İfşa edə bilmirik: “Bizə məlumatlar gəlir ki, şadlıq evləri, restoranlar var ki, ancaq murdar ətlərlə işləyirlər"





Son dövrlər regionlardan Bakı şəhərinə satış üçün gətirilən mənşəyi məlum olmayan, qida üçün yararsız ətlərin aşkarlanması davam etdirilir. Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində rayon sakini Namiq Ağayev 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Xaçmaz və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, inzibati yollarla bu problemin birdəfəlik həllinə nail olmaq mümkün olmayacaq. Əgər hansısa problemi inzibati metodlarla yoluna qoymaq mümkün olsaydı, o zaman dünyanın hər bir nöqtəsində təcrübədən çıxmış ictimai nəzarətə bu qədər ehtiyac duyulmazdı. Qarşılıqlı əməkdaşlıq fonunda bu problemi yerindəcə həll etmək olar. Ölkə Prezidentinin ictimai nəzarətə verdiyi önəm və hər çıxışında bu məsələyə toxunması da bir daha göstərir ki, ancaq bu yolla nəyəsə nail olmaq olar. Amma çox təəssüflər olsun ki, sahibkarlar dövlət tərəfindən onlara yaradılan toxunulmazlıq şəraitindən istifadə edirlər. Son zamanlarda sahibkarlardan narazı istehlakçıların sayı kəskin şəkildə artıb. Faktiki olaraq, sahibkarlar mənim VÖEN-im məni qoruyur siyasəti yeridirlər. Bu isə birmənalı olaraq, anormallıqdır. Heç də 10 milyonluq bir xalqın maraqlarını 5000 adama həvalə etmək olmaz. Çoxluğun azlığa tabe olması heç bir kitabda yazılmayıb. Hesab edirəm ki, mövcud durumun aradan qaldırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyyətləri artırılmalı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə əlavə xidmətlər verilməli və bu qurumların hər biri ictimaiyyət üzvləri ilə birlikdə çalışmalıdır: "Mən dəfələrlə bu işlə məşğul olanları ifşa etməyə cəhd göstərmişəm. Lakin dövlət orqanlarının birgə səyinə nail ola bilməmişəm. Burada ən ciddi məsələ odur ki, bu cür yararsız ətlərə tələb var. Bu tələbi kim yaradır? Dövlət orqanları bu işlə məşğul olanları tutur, ifşa edir, ancaq açıqlamırlar, demirlər ki, hara aparırdı? Bu məsələ niyə ayırd olunmur? Tələb olmasa, təklif meydana çıxmaz. Deməli, Bakıda ucuz, 2 manatlıq ətə tələb var. Kimdir bu tələbi yaradan? Deyirlər, tutduq. Soruşmaq lazımdır ki, hara aparırdın bu əti? Niyə bu məsələni araşdıranda bir addım o yana getmirlər?”. E.Hüseynov leşlərin harada istifadə olunması ilə bağlı onlara məlumatlar daxil olduğunu söyləyib: "Leş ətlərindən xüsusən dönərxanalarda istifadə olunur. Hətta bizə məlumatlar gəlir ki, şadlıq evləri, restoranlar var ki, yalnız murdar ətlərlə işləyirlər. Bütün bunları isə aidiyyəti qurumlar tədqiq etməlidir. Bizim əlimizdə heç bir səlahiyyət olmadığı üçün müraciətləri araşdırıb, onları ifşa edə bilmirik. Bir daha qeyd edirəm, bütün bu işlərin mənbəyi tələbdir. Tələb kəsilsə, təklif yox olacaqdır. Bazar tələb-təklif aksiomu ilə işləyir. Bütün bunlar dəryada bir damladır əslində. Bu məsələ Azərbaycanda hələ var və davam edir. Hesab edirəm ki, Azərbaycanda "Qida rasionu haqqında” qanun qəbuluna artıq zərurət yaranıb”.

Şəymən