"Himnimizin musiqisi üzərində ayrıca sözlər yazmışam" -Xalq şairi





"Rafael Hüseynov dövlətçilik tariximizi dərin bilən ziyalıdır. O, təsadüfi təklif irəli sürməz”.

Bunu "Sherg.az”a millət vəkili Rafael Hüseynovun "gerb” sözünün "herb” şəklində yazılması və Azərbaycan Dövlət Himninin sözlərinin dəyişdirilməsi barədə təkliflərinə münasibət bildirərkən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib. 

Onun sözlərinə görə, başqa dillərdən alınan sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması baxımından müəyyən dəyişiklik edilə bilər:

"Azərbaycan dilində olan alınma sözlər dilin qanunlarına uyğunlaşıb. "Gerb” sözünün yazılışını müəyyən etmək üçün, ilk əvvəl buna oxşar digər sözlərin dildə necə ifadə olunduğunu dəqiqləşdirmək lazımdır. Bundan sonra müvafiq dəyişikliklər edilə bilər. Vaxtilə Azərbaycanın Dövlət Gerbinin qəbul olunması müzakirə ediləndə, bir neçə dəfə təkrar səsvermə keçirildi. Çünki dövlət atributları Azərbaycanın tarixi ənənələrini, əsrlərlə formalaşan dəyərlərini, simvollarını ifadə edir. Bu məsələlər diqqətli yanaşma tələb edir".

Dövlət Himninin sözlərinin dəyişdirilməsinə gəlincə, S. Rüstəmxanlı hesab edir ki, dövlət atributları ilə bağlı mühafizəkarlığı qorumaq lazımdır:

"Dövlət Himninin sözlərinin və ya musiqisinin dəyişdirilməsi üçün gecdir. Azərbaycan xalqı oxuduğu bu vətənpərvərlik marşına artıq alışıb. Ola bilər, çox xırda dəyişiklik edilsin.

Azərbaycanın yeni müstəqillik qazandığı illərdə parlamentdə dövlət atributları müzakirə olunarkən, dövlət himnimizin musiqisinin saxlanmasını, yeni sözlərin yazılmasını təklif edirdik. 

Mən özüm də, himnimizin musiqisi üzərində ayrıca sözlər yazmışam. Təəssüf ki, bu təklif müzakirə olunmadı. Himnimiz, gerbimiz və bayrağımız əvvəlki variantında saxlandı”.

Aysel Aslan