“İndiki dövrdə telelayihələrə maraq azalıb”

Elçin Əlibəyli: “Sayt tamam başqa sahədir. Burada əsas məqsədimiz oxunaqlı portal yaratmaq və oxucu auditoriyamızı genişləndirməkdir”



Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Elçin Əlibəyli yenidən "Publika.az” saytına qayıdıb. Məlumata görə, E.Əlibəyli bu portalın baş redaktoru təyin olunub. O, vəzifəsinin icrasına iyunun 8-dən etibarən başlayıb.

Qeyd edək ki, buna qədər isə "Publika.az”ın baş redaktoru Səlim Əzizoğlu olub. O, bu vəzifədən ötən gün azad olunub. Onu da əlavə edək ki, E.Əlibəyli 2012-2013-cü illərdə də "Publika.az”ın baş redaktoru olub.

Portalda gerçəkləşdirəcək yeniliklər və layihələr barədə "Şərq”ə danışan E.Əlibəyli söyləyib ki, əsas məqsədləri saytı daha oxunaqlı və daha maraqlı portala çevirməkdi: "Hədəfimiz budur. Hələlik bunun üzərində işləyirik”.

"Yenidən sayta qayıtmağınızı nə zəruri etdi” sualına gəlincə, E.Əlibəyli bildirdi ki, televiziya onun yaradıcılığının bir hissəsidir: "Doğrudur, telekanallarda müəyyən layihələrlə çıxış edirdim. Məsələn, maraqlı bir layihə olsa, qayıdıb onu həyata keçirə bilərəm. Konkret hansısa kanalın işçisi deyiləm. Nə vaxt maraqlı lahiyə olur, təklif edirəm, razılıq olsa, onu hazırlayıb, təqdim edirəm. Lakin indiki dövrdə telelayihələrə maraq azalıb. Bu da təbiidir. Çünki hər şey iqtisadi məsələlərdən asılıdır. Açıq demək lazımdır ki, obyektlər sponsorluq fəaliyyətilə məşğul olmaq istəmirlər. Bunda maraqlı deyillər. Hazırda telekanallarda yeni layihələr həyata keçirmək baha başa gəlir. Müəyyən layihələr var ki, onu maliyyə səbəbindən gerçəkləşdirə bilmirik. Faktiki reallıq budur. Amma sayt tamam başqa sahədir. Burada əsas məqsədimiz oxunaqlı portal yaratmaq və oxucu auditoriyamızı genişləndirməkdən ibarətdir. Yəqin ki, hədəfimizə çatmaq bizə qismət olacaq”.

Ayyət Əhməd