İddialar əsassızdır

Nazarbayevin xarizması və nüfuzu Putini narahat edir





Qazaxıstan prezidenti Nursultan Nazarbayev Moskvanı ölkəsinin Avrasiya İqtisadi Birliyindən (AİB) imtinası ilə hədələyib. Ölkə lideri bu barədə rəsmi Kremlə ultimatum da verib. "Qazaxıstanın maraqlarına toxunulacağı halda rəsmi Astana AİB-dən imtina etmək hüququnu özündə saxlayacaq. Təhlükəsizlik və müstəqilliyimizi təhdid edəcək heç bir birliyin tərkibində olmayacağıq.

Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Bu müstəqilliyi heç kimə təslim etməyəcəyik. Onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”. N.Nazarbayevin bəyanatı AİB ortaya atmaqla postsovet məkanına yeni imperiya nəfəsi gətirmək istəyən Rusiya lideri Vladimir Putinin hiddətinə səbəb olub. Buna sərt reaksiya verən Moskva lideri N.Nazarbayevi "qeyri-qanuni” ərazidə dövlət yaratmaqda ittiham edib. Bildirib ki, Nazarbayev əvvəllər dövlət olmayan bir ərazidə dövlət qurub. Bir sözlə, Nazarbayevin AİB-dən çıxması barədə mesajından sonra Qazaxıstan və Rusiya arasındakı münasibətlər kəskin soyuqlaşıb. Soyuqlaşmanın səbəblərini şərh edən, politoloq Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bunun bir neçə tərəfi var. Ekspertin sözlərinə görə, N.Nazarbayevin xarizması və nüfuzu Putini narahat edir: "Qazaxıstan prezidentinin özünü Türk dünyasının liderlərindən biri kimi aparması Rusiyanın xoşuna gəlmir. Digər tərəfdən, rəsmi Astananın Türk dövlətləri ilə yaxınlığı və mütəmadi olaraq onların maraqlarını ifadə etməsi, Putini qıcıqlandırır. Bu baxımdan hesab edirəm ki, Nazarbayev arqumentləşdirilmiş fikirlər irəli sürüb”. Putinin "Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb” fikrinə gəlincə, ekspert qeyd edib ki, bu, tamamilə əsassızdır: "Söhbət bu gün Qazaxıstan adlanan dövlətdən getmir. Məsələ hazırkı Rusiyanın öz ərazilərində belə mövcud olmuş nəhəng imperiyalardan gedir. Rusiyanın mövcud ərazilərinə daxil olan və əhəmiyyətli hissəsini təşkil edən dövlətlər böyük türk dövlətləri olub. Söhbət konkret olaraq rusların yaşadığı arealdan gedirsə, indiki halda Rusiya həmin ərazidə müharibə aparır. Belə olan təqdirdə bu iddiaların heç bir əsası yoxdur. Putinin açıqlaması, təkcə Nazarbayevə deyil, bütün Türk dünyasına meydan oxumaqdır. Belə aqressiv siyasətin son nəticəsi özünə qarşı çevriləcək. Putin SSRİ-ni bərpa etmək, Rusiyada milli əhval-ruhiyyəni gücləndirmək və öz reytinqini qaldırmaq niyyətini güdür. Amma bu ambisiyaların heç bir nəticəsi olmayacaq”.

Ölkələr arasındakı gərginliyin Nazarbayevin "Ermənistan AİB - Dağlıq Qarabağsız qatıla bilər” fikrinə görə baş verməsi iddiasına gəlincə, E.Mirzəbəyli deyib ki, bu, doğru yanaşma deyil: "Qazaxıstanın münaqişə barədə mövqeyi bəllidir. Bu ölkə beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Həmin görüşdə bu sual Ermənistan prezidentinə ünvanlananda Putin sərt reaksiya vermədi. Bu ona işarə idi ki, Nazarbayevin açıqlaması öncədən Moskva ilə razılaşdırılmışdı. Ona görə də soyuqlaşmanın Dağlıq Qarabağla əlaqədar olmasını düşünmürəm. Münasibətlərdəki gərginlik MDB məkanında liderlik ambisiyaları ilə bağlıdir.

Ayyət Əhməd