İndiki vaxtda pensiya yaşının artırılması məqsədəuyğun deyil
Bu, vətəndaşların sosial ödənişlərə və pensiya təminatına marağının azaldılmasına gətirib çıxara bilər
Azərbaycanda pensiya yaşının qaldırılması məsələsi yenidən gündəmə gəlib. Cəmiyyətdə,
istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı
arasında müəyyən uyğunluqların vacibliyini vurğulayan qanun layihəsində bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur.
Artıq "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Layihəyə
əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Layihədə,
ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə
diferensiallaşdırılması da əks olunub. Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə
çıxarılması nəzərdə tutulub.
Əmək pensiyası ilə bağlı təklifin bəzi detallarını açıqlayan Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli APA-ya bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin
qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya
təcrübəsinə istinad edilib. Burda söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna pensiya almaq
üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti
daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün
digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur olsun
pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün
şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar. Yeni iş yerlərinin daha da
çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün
önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə
xidmət edir”.
H.Rəcəbli bildirib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə
özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının
üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan
vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb. Hər iki layihə üzərində hələ
ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəyləri bildiriləcək, ondan
sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda
bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur”.
Bu layihələrdə əsas məqsəd əhalinin sosial cəhətdən nisbətən az qorunan hissəsinin sosial
müdafiəsinin daha güclü təşkil edilməsi olduğunu vurğulayan millət vəkili deyib ki, Azərbaycanda
bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı
sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə hələlik
pensiyaya görə orta yaş həddinin artırılmasının müzakirə obyekti olmadığını deyib: "Doğrudur,
bəzi ekspertlər, müəyyən xarici təşkilatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələri var. Onlar zamanla bu məsələni qaldırırlar. Amma mən hesab edirəm ki, indiki məqamda Azərbaycanda pensiyaya görə yaş həddinin artırılmasına ehtiyac yoxdur. Yaş necədirsə, o səviyyədə saxlanılmalıdır”.
Parlament üzvü hökumət tərəfindən belə bir müzakirə aparılmadığını qeyd edib: "Ona görə də
pensiya alanlar üçün orta yaş həddinin artırılacağını düşünmürəm”.
İndiki şərtlər fonunda Azərbaycanda pensiya yaşının artırılmasının nə dərəcədə özünü
doğruldacağına gəldikdə isə İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, ekspert Vüqar Bayramovdeyib ki, pensiya yaşının artırılması çox güman ki, büdcə vəsaitlərinə qənaət edilməsi məqsədi
daşıyır: "Pensiya yaşının artırılması, pensiya ödənişlərinə qənaət edilməsi ilə nəticələnəcək. Nəzərə
alsaq ki, indiki halda Azərbaycanda orta yaş həddində ciddi dəyişiklik yoxdur, o zaman pensiya
yaşının artırılması məqsədəuyğun deyil”.
Vüqar Bayramovun sözlərinə görə, pensiya yaşı orta ömür müddətinin artım tempinə uyğun olaraq dəyişdirilə bilər: "Pensiya yaşının artırılması bir sıra hallarda ona gətirib çıxarır ki, vətəndaş sosial ödənişlər etsə də, müavinət ala bilmir. Yəni pensiya yaşı artırıldığından vətəndaş bu günə qədər
ödədiyi sosial müavinəti almır. Buna görə də, pensiya yaşı real orta ömür aralığına uyğun olmalıdır.
Çünki vətəndaşlar pensiyaya vaxtında çıxaraq, ödədikləri sosial müavinətləri almalıdırlar. İndiki
halda pensiya yaşının artırılması məqsədəuyğun deyil. Yəni mövcud pensiya yaşının qorunub
saxlanılması vacibdir”.
İqtisadçının sözlərinə görə, pensiya yaşının artırılması vətəndaşların sosial ödənişlərə və pensiya
təminatına marağının azaldılmasına gətirib çıxara bilər:
"Gələcəkdə əmək qabiliyyətliliyin müddətinə və orta ömür müddətinə uyğun olaraq pensiya yaşına
baxılması mümkündür. Amma indiki məqamda pensiya yaşının artırılması müəyyən vəsaitlərə
qənaətə gətirib çıxartsa da, bu, indiki məqamda arzuolunan deyil”.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna nəzərdə tutula əlavə və dəyişikliklər layihəsinə
əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları
üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə
olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün
də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə
diferensiallaşdırılması da əks olunub. Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə
çıxarılması nəzərdə tutulub.
Şəymən