I Bakı Türkoloji Qurultayı Azərbaycan mətbuatında

Akif Aşırlı
(Əvvəli ötən sayımızda)
1926-cı il fevralın 26-dan martın 6-dək davam edən I Bakı Türkolojin Qurultayının 90 ili tamam olur. Müstəqil Azərbaycan dövlətini tarixi irs və varislik prinsipləri üzərində inkişaf etdirən Prezident İlham Əliyev bu qurultayın tarixi əhəmiyyətini nəzərə alaraq sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkənin elm, təhsil, mədəniyyət ocaqlarında silsilə tədbirlər, elmi-praktik konfransların keçirilməsi planlaşdırılıb. I Bakı Türkoloji Qurultayın Azərbaycan jurnalistikası tarixində də böyük əhəmiyyəti var. Latın əsaslı yeni türk əlifbasına keçid, ədəbi dilin formalaşması, çap nəşriyyat işinin Avropa standartlarına uyğunlaşdırılması və terminologiyadan istifadə qaydaları, ortaq türkcənin yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin müzakirəsi və qurultayın qərarları jurnalistikanın inkişafına böyük töhfələr verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə və digər türk cümhuriyyətlərinin alimləri müxtəlif istiqamətdə elmi tədqiqat aparıb, monoqrafiya və kitablar nəşr etsələr də, Azərbaycan mətbuatının bu sahədəki fəaliyyəti araşdırılmayıb. Qurultayın stenoqramları rusca tərtib edildiyindən, türk dilinin müxtəlif qruplarında oxunan məruzələr stenoqrafik hesabatlardan kənarda saxlanılıb. Dünyanın məşhur türkoloqlarının, dilçilərinin Azərbaycan mətbuatına verdikləri müsahibələr, təəssüratlar qurultay barədə daha geniş faktların əldə olunmasına yardım edir.
Qeyd edək ki, ruscadan tərcümə olunan stenoqrafik hesabatlarla məruzəçilərin mətbuatda çap olunan məruzələri arasında fərqliliklər mövcuddur. Bütün bunları nəzərə alıb I Bakı Türkoloji Qurultayı barədə Azərbaycan mətbuatındakı yazıları sistemli şəkildə oxuculara və türkoloqlara çatdırırıq.
                                                                          Türkoloji qurultay münasibətiylə
Şuralar İttifaqı türkoloqların qurultayını çağırmaq fikri ilk dəfə Leninqradda doğdu və qurultayın çağırılması üçün ən münasib bir məzkur şəhər hesab olundu. Çünki Leninqrad o zaman ümumiyyətlə, şərqiyyat və xüsusən Rusiya türkolojinin mərkəzi idi və hazırda da eyni mövqeyi tutur. Maddi qüvvə azlığından qurultay çağırılmadı. Sonra elmi şərqiyyat cəmiyyəti şuralar ittifaqının paytaxtı olmaq üzrə Moskvada böylə bir qurultay çağırmaq fikrinə düşdü. Fəqət, yenə də maddi qüvvə yoxluğundan qeyri-müəyyən vaxt qədər təxirə etməyə məcbur oldu. Hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır. Sabiq Rusiyada pək az şəhər var ki, Bakı kimi inqilabdan sonra iqtisadi, mədəni əhəmiyyəti əvvəlkindən daha ziyadə artmış olsun. Bu hadisənin səbəblərindən bəhs etməklə bərabər danmaq olmaz ki, əksər əhalisi türk olan sair, cümhuriyyətlərin həpsinə nisbətdə Azərbaycan Cümhuriyyəti və onun paytaxtı olan Bakı şəhəri darülfünun həyatı və ümumiyyətlə elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdu. Digər tərəfdən, coğrafi mövqeyinə görə də Bakı Moskvaya Leninqraddan, istərsə Krımdan, Tatarıstandan, Türkmənistandan və s. başqa cümhuriyyətlərdən gələnlər üçün eyni dərəcədə əlverişlidir.
Bir çox sair səbəblərlə bərabər bu səbəblərə görə də, mən arzu edirəm ki, Bakıda Türkoloji qurultay çağırmaq fikri sözdən həyata keçsin.
Akademik Bartold
Türkoloji qurultay bizə nə verə bilər?
Son illər Azərbaycanda yeniliyə, elmi bilgiyə böyük meyl və həvəs yaranmışdır. Fəqət, böylə bilgi onun nə kitablarında var idi, nə də tarixində. Bizdə şura qurulmuşdur və onun ruhunun amansız tənqidləri möhkəmləndikcə, türklərin son dərəcədə geridə qalmış olmalarını göstərən elmlərin həpsi aşkara çıxarılmışdır. Bu elmlərlə tanış olduqda, ixtiyar bir sual ərz oluyor: Doğrudan da yeni həyatımızı ən yaxşı əsaslar üzrə qurmaq üçün və sinfi cəhətdən təmizlənmiş millətlər qardaşlığı mənasında milli təyin müqəddəratın ali şəklinin mədəni əsası üçün bu qədər geriliyini rəf etmək olurmu?
Azərbaycan həyatındakı böylə əməllərdən birisi də dil məsələsidir. Dilimiz elmi biliyi ilə əsaslara ibtida deyildir və hökumət idarəsi qanun qoymaq üçün xidmət edə bilməkdə acizdir. Burası heç də təəccüblü deyildir. Çünki milli dil millətin tarixi inkişafı, dövləti, həyatı, dini və qanundarlıq, milli ticarət və sənaye, məhkəmə, məktəb və sairə kibi istehsal qüvvələrinin milli inkişafı gedişində tərəqqi edir. Bunların heç birisi Azərbaycanda olmamışdı. Ancaq bir xanlıq dövrü keçmişdir ki, bu dövrdə milli və vəhdət (birlik) ola biləməz. Xanlıq dövründən azərbaycanlılar öz qüvvələri ilə çıxmışlardır. Bəlkə də rus çarizmi xanlıqları türklərin rifahı üçün deyil, müstəmləkəçilik məqsədilə ləğv etmişdir. Eyni zamanda xanlıq dövründə türklər yazılı ədəbiyyatda fars və ərəb dilləri işlədirdilər. Azərbaycanda milli tərəqqi Rusiya inqilabından xüsusən, proletar inqilabı qələbəsinin tələbi üzrə məhkum millətlərin təyini müqəddərat hüquqi əsasıyla qurulan şura üsulundan bəri başlayır. Rusiya inqilabına qədər Azərbaycan türkləri bütün ruhani iddialarını, fəaliyyətlərini, ədəbiyyat nümunələrini Türkiyədən və qism İrandan alırlardır. Bunlar isə son dərəcə islamçılığa dalmışlardır. Bu surətlə məzkur millətlərin dilləri hiss və fikrin bütün sahəsindən irəli aparılmamışdır. Məsələn, "Quran” və sair müqəddəs kitablar ərəb dilində yazılmışdır və hələ imdiyə qədər türklər və farslardan bir kəs çılğınca etiqad etdiyi Tanrısına öz dilində, ana dilində ibadət etməmişdir. Onların bütün qanunları ərəb dilində yazılmış, şəriət üzrə qurulmuşdur. Bunların müstəqil bir əsası, əhəmiyyəti olmadığından ümumiyyətlə öylə böyük bəla deyildir.
Ən böyük bəla orasındadır ki, əsrimizin elmi-fəlsəfi fikri və texniki inkişafında türklər ilə iranlıların iştirakı heç bir dərəcəsindədir. İstehsal geriliyi ilə məşrut olan, elmi gerilik bu millətlərin, xüsusən türklərin tərəqqisinə sövi-təsir etməyə bilməzdi. Türk yazısına hər dürlü qayidə nizam xaricində olaraq pək çox fars, ərəb və yunan sözləri dolmuşdur. Eyni zamanda məzkur kəlmələr öz sərf-nəhvi qaydələrini baqi saxlamışlardır. Bunun nəticəsində ana dili ilə rabitəsi qırılmış və elmi fikir ifadəsi üçün kamil olmayan bir dil hasil olmuşdur.
Digər tərəfdən ərəb əlifbasının fonetik cəhətdən türk dilinə müvafiq gəlmədiyini əlavə edərsək, türk xalqlarının maarif işlərinin nə qədər müşkül bir vəziyyətdə bulunduğu aşkar olar.
Avropa elm mədəniyyətindən ayıran hasillər məhv edildiyindən sonra məzkur xalqların həyat və məfkurəsinə çoxlu Avropa məfhumu, istilah, təsvir, mühakimə və s. daxil olaraq onların dilində eyni bəyan və ifadəsi tələb olunur. İndi bir məsələ ərz olunur. Bunların həpsi necə olmalıdır? Bu işlər bu vaxta qədər Azərbaycanda olduğu kimi heç də tənqid edilmədən tarixin gedişinəmi buraxılmalı? Bu qısa keçirdiyimiz tarixi keçid dövründə bizim müdaxiləmiz lazımdır? Bu vaxta qədər Azərbaycanda hər kəs öz mülahizəsinə görə yeni istilahları müvafiq bir ərəb kəlməsi ilə ifadə edir və türkcəyə tərcümə edilmiş hesab ediyordu. Bu sualın həqiqinə ən müvafiq olan təmiri caizsə dilimizin inqilabi bir surətdə böyüyərək əsasına canlı xalq dili qonulmasına kibi ən məhsuldar üsul ilə icra edilməlidirmi?
Əlbəttə, dil, yazı və sair kimi elmi məsələlər türkoloji qurultayda ancaq elmi surətdə işıqlandırılacaqdır. Zata, elmi bir qurultaydan bu qədər tələb etmək olur və bizə bu lazımdır.
Fəqət türk ölkələrindən birisində ilk dəfə türkoloji qurultayın çağrılmasının bu vaxta qədər öz mədəniyyətləri ilə yaxın əlaqələr məsələlərini müştərək halında iştirak etməyən, yaxud pək az iştirak edən millətlər üçün böyük tarixi və mədəni əhəmiyyəti vardır. Qurultayı Avropa millətləri ilə bu vaxta qədər məcrid bir halda yaşayan millətlərin elm xadimləri ailəsində elmi mədəni əməkdaşlığın birinci özülünü qoyacaqdır.
Biz azərbaycanlılar müsafirlərimizi ürəkdən və səmimiyyətlə qarşılayacağız.
Ağamalıoğlu
"Kommunist” qəzeti
1926- cı il № 256 (1550)
Türkoloji qurultayı
Birinci Ümumittifaq türkoloji qurultayı bu gün Bakıda açılacaqdır. Qurultayın müzakirə edəcəyi məsələlərin ən başlıcasının yeni əlifba məsələsi olacağına şübhə olamaz. Məlum olduğu üzrə təxmini türk millətlərinin həpsi Şərqi-Sibir türklərindən başqa öz yazıları üçün ərəb əlifbasından istifadə etməkdədirlər.
Türklər ərəb əlifbasına bəzi hərfləri dəxi əlavə etmişlərsə də, onlar türk dilinin tələblərini ödəməyirlər. Çünki türklərin dili tamamilə başqa bir əsas üzrə qurulmuşdur.
Ərəb əlifbası ilə türk dili arasındakı uyğunsuzluq indi deyil, çox zamanlardan biri görülmüşdür və ərəb əlifbası əvəzinə latın əlifbasının qəbul məsələsi çox zamanlardan bəri meydana atılmışdır.
İstanbulda bu məsələ ilə 20-22 sənə əvvəl belə uğraşanlar, olmuşdur. Fəqət Əbdülhəmidin və onun üsul idarəsinin qorxunc olması, bu xüsusda bir içdamında bulunmaq imkanı kimsəyə verilməmişdir.
Yeni əlifba məsələsi Azərbaycanın Şuralar hökuməti üçün elmi deyil, bəlkə inqilabi bir məsələ kibi durur.
Latın hürufatı ərəb əlifbasına qədər asan və müvafiqdirsə də, ona qarşı müxalif olanlar dəxi vardır. Məlum olduğu üzrə, yeni əlifba müxaliflərinin çoxusu Tatarıstandandır. Bütün böyük professorlar, yeni əlifba tərəfdarları olduqları halda Anadoluda dəxi yeni əlifbanın müxalifləri vardır.
Latın əlifbasının müxalifləri, ərəb əlifbasının islah edilməsini təklif edərək, öz nöqteyi-nəzərlərini bununla isbat edirlər:
1) Türklər ərəb əlifbasına artıq adət etmişlər və onun dəyişilməsi fəna nəticələr verə bilər (Hər bir əskinqilabçı firqəsinin təbliğatıdır).
2) Bütün islam aləmində qəbul edilmiş olan ərəb əlifbası türkləri ümum islam aləmi ilə əlaqədar edir. Latın əlifbası qəbul edilirsə, "Quran” məsələsi nə cür olsun?
Bu iki sübutu yaxından təqdim edəcək olursaq, onların əsassız olduğunu görəriz.
Onlar bunu qeyd edirlər ki, türklər öz əlifbalarını indi təqribi üçüncü dəfədir ki, dəyişirlər.
Ərəb əlifbası, islam dini ilə bərabər türklər arasına soxulmuşdur. O da ki, latın əlifbası əleyhindəki sübutların tarixi nəzərindən bir əhəmiyyəti olamaz.
Bunu dəxi qeyd etməli ki, Məhəmmədin zamanında "Quran” başqa bir yazı ilə yazılmışdı. İndiki ərəb əlifbası isə Məhəmmədin vəfatından sonra ərəb üləmalarından birisi tərəfindən təklif və qəbul edilmişdi.
Demək latın əlifbası müxaliflərinin dindar müsəlmanları "Quran”ın latın əlifbası ilə yazılacağı ilə qorxutmalarının əsası yoxdur. Çünki "Quran” Məhəmməd zamanında olan əlifba ilə yazılmışdır.
Şərq ilə olan əlaqə məsələsinin arxasında isə ittihadi-islam fikirləri gizlənməkdədir, həqiqətən də böylədir. Latın əlifbasını qəbul etsək guya İran, Əfqanıstan və başqaları bizə qarşı arxa çevirərlər.
Nə qədər gülünc bir fikir. Bunun nə qədər gülünc olduğunu görmək üçün Türkiyə Cümhuriyyətinə baxmaq və onun xilafəti hanki bir əzm və inad ilə ləğv etdiyini və ruhanilərlə apardığı mübarizəni xatırlamaq kafidir.
Biz isə məzlumlara vuruşanacan, onun işçi və kəndlilər ölkəsi olduğundan sonra bu kibi təhminlərə heç bir surətdə diqqət yetirməməliyik. Türkoloji qurultay yeni əlifba məsələsini bitərəfanə surətdə müzakirə edən zaman onu təqdir edəcəksiniz.
M.D.Hüseynov
"Yeni fikir” qəzeti
25 fevral 1926- cı il №1025
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb