Hündürlükdə şəkil çəkdirmək istədi, yıxılıb öldü

“Natamamlıq kompleksini kompensasiya etmək üçün insanlar öz həyatlarını riskə atırlar”




"60-70 yaşlı adamlar elə şəkillər çəkdirib paylaşır ki, 20 yaşlı bir gənc o addımı atmağa risk eləməz”


Türkiyədə 8 uşaq atasının selfi çəkmək istəyərkən tarixi qaladan yıxılaraq ölməsinin yeni görüntüləri yayılıb. Hadisə Şanlıurfada baş verib.

39 yaşlı Xəlil Dağ doğum günü münasibətilə tarixi qalada özçəkim etmək istəyib. Lakin müvazinətini itirərək 40 metr hündürlükdən yıxılıb. Xəstəxanaya çatdırılan Xəlilin həyatını xilas etmək mümkün olmayıb.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, natamamlıq kompleksi yaşayan insanlar öz qorxularını yenmək istəyəndə bu hallar baş verir: 

"Alfred Adlerin təbirincə desək, natamamlıq kompleksini kompensasiya etmək üçün insanlar öz həyatlarını riskə atırlar. Bir qismi də fərqlənmək üçün belə edir. Tamam başqa səbəblərdən bu addımı atan insanlara da rast gəlinir. Yəni birmənalı qiymət vermək çətindir”.

Psixoloq təhlükəli ərazilərdə şəkil çəkdirən, selfie edən insanlara daha ehtiyatlı olmalarını tövsiyə edir: "Məhz bu işlə məşğul olan insanlar üçün xüsusi yerlər olur və onlar təhlükəsizlik qaydalarını bilirlər. Ekstremal vəziyyəti xoşlayan insanların toplaşdığı cəmiyyətlərə üzv olurlar. Sadəcə anlıq həvəs üçün bu addımı atanlar isə naşı olur deyə, bir çox hallarda onların bu həvəsi həyatlarına son qoyur. Yaxşı olar ki, adrenalini daha risksiz metodlarla qazanasan”.

E.Rüstəmovun sözlərinə görə, bu cür hallarda intihar faktoru da araşdırılmalıdır.

"Bəzən intihar bədbəxt hadisə, bədbəxt hadisə isə intihar kimi qələmə verilir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə dəqiq araşdırma aparmalıdır”.

Psixoloq hesab edir ki, hündür binaların üstündə, dağlıq ərazilərdə şəkil çəkdirmək daha çox gənclərin hobbisi olsa da, nisbətən yaşlı nəsil arasında da bu cür adrenalin həvəskarları az deyil: "Burada yaş faktorundan daha çox insanların temperamenti və xarakteri böyük rol oynayır. İstər Azərbaycanda, istərsə də xaricdə 60-70 yaşlı adamlar elə şəkillər çəkdirib paylaşır ki, 20 yaşlı bir gənc o addımı atmağa risk eləməz”.

Şəymən