Hökumət ilin sonuna yaxın manatla bağlı qərarlar verə bilər

“O şərtlə ki, neftin qiyməti indiki səviyyədə qalsın”



Rus rublunun dəyərdən düşməsi Azərbaycan manatının qiymətinin enməsi təhlükəsini yaradıb. Bu iddialar cəmiyyətdə əməlli-başlı ajiotaja səbəb olub. Bəziləri manatın yaxın zamanlarda devalvasiyaya uğrayacağından ehtiyatlanaraq əllərindəki milli valyutanı ABŞ dollarına dəyişirlər.

Sözügedən tendensiyanın artan xətt üzrə inkişafı müşahidə olunur. Əksər iqtisadçı ekspertlər də bu halı istisna etmir. Manatın qiymətdən düşməsi haqda ictimaiyyətdə yer alan iddiaları dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu ilin sonuna yaxın manat yumşaq devalvasiyaya məruz qala bilər. Amma kəskin ucuzlaşmanın şahidi olmayacağıq. Onun sözlərinə görə, valyutamızın kursunun illərdir sabit qalması neft amili ilə əlaqədardır: "Azərbaycan illərdir neft ixrac edir. Səviyyə balansı da müsbət karqo ilə qapadılırdı. Son 10 ildə həmişə belə olub. Bu da neftin həcmi və qiymətinin yüksəkliyi ilə izah olunurdu. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və prosesin uzunmüddətli hal alması Azərbaycan manatına basqıları artıra bilər. Azərbaycanın səviyyə balansında problem yaranarsa, manatın kursunu indiki səviyyədə saxlamaq mümkünsüz olacaq. Bununla yanaşı düşünmürəm ki, milli valyutamız rubl kimi qısa müddət ərzində və kəskin şəkildə dəyərsizləşsin. Bu hələ ki gözlənilmir. Çünki Mərkəzi Bankın (MB) kifayət qədər rezervləri mövcuddur. İlin sonuna yaxın neftin qiyməti aşağı səviyyədə qalsa, MB manatın devalvasiyasına qərar verə bilər”.

Ekspertin qənaətincə, manatın baha olması heç də həmişə yaxşı hal deyil: "Azərbaycan iqtisadiyyatında uzun illərdir manatın bahalı qalması Azərbaycanın qeyri-neft sektorunun inkişafını xeyli dərəcədə ləngidib. Ölkəmizin xarici ticarət dövriyyəsinin 95 faizə yaxınını neft, neft məhsulları və qaz təşkil edir. Yalnız 5 faiz qeyri-neft sektorunun payına düşür. Bu da manatın həddən artıq baha olması ilə əlaqədardır. Belə məsələləri nəzərə alaraq hökumət ilin sonuna yaxın manatla bağlı qərarlar verə bilər. O şərtlə ki, neftin qiyməti indiki səviyyədə qalsın”.

Ayyət Əhməd