İmtahansız, attestatla qəbul çağırışları fırıldaqçılıqdır

“Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir”
“Ola bilər müraciət edən şagirdlər gedib orada oxusun, amma yalnız sadəcə dinləyici kimi. Bitirdikdən sonra isə ona diplom deyil, sertifikat versinlər ki, bu adam həqiqətən orada dinləyici olub”



Qəbul imtahanları bitər-bitməz işbazlar dövrəyə girdi. Yenə də Türkiyə, Ukrayna, Gürcüstan ali məktəblərinə imtahansız, attestatla qəbul haqqında çağırışlar edilir. "Qaynarinfo.Az” saytında "Xaricdə təhsil bu qədər asan olmamışdı” başlığı altına İntelligent Xaricdə Təhsil Mərkəzinin gənclərə xaricdə təhsil almaq üçün inanılmaz fürsət yaratdığı bildirilir.

Məlumatda qeyd olunur ki, Türkiyənin dövlət universitetlərinə, attestatla və diplomla qəbul aparılır.

Qəbul Türkiyənin ən prestejli və diplomları Azərbaycan, Avropada tanınan universitetlərinə həyata keçirilir:

"Siz də Türkiyənin ən yaxşı təhsil mərkəzlərində oxumaq istəyirsinizsə, bu fürsəti əldən qaçırmayın!

İntelligent Xaricdə Təhsil Mərkəzinin amalı ölkəmizin gənclərinin daha yaxşı yerlərdə oxumaları, yüksək təhsil almaları və ölkəmiz üçün çalışmalarıdır!

Mərkəzin əlaqə nömrələri də qeyd edilir. Daha ətraflı məlumat almaq üçün göstərilən telefon nömrəsinə zəng etdik. Özünü mərkəzin əməkdaşı kimi təqdim edən Elçin adlı şəxs bildirdi ki, şübhələnməyə əsas yoxdur. Mərkəz Türkiyənin dövlət univeristetlərinə qəbul həyata keçirir. Abituriyentin attestatını təqdim etməsi yetərlidir. Heç bir imtahandan söhbət getmir. Mərkəzin Türkiyədə çalışan əməkdaşı sənədləri toplayıb ali məktəblərə təqdim edir, sənədlər araşdırılır və qəbul olunanların kimliyi sonra bildirilir. Tələbələr attestat qiymətləri əsasında seçilir və uyğun fakültələr təklif edilir. Təhsil əyani olduğu üçün diplomaların tanınmaması təhlükəsi yoxdur. Ali məktəblərin həqiqətən dövlət tədris müəssisələri olduğunu bilmək üçün elektron sayta daxil olmaq kifayətdir.

Təhsil ödənişli olacaq. İllik 300-600 ABŞ dolları miqdarında. Təhsil haqqı fakültədən asılıdır. Mərkəzə hansı sənədlərin təqdim olunmasına gəldikdə isə məsələ, necə deyərlər, "gün üzü”nə çıxdı. Məlum oldu ki, attestatla birlikdə 200 manat ödəniş edilməlidir. Bu, avansdır. Xidmət haqqıdır. Sənədlərin Türkiyəyə göndərilməsi və s. bu qədər xərc aparır. Sonrası, lap "əladır” - əgər abituriyent tələbəliyə qəbul olunacaqsa, Mərkəzə 1300 manat da ödənilməlidir. Xidmət haqqı ümumilikdə 1500 manatdır. Onun 200 manatını bəri başdan, yəni, hələ heç nə dəqiqləşməmiş, gəncin qəbul olunub-olunmayacağı bilinməmiş ödəməlisən. İşdi, qəbul olunsa, 1300 manat da ödəyirsən. Bunun daha Türkiyədəki təhsil haqqına heç bir aidiyyəti yoxdur. 1500 manatı burda ödə, Türkiyədə də dollarla təhsil haqqını ödəyərsən.

Belə anlaşıldı ki, uşağın harasa qəbul olunub-olunmayacağı bilinmədən valideyn 200 manat ziyana düşür bəri başdan. Hələ övladının təhsil alağacı ali məktəbin diplomunun tanınıb-tanınmaması sual altındadır. Türkiyədə ödənişli təhsil alıb geri qayıdana burada iş tapmaq mümkün olacaqmı, onun diplomunun üzünə kimsə baxacaqmı, bunlar hamısı sual altındadır.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xaricdə təhsil çağırışalrı ilə bağlı hər il abituriyentlərə xəbərdarlıq edir. TQDK sədri Məleykə Abbaszadə deyir ki: "Qəbul imtahanlarında çox aşağı nəticə göstərən abituriyentləri imtahansız qəbul etdirmək üçün xarici ölkə universitetləri qanunsuz olaraq müxtəlif yerlərdə elanlar verir və təbliğat işləri aparırlar. Əsasən qəbul imtahanında 0-100 bal toplayan abituriyentlərin valideynləri belə qəbul forması ilə maraqlanır və bu prosesdə yaxından iştirak edirlər”. TQDK sədri valideynləri ayıq-sayıq olmağa və möhtəkirlərin tələsinə düşməməyə çağırır.

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də imtahansız xarici ölkə ali məktəblərinə qəbulu inandırıcı saymır. Ekspertin fikrincə, burada başqa üsul ola bilər: Ola bilər müraciət edən şagirdlər gedib orada oxusun, amma yalnız sadəcə dinləyici kimi. Bitirdikdən sonra isə ona diplom deyil, sertifikat versinlər ki, bu adam həqiqətən orada dinləyici olub. Bu sistem keçmiş vaxtlarda da olub. Amma Türkiyədə belə imtahansız qəbulun aparılması məni təəccübləndirir. Qaldı ki, belə halların Rusiya, Ukrayna və Dubayda olmasına, buna təəccüblənmirəm. Onlar adamları cəlb edib yığırlar, sonra onlar üçün sərfəli olan, xaricdə təhsil almağa cəhd göstərənləri və s. toplayırlar. Mən bu kimi təhsil təklif edənlərin fəaliyyəti ilə dərindən tanış deyiləm və onların işlərini effektli hesab etmirəm. Əvvəla, hər bir dövlətin öz qayda-qanunu var, Azərbaycanın da həmçinin. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından keçmədən universitetə qəbul olmaq olar, hətta xaricə də getmək olar. Amma imtahan dəyərləndirmədir, biliyi meydana çıxarmadır. Sənin biliyin ortaya çıxmadan, necə xaricdə ali məktəbə qəbul ola bilərsən? Axı bunun məntiqi yoxdur. Hələ sənə verilən diplom burada tanınacaqmı, xərclədiyin pullar havaya sovrulmayacaqmı, bunu da bilmək olmur. Ona görə də bu cür məsələlər ciddi və qanuni deyil. Ağlı başında olan adam belə şeylərə aldanmamalıdır.

Məlahət Rzayeva