Bu zaman ölkədə manatla qoyulan depozitlərin bir hissəsinin əsasən ABŞ dollarına çevrilməsinin sürətlənməsini müşahidə edə bilərik
Azərbaycan Mərkəzi Bankının cari ilin yanvarın 1-nə olan məlumatına görə, ölkədə əmanətçilərin 61 faizi milli valyutaya üstünlük verirlər. Digər əmanətlər isə xarici valyuta üzrə saxlanılıb. Bundan əlavə, 2015-ci il yanvar ayının 1-nə yerli vətəndaşların bank əmanətlərinin həcmi 15,2 faiz artırılıb. Qeyri-rezidentlərin əmanətləri isə əksinə, 7,7 faiz azalma müşahidə edilib.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu, manatın kursunun uzun müddət dəyişməz qalması və xarici valyutalara qarşı öz dəyərini qoruyub saxlaması ilə bağlıdır: "Buna görə də əhalinin manata əhəmiyyət verməsi təbii prosesdir”.
Lakin N.Cəfərli 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar ayının rəqəmlərinə əsasən əmanətlərin xarici valyutaya çevrilməsi prosesinin getdiyini bildirib: "Bu da əmanətçilərin müəyyən gözləntilərinin yaranması ilə əlaqədardır. Amma hələlik Azərbaycan manatının dəyərində ciddi dəyişiklik olacağını düşünmürəm. Çünki AMB bu yöndə bazara intervensiya etməklə manatın kursunu stabil saxlaya bilir. Bu baxımdan yaxın aylarda manatla qoyulan əmanətlərdə vəsaitlərin başqa valyutalara çevrilməsində ciddi artımlar baş verəcəyini gözləmirəm”.
Ekspertin qənaətincə, manatın kursunun yüksək olması qeyri-neft sektoru məhsullarının ixracatında müəyyən problemlər yaradır: "Ona görə də bu ilin sonlarına yaxın manatın kursunda nisbətən dəyişiklik ola bilər. Bu zaman ölkədə manatla qoyulan depozitlərin bir hissəsinin əsasən ABŞ dollarına çevrilməsinin sürətlənməsini müşahidə edə bilərik”.
Həmsöhbətimiz ölkə vətəndaşı olmayan şəxslərin və yaxud xarici ölkədə qeydiyyatda olan şirkətlərin respublika banklarında əmanətlərin sayının azalmasına da aydınlıq gətirib: "Bu, dünyada baş verən siyasi proseslərlə əlaqədardır. Şirkətlərin bir hissəsi öz vəsaitlərini Rusiyada baş verən iqtisadi və siyasi prosesləri nəzərə alaraq valyutaya çevirərək ölkədən çıxarır. Xarici vətəndaşlar da eyni addımı ataraq əmanətləri geri çəkirlər. Bütün bunlara baxmayaraq AMB-nin və hökumətin də yürütdüyü siyasət ondan ibarətdir ki, manatın dollara nisbətən dayanıqlığını saxlamaqdır. Ancaq bunun nə qədər davam edəcəyi məlum deyil. Çünki neftin qiyməti hələ də ucuzlaşmaqda davam edir. Bu da öz növbəsində AMB-nin rezervlərinə təsir edəcək və gələcəkdə manatın devalivasiyasına zəmin yarada bilər”.
Vüqar Şahinoğlu