"Heydər Əliyevin Naxçıvana rəhbərliyə gəlməsi dövlətçiliyimizin dönüş nöqtəsidir" - Deputat



"Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsi siyasi tariximizin çox mühüm səhifələrindən biridir”.

Bu barədə "Sherg.az”a Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O diqqətə çatdırıb ki, bu, Azərbaycan dövlətçiliyinin dönüş nöqtəsi hesab ediləcək tarixi hadisədir:

"Həmin illərdə Azərbaycan dövlətçiliyi təşkilatlanma, idarəetmə böhranı yaşayırdı, torpaqlarımız işğal edilirdi. Həmçinin, Naxçıvanın da digər ərazilərimiz kimi işğal edilməsi, erməni vəhşiliyinə məruz qalması təhlükəsi böyük idi. Belə məqamda Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi proseslərdə dönüş yaratdı. İqtisadi və siyasi blokada içərisində yaşayan Naxçıvan üçün yeni mərhələ başladı.

Həmin illərdə Naxçıvanın Azərbaycanla bütün kommunikasiya imkanları kəsilmişdi. Muxtar respublikanın enerji, iqtisadi, maddi təchizatı sıfıra bərabər idi. Üstəlik o dövrdə Azərbaycana rəhbərlik edən qüvvələr siyasi baxımdan Naxçıvanı diqqətdən kənarda saxlayırdı. Mərkəzi icra hakimiyyəti kimi rəsmi Bakı bu problemlərin həllinə təşəbbüs göstərmirdi. Belə çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev sədr seçilməklə Naxçıvan kimi geostrateji, tarixi əhəmiyyətli ərazimizi xilas etdi. Qeyd etdiyim kimi, bu həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilas olunması demək idi”.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, böyük dövlət xadimi Ali Məclisin sədri seçildikdən sonra Türkiyə, İran və digər qonşu dövlətlərlə münasibətləri tənzimləməyə başladı:

"Heydər Əliyev dövlətçilik ənənələrini bərpa etməklə bütövlükdə xalqda Azərbaycanın müstəqil dövlətçiliyinə inam yaratdı. Sonrakı mərhələdə ümummilli liderin siyasi hakimiyyətə böyük qayıdışı Azərbaycan dövlətçiliyinin müstəqil olub-olmaması dilemmasını həll etdi. Xalqın təkidi ilə ulu öndərin Azərbaycan hakimiyyətinə qayıtması xalqın tarixində yeni tarixi mərhələ başlatdı. Bütün bunlar Naxçıvandan başladı. Ona görə, Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri seçilməsi Azərbaycan dövlətçilik tarixində, xalqın yaddaşında mühüm hadisə kimi qaldı. Biz şükranla ulu öndərimizi anırıq”.

Qeyd edək ki, 27 il öncə, yəni 1991-ci ilin sentyabrın 3-də ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr seçilib. Məhz həmin dövrdən etibarən Naxçıvanın və ölkənin ictimai-siyasi həyatında Azərbaycanın müqəddəratını həll edəcək mühüm hadisələr baş verib. Bu baxımdan sözügedən hadisə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi olay kimi dəyərləndirilir.

Aysel Aslan