verilir. Arzu edərdim ki, həmin şəxslərə Allah uzün ömür, can sağlığı bəxş etsin ki, onlar da yaxın tariximizə işıq tutulmasına yardımçı ola bilsinlər. Fikrimcə, bu tipli məqalələrin, memuarların zərərli və xeyirli tərəfləri var. Təəssüf ki, bəzən uğursuzluqlara heç kəs yiyə durmur və qərəzli yanaşma cəmiyyətə ötürülür. Bu da gənc nəsil arasında çaşqınlıq yaradır. Hər adam obyektiv və səmimi memuar yaza bilmir”.

AMİP funksioneri milli azadlıq hərəkatının liderlərindən olan Etibar Məmmədovun öz xatirələrini yazmaq niyyətinin olub-olmamasına belə münasibət bildirib: 

"Etibar Məmmədovun iştirakçısı və yaradıcısı olduğu tarixi hadisələrlə bağlı silsilə məqalələr qələmə almaq fikrinin olub-olmaması barədə məlumatım yoxdur. Onun əvəzinə nəsə deyə bilmərəm. Amma tarix yaradanlar ayrı olur, tarix yazanlar ayrı. Etibar Məmmədov isə birincilərə aiddir. Yəni tarix yaradanlardandır”.


İsmayıl