İctimai Palatanın yaradılmasının zamanı yetişib

Tahir Kərimli Fazil Mustafanın təklifini bəyənir Tahir Kərimli Fazil Mustafanın təklifini bəyənir
“Görkəmli şəxslərin dövlət idarəçiliyində iştirakı yürüdülən siyasətə müsbət töhfəsini verər”






Prezident seçkisindən sonra bir sıra dövlət qurumlarının rəhbərləri dəyişdirildi və əsaslı kadr islahatlarına start verildi. İctimaiyyət nümayəndələrinə görə, yeni təyin olunan kadrların əksəriyyətinin kimliyi, yeniliyə açıq olması, parlament təcrübəsinə sahib olması olduqca müsbət haldır. Bütün bunlar yeni komandanın ümidverici iş əmsalından xəbər verir. Bununla yanaşı, cəmiyyətlə daha açıq təmasda olan bir hökumət modelinin yaradılması da təklif olunur. 

Məsələn, millət vəkili Fazil Mustafa hesab edir ki, hökuməti faydalı ideyalarla qidalandırmaq üçün ölkə prezidentinin yanında İctimai Palatanın yaradılmasının vaxtı yetişib. Onun sözlərinə görə, buraya tərif söyləmək üçün deyil, ölkənin gələcəyi üçün məsuliyyətli davranan və müxtəlif sferaları təmsil edən düşüncə adamlarının cəlb olunması müsbət nəticə verər.

Millət vəkili Tahir Kərimli də "Şərq”ə açıqlamasında həmkarı Fazil Mustafanın təklifini bəyənib. Vurğulayıb ki, Rusiyada, Ukraynada, Türkiyədə və Qazaxıstanda İctimai Palatalar fəaliyyət göstərir:

"Ümumiyyətlə, dünyanın bir çox ölkələrində ictimai nəzarət funksiyasını həyata keçirən qurumlar mövcuddur. Müəyyən fərqlərə rəğmən, qurumların missiyası eynidir və çox ciddi təşkil olunub. Həmin palatalara rəhbər və üzvlər birbaşa dövlət başçısı tərəfindən təyin edilir. 

Üzvlər arasında görkəmli alimlər, ziyalılar, tanınmış ictimai xadimlər yer alır. Bildiyimə görə, cənab Prezident də öz çıxışlarında bu məsələyə dəfələrlə toxunub. Bir neçə il əvvəl ictimai palatanın yaradılması daha aktual idi. 

Amma daha sonra yaddan çıxdı. Məncə, Fazil bəy, haqlıdır. İctimai Palatanın qurulması, xüsusən dövlət tərəfindən maliyyələşməsi bir çox problemlərin həllinə fayda verə bilər. Dəfələrlə şahidi olmuşam ki, bir sıra ölkənin tanınmış ziyalıları, dövlət xadimləri çəkinmədən öz fikirlərini, hətta rəhbərdən fərqli düşüncələrini prezidentlərin diqqətinə çatdırırlar. Məsələn, Rusiyada bu ənənə çoxdan formalaşıb”.

Deputat bildirib ki, İctimai Palata istənilən effekti verməsə belə müəyyən məsələləri çözmək imkanına sahib olacaq: "Görkəmli şəxslərin dövlət idarəçiliyində iştirakı yürüdülən siyasətə müsbət töhfəsini verər. Tarix boyu bu cür üsullardan istifadə edilib. Qədim zamanlardan dövlət başçıları öz yanlarında aqil insanlar, ağsaqqal məsləhətçilər saxlayıblar və onların fikirlərindən faydalanıblar. Hesab edirəm ki, bu metod indi də faydalı olar”.

İsmayıl