"İlin sonuna qədər neftin qiyməti 55 dollardan aşağı düşməyəcək" - PROQNOZ

"İlin birinci yarısında "Brent” markalı neftin qiyməti 52 dollara qədər ucuzlaşdı. İlin axırına yaxın isə neftin qiymətində artım özünü göstərdi”.
Bu sözləri "Sherg.az”a Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib.
O xatırladıb ki, hazırda neftin qiyməti 56 dollar ətrafında cərəyan edir:
"Yəni bazardakı qiymətləri kifayət qədər yaxşı hesab etmək olar. Nəzərə alsaq ki, noyabrın sonunda Vyanada OPEC-in növbəti toplantısı keçiriləcək, hazırda Səudiyyə Ərəbistanı və Rusiyanın neftin qiymətinin sabit saxlanması ilə bağlı cəhdləri görünür. Qiymət artımı da Ərəbistan şirkətinin noyabr ayındakı neft hasilatını azaltması ilə bağlı yayılan xəbərlərdən qaynaqlanır.
Həmçinin Rusiya yeni oyunçuları OPEC sazişinə qoşmaq istəyir. Bu isə yeni müsbət tendensiyadır. İlin sonunda həm mövsümi dəyişikliklər, həm də bazarın qızışdırılması mövqeyi aktiv işlərə gətirib çıxarır. Bu da  neftin qiymətinin 55 dollardan aşağı düşməyəcəyini deməyə əsas verir. Beləliklə, ilin birinci və ikinci yarısını müqayisə etsək, illik orta qiymət təqribən 53 dollardan aşağı deyil. Bu, ötən ilin qiymətləri ilə müqayisədə 20 faizdən çox artım deməkdir və kifayət qədər yaxşı qiymətdir”.
2018-ci ildə neftin qiymətlərinin hansı həddə müəyyənləşəcəyinə gəlincə, İ.Şaban bununla bağlı proqnozların açıqlanmadığını söyləyib:
"Bu, adətən noyabr ayının sonları, dekabrın əvvəlində beynəlxalq maliyyə institutları, müxtəlif iqtisadi təsisatlar tərəfindən hesablanır. İstənilən halda neftin 50 dollardan baha olmasına ehtiyac var. Buna görə, 2018-ci ilin büdcəsində Azərbaycan neftinin orta qiyməti 45 dollar götürülüb”.
Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,12 dollar və ya 1,97 faiz artaraq 58,11 dollar təşkil edib.
Aysel Aslan