Qolan təpələri Suriyanın ərazisidir və bu yöndə mövcud reallığı dəyişdirmək uğursuzluğa düçar olacaq
İnadkar Tramp...
ABŞ lideri hər dəfə yeni sürprizləri ilə dünyanı xaosa sürükləyir
Qolan təpələri Suriyanın ərazisidir və bu yöndə mövcud reallığı dəyişdirmək uğursuzluğa düçar olacaq
Qolan təpələri Suriyanın ərazisidir və bu yöndə mövcud reallığı dəyişdirmək uğursuzluğa düçar olacaq
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyan qərar imzalayıb. Amerika rəhbəri hesab edir ki, İsrailin Qəzzanı hədəfləyən hücumları "özünü müdafiə”dir. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahunu dəstəkləyir. Trampın qərarı sadəcə müsəlman ölkələrində deyil, Qərb dünyasında da birmənalı qarşılanmayıb. Demək olar ki, əksər dövlətlər Ağ Ev rəhbərinin qərarını təhlükəli və lazımsız sayıblar. BMT və Avropa İttifaqı da Qolan təpələri üzərində İsrailin suverenliyini tanımayıb. Eləcə də Suriya, Türkiyə, Rusiya və İngiltərə ABŞ-ın bu qərarını beynəlxalq hüququn heçə sayılmağı kimi qiymətləndirib. Suriya hökuməti Qolan təpələrinin İsrail ərazisi olaraq tanınması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında iclasın keçirilməsinə dair vəsatət qaldırıb.
Qolan təpələri niyə bu qədər əhəmiyyətlidir?
Qolan Suriyanın cənub-qərbində, İsrailin şimal-şərqində yerləşən təpəlik ərazidir. Bu ərazi özünün zəngin su qaynaqları ilə tanınır. İsrail ümumi su ehtiyacının üçdə bir hissəsini buradakı Şeria, Banyas və Kadı çayından əldə edir. İsrailin Suriyaya axan çaylar üzərində qurduğu 4 baraj isə iki ölkə arasındakı gərginliyi artıran amillərdən biridir. Təpəliyin İsrail üçün həm də təhlükəsizlik baxımından önəmi böyükdür, çünki bura strateji əhəmiyyətli ərazidir. Qolan Livan və İordaniya ilə sərhəddədir. Bura Suriyanın paytaxtı Şama 60 kilometr uzaqdadır və buna görə də müharibə vəziyyətində İsrailə üstünlük qazandırır. Yəhudilərin müqəddəs hesab etdiyi mətnlərdə Qolan təpələrinin adı bir neçə dəfə çəkilib. Buna görə də bir çox dindar bu ərazini müqəddəs torpaq sayır. 1967-ci ildə "Altı gün döyüşü” zamanı İsrail bu əraziyə nəzarəti ələ keçirib. 1973-cü ildə Suriya ərazini geri almaq üçün Yom Kippur döyüşünü başlatsa da, istəyinə nail ola bilməyib. 1981-ci ildə isə İsrail ərazini ilhaq edib.
Aİ Qolan təpələrini İsrail torpaqları kimi tanımadı
Avropa İttifaqının beş ölkəsi İsraillə bağlı açıqlama verib. BMT Təhlükəsizlik Şurasının üzvləri - Fransa, İngiltərə, Belçika, Almaniya və Polşa birgə bəyanat verərək bildirib ki, Qolan təpələri İsrail torpağı deyil. Həmçinin, bölgənin güc tətbiqi ilə ilhaqı beynəlxalq hüquqa ziddir. Avropa İttifaqının sözcüsü Maya Kosiyanovçiç də Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib: "Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik”.
Kreml: "Belə bir qərar Yaxın Şərqdə nizamlanma prosesinə mənfi təsir göstərəcək”
İsraillə son dərəcə yaxşı münasibətləri olan, lakin işğal edilmiş ərazilərin əsl sahibi Suriyanın da strateji müttəfiqi sayılan Rusiya da ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərarı pisləyib. Kreml Amerika Prezidenti Donald Trampın Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanıması ilə bağlı qərarına təəssüfləndiyini deyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, məsələ Rusiya və Livan liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq. Peskovun sözlərinə görə, Trampın sözügedən bəyannaməni imzalaması Yaxın Şərq regionu üçün mənfi nəticələrə səbəb olacaq: "Belə bir qərar həm yaxın şərqdə nizamlanma, həm də Suriya münaqişəsinin siyasi həlli yolu ilə bağlı ümumi ab-hava baxımından birmənalı olaraq mənfi nəticələrə gətirib çıxaracaq. Buna heç kim şübhə etmir”. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Trampın bu qərarının Qolan təpələrinin beynəlxalq-hüquqi statusuna təsir göstərməyəcəyini vurğulayıb. O, həmin torpaqların İsrail tərəfindən qeyri-qanuni olaraq işğal edildiyi barədə Rusiyanın qanunverici hakimiyyətinin mövqeyini çatdırıb. Kosaçev bununla bağlı dediklərinin bütün dünyanın mövqeyi olduğunu sözlərinə əlavə edib.
Türkiyə Qolan təpələri problemi ilə bağlı ərəb ölkələrini ittiham edib
Türkiyənin xarici işlər naziri rəhbəri Mövlut Çavuşoğlu ABŞ-ın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması məsələsində ərəb dünyasında birliyin olmamasından söz açıb. Onun sözlərinə görə, Ağ Ev rəhbəri Trampın sözügedən qərarına ilk olaraq ərəb ölkələri yox, Türkiyə etiraz edib: "Hətta, Avropa İttifaqı belə Ağ Evin bu qərarını pislədi, ancaq həmin vaxt bir sıra ərəb ölkələri İsrail və ABŞ xofu qarşısında susmağa və Trampı tənqid etməməyə üstünlük verdilər”. Çavuşoğlunun sözlərinə görə, Trampın bu addımı, ABŞ-ın beynəlxalq hüquqla hesablaşmadığını bir daha sübuta yetirir.
"Qolan təpələri rəsmən Suriyanın ərazisidir”
Qalmaqallı qərara münasibət bildirən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib ki, beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Milli dövlətlərin sərhədləri beynəlxalq təşkilatlar və beynəlxalq hüquq tərəfindən tanınmaqla, legitimlik qazanır: "Təbii ki, Qolan təpələri məsələsində də, bu, istisna deyil. Qolan təpələri rəsmən Suriyanın ərazisidir və bu yöndə mövcud reallığı dəyişmək üçün atılan addımlar uğursuzluğa düçar olacaq. Necə ki, ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı BMT-də qaldırdığı iddia yersiz hesab edildi və bu qurum bir daha Qolan təpələrinin Suriyanın ərazisi olması ilə bağlı öz qərarını verdi”.
Millət vəkili düşünür ki, lider dövlətlərin prezidentləri, o cümlədən, ABŞ prezidenti, heç şübhəsiz ki, belə məsələlərdə mövcud reallığı, beynəlxalq hüququ, dünya nizamını nəzərə alaraq, addımlar atmalıdırlar:
"Məsələnin kökündə dayanan başqa hadisə isə ikili standartlar siyasətidir. Bununla bağlı hamı danışır, hamı deyir, hamı bunu tənqid edir, amma çox təəssüf ki, hadisələrə yanaşmada yenə də ayrı-ayrı dövlətlər ikili standartlar yanaşmasından əl çəkmirlər. Deməli, burada önə çıxan məsələ ondan ibarətdir ki, hər bir milli dövlət beynəlxalq nizamı, beynəlxalq hüququ əsas götürmür, ancaq öz maraqlarını əsas götürür. Amma strateji düşündükdə, bu maraqların nədən ibarət olması bəzən sual doğurur. Doğrudanmı, bu tipli addımlar ABŞ-ın milli maraqları baxımından başadüşüləndir, yoxsa hansısa marginal siyasi dairələrin sifarişi ilə meydana çıxan hadisələrdir?
Fikrimcə, nə qədər ki, dünyada ikili standartlar var, biz belə yanaşmaların şahidi olacağıq. Amma hər halda BMT dünyanın ən böyük beynəlxalq təşkilatıdır və o, özünün qəbul etdiyi qərarlara qarşı çıxmamalıdır”.
"Sanki biriləri dünyada xaosun əsasının qoyulmasında maraqlıdırlar”
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da bildirib ki, Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması qərarı anarxik qərardır: "Bu nə beynəlxalq hüquqa cavab verən, nə də ki, siyasi etikaya, ümumiyyətlə, heç bir etikaya sığan qərardır. Çünki belə çıxır ki, istənilən ölkə sabah ABŞ-ın da hansısa ştatının, tutaq ki, Texasın Meksikaya məxsus olmasını deyə bilər və belə tanına bilər. Bu, heç bir məntiqə sığmır. Təəssüflər olsun ki, son zamanlar elə BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin özlərinin bir-birinə qarşı mübarizəsi nəticəsində və beynəlxalq siyasi proseslərin artdığı qeyri-etik addımlar nəticəsində dünyadakı xaosun şahidiyik. Sanki biriləri dünyada xaosun əsasının qoyulmasında, hərc-mərclikdə maraqlıdırlar. Təbii ki, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələr Trampın bu qərarını alqışlamır, tanımır. Lakin bu onu göstərir ki, beynəlxalq proseslərdə XXI əsrdə sivil dünya olmasına baxmayaraq, etika deyilən bir şey yoxdur”.
İsmayıl