Hər yüz evdən, ən azı 50-si qeydiyyata alınacaq
Ekspertlər sənədsiz evlərlə bağlı tədbirlərin davamlı olacağına ümid edirlər
Ölkəmizdə ciddi problemlərdən biri də sənədsiz mənzillərdir. Heç kəsə sirr deyil ki, sözügedən problemlə bağlı əziyyət çəkən insanların sayı kifayət qədərdir. Bu günə qədər sənədsiz evlərin qeydiyyata alınması məsələsinin həlli istiqamətində dəfələrlə müzakirələr aparılmasına rəğmən ortada heç bir real nəticə yox idi. Prezidentin vermiş olduğu fərman isə paytaxtda sənədsiz evlərin qeydiyyatı ilə bağlı problem yaşayan minlərlə ailəni sevindirib.
Bir o qədər də insanı şübhəyə salıb. Belə ki, Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.
Yeni fərmanda nəzərdə tutulub ki, qeydiyyatsız evlər sənədləşdiriləcək. Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov ki, bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyib.
Maraqlıdır, fərman illərdir müzakirə mövzusu olan problemin nəhayət həllini tapmasına kömək edə biləcəkmi?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: "Bu məsələ artıq həllini tapmalıdır. Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var.
Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.
İqtisadçı-ekspert Rövşən Ağayev isə deyib ki, bu fərman magistral infrastruktur xətləri (dəmir yolu, su-kanalizasiya xətləri, qaz və elektrik xətləri) üzərində inşa olunan və neft torpaqlarında tikilən evlərin sənədləşdirilməsini istisna edir. Çünki Fərmanın 2-ci bəndində bu qadağa açıq şəkildə göstərilir: "Aparılan araşdırmalar göstərir ki, bu qəbildən olan evlər sənədsiz mənzillərin yarısından da azdı. Yəni əgər, indiki mərhələdə mülkiyyət sənədi olmayan hər 100 evdən ən azı 50-si üçün bu imkan yaranıbsa, başlanğıc üçün çox yaxşıdı. İndi Bakı, Abşeron, Sumqayıtda minlərlə ev hər hansı magistral xətt üzərində, neft ərazisində olmasa da, onların sənədləşdirilməsi mümkün deyildi. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün çox məhdud (cəmi 3-4) sənəd müəyyən etmişdi. İndi siyahı tam müəyyən edilib. Məsələn, 1992-ci ilin yanvarın 1-dək yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydlərinin hüquqi əsas sayılması üçün bir çox hallarda vətəndaşlar məhkəmələrdə sürünməli olurdu. İndi bu tip sənədləri Reyestr Xidməti sözsüz qəbul etməlidir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb:
"Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib.
Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət
2004-cü ildə qəbul olunan "Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
Sovetlər dövründə verilən sənədlər "Reyestr haqqında” qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə Bakı şəhərində 2004-cü ildən 2014-cü ilə kimi tikilən evlərin fərmanda şamil edilən evlərdən daha çox olduğunu deyib: "Belə sənədsiz evlərin sayı 500 minə yaxındır. Söhbət bu sayda evlərdən getdiyi üçün güman olunur ki, həmin evlərin qeydiyyata alınması və çıxarışların verilməsi ilə bağlı ayrıca fərman olmalıdır. Yalnız belə bir fərmandan sonra 2004-2014-cü il arasında tikilən evlər də sənədləşə bilər”.
V.Bayramov əlavə edib ki, 2004-cü ildən sonra tikilən evlər qanunun tələblərinə uyğun olaraq inşa edilməyib: "Ona görə də hələlik mövcud qanunvericilik o evlərin sənədləşməsinə şamil olunmayıb. Məhz 2004-cü ildən sonra qanunsuz və qeydiyyatsız olaraq inşa edilən evlərin taleyi hələ ki, qaranlıqdır. Həmin evlərin qeydiyyatı ilə bağlı hüquqi baza yoxdur. Bu evlərin qeydiyyatı və həmin evlərə "kupça”ların verilməsi ayrıca bir qanunvericilik aktı tələb edir. "Dövlət Reyestri Haqqında” qanuna görə, 2004-cü ildən sonra tikilən evlər əslində, qeydiyyatsız və qanunsuzdur. Onlar inşa edilərkən yerli icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmayıb”.
Ekspertin fikrincə prezident İlham Əliyevin sənədsiz evlərlə bağlı verdiyi fərmanın davamlı olacağına ümid etmək olar: "Artıq qeydiyyatsız evlərin qeydiyyata alınması prosesi dövlət başçısının diqqətində olan məsələdir. Hətta prezident müşavirədə də bu məsələyə toxunub. Güman olunur ki, digər evlərin də taleyi qısa zamanda həll olunacaq”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da sənədsiz evlərlə bağlı prezident fərmanının davamlı olacağını hesab edir: "Prezidentin fərmanı sənədsiz evlərlə bağlı vətəndaşların üzləşdikləri problemləri qismən də olsa həll elədi. Müxtəlif ərazilərdə tikilən evlər vardı ki, torpağın sənədləri var, amma sənədləşdirmə zamanı müəyyən problemlər ortaya çıxırdı. Onminlərlə insan məhz bu sahədə çətinliklə üzləşirdi. İndi həmin insanların problemləri birdəfəlik həll olunacaq. Amma sözsüz ki, prezidentin sərəncamı bütünlükdə qanunsuz tikililərə şamil olunmayacaq. Burada narahatlıq doğuran əsas məsələ isə bələdiyyələr tərəfindən verilmiş sənədlərin nəzərə alınmamasından ibarətdir: "Hesab edirəm ki, prezidentin sənədsiz evlərin qanuniləşdirilməsi ilə bağlı müvafiq sərəncamında bələdiyyə sənədləri də əsas götürülməli idi. Amma çox təəssüf ki, bu cür evlər istisna olaraq qeyd olunub. Bununla belə gələcəkdə bu problemin həll olunması ilə bağlı müvafiq addımlar atılacağını düşünürəm”.
Şəymən