“İndiki vəziyyət onları qələbəyə aparmayacaq”

Adil Qeybulla: “Böyük nüfuz sahibi olan şəxslərin Müsavatdan kütləvi uzaqlaşdırılması, yeni konfliktin əsasını qoyacaq”



Müsavat Partiyasının tanınmış üzvləri, qurumun inkişafında mühüm xidmətləri olan müsavatçı ziyalılar son vaxtlar partiyada baş verən hadisələr və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı partiya rəhbərliyinə müraciət ediblər.

Müraciətdə bildirilib ki, son günlər partiya daxilində qurumun siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara cəzalar verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması təşkilatın ictimai nüfuzuna zərbə vurur. Vəziyyətin bu yerə çatmasında partiya rəhbərliyini günahkar bilən müsavatçılar üzvlərə qarşı təzyiqlərə son verilməsini tələb ediblər. Müraciətə imza atanlar arasında Müsavat Partiyası Divanının keçmiş üzvü, professor Adil Qeybulla da olub. Bunu nəzərə alaraq, son zamanlar partiyada baş verənlərlə bağlı A.Qeybulla ilə əlaqə saxladıq. Partiyada yaranan qarşıdurma ilə bağlı "Şərq”in suallarını cavablandıran müsavatçı quruma xidmət etmiş hər bir şəxsin rəhbərliyin indiki durumuna etiraz etdiyini bildirib.

- Qurultaydan sonra Müsavatdan xeyli istefalar olub. Qurumu tərk edənlərin arasında uzun illər partiyaya xidmət etmiş nüfuzlu şəxslər də var. Amma gedənlərə biganə yanaşılır və onlar tənqid edilir. Rəhbərliyin etinasız tutumunu necə dəyərləndirirsiniz?

- Belə bir missiyanı qarşısına məqsəd qoyanlar tarixi məsuliyyətlərini dərk etməlidirlər. Ağalıq etmək niyyətinə düşənlər, başqalarına qarşı aşağılayıcı münasibət sərgiləyənlər, uzun müddət eyni yolu gəlmiş insanlara qarşı bu cür sayğısızlıq göstərənlər bilməlidirlər ki, indiki vəziyyət onları qələbəyə aparmayacaq. Heç kimin partiyadan getməsinə şərait yaradılmamalıdır. Əksinə, hazırkı durumda siyasi təşkilatlar bir nəfər uğrunda belə mübarizə aparmalıdır. Böyük nüfuz sahibi olan şəxslərin Müsavatdan kütləvi şəkildə istefa verməsi, tamamilə absurd ittihamlarla qurumdan uzaqlaşdırılması yeni konfliktin əsasını qoyacaq. Partiya rəhbərliyinin qurultaydan səlahiyyət almadan təzə Məclisi seçdiyini də nəzərə alsaq, daha ciddi problemlərin şahidi olacağımızı deyə bilərik.

- Narazı tərəfin Müsavat rəhbərliyindən konkret tələbləri nələrdir?

- Biz Müsavatı bütöv halda, güclü qurum şəklində görmək istəyirik. Fəlsəfə dərnəyi şəklində deyil, həqiqətən siyasi hakimiyyətə iddia edən məqsədyönlü bir təşkilat olmasını tələb edirik. Amma təəssüflər olsun ki, bəzi şəxslər Müsavatı market təfəkkürü ilə idarə etməyə çalışırlar. Hesab edirəm, yaxın vaxtlarda bu cür səhv yanaşmanın acı nəticələrinin şahidi olacağıq. Çünki parlamentdə yer almaq məqsədilə və ya müəyyən korporativ güzəştlərə nail olmaq şərtilə addım atmaq və hansısa uğurlara imza atmaq mümkün deyil. Ən azı partiyanın sıravi insanlarına, qurumun inkişafında, genişlənməsində əhəmiyyətli rol oynayan müsavatçıların zəhmətinə, əməyinə dəyər vermək lazımdır. Səmimi müsavatçıların gözləntilərini doğrultmaq lazımdır. Bu borc hər birimizin çiynində ciddi məsuliyyətdir. Bizim Müsavat rəhbərliyinə müraciətimiz də bununla bağlı idi. Hələlik sadəcə müraciət etmişik. Yaxın günlərdə yekun qərarımızı da bildirəcəyik.

- Müsavat rəhbərliyi deyir ki, istefa verənlərdən partiya itirmir. Çünki Müsavatın şanlı tarixi var...

- Müsavat Partiyası XX əsrin əvvəllərində, hələ Avropada qadınların seçib-seçilmək hüququ olmayanda demokratik ənənələrin əsasını qoyub. Yəni təşkilat tarixdə şərəfli bir həyat yaşayıb. Amma indi partiyanı bu qədər cılız vəziyyətə salanların təşkilatın əvvəlki uğurlarından sitat gətirməsi, keçmişdən siyasi kapital kimi faydalanmağa çalışması yolverilməzdir. Hər kəs konkret öz fəaliyyətinə cavabdehdir. İndiki rəhbərlik Müsavatın tarixi ilə deyil, öz əməlləri ilə öyünməlidir. Onsuz da cəmiyyət hamıya layiqli qiymətini verəcək.

- Partiya rəhbərliyi Qubad İbadoğlunu və onun ətrafına toplaşmış narazıları o qədər də ciddi qüvvə hesab etmir. Narazıların zəif görülməsinə münasibətiniz necədir?

- Qurultayın nəticəsi göstərdi ki, Müsavat rəhbərliyinin məhdud hesab etdiyi qrup heç də məhdud və zəif deyil. Həm intellektual və faydalılıq, həm də nüfuz baxımından kifayət qədər aksionar və üstün tərəf narazılardır. Deməli, rəhbərlik etirazları ciddiyə almalı və siyasi plüralizmə önəm verməlidir. Siyasi plüralizmi danmaq avtoritarlıq deməkdir. Partiyada narazı tərəflər, fraksiyalar ola bilər, bunlar Nizamnaməyə zidd deyil. Kimlərsə rəhbərliyi tənqid edə, hətta "yıxıb-sürüyə” də bilər. Bunlar demokratiyanın normal atributlarıdır. Özlərinə "demokratik” lider deyənlər reallığı mütləq nəzərə almalıdır.

- Bəziləri hesab edirlər ki, Qubad İbadoğlunun ADR hərəkatını yaratmaqda məqsədi yeni partiya yaratmaq, yəni Müsavatı bölməkdir. Bu iddialar nə dərəcədə realdır?

- ADR-in yaradılması qətiyyən partiyanın parçalanması məqsədi daşımır. Bu, sadəcə olaraq ictimai təşkilatdır. Məqsəd partiyanın idarəetməsindən kənarda qalmış, yəni süni surətdə uzaqlaşdırılmış bir təbəqənin ictimai işlə məşğul olmasına şərait yaratmaqdır. ADR-in partiya yaratmaq məqsədi ilə təsis edilməsi iddiası tamamilə əsassızdır və qərəzli yanaşmanın bir təzahürüdür. Yaranmış situasiyada həmin təşkilatın gələcək məşğuliyyətini, partiyaya çevrilib-çevrilməyəcəyini zaman və hadisələrin gedişatı göstərəcək. Burada münəccimlik keçmir. Bunu deyənlər avtoritar təfəkkürə malik şəxslərdir. Bizi qınayanlar fəaliyyətimizə nəzər salsınlar. Bu yaxınlarda ADR neftin ucuzlaşması ilə bağlı bir tədbir keçirdi. Orada Azərbaycanın tanınmış politoloqları, iqtisadçıları, millət vəkilləri, həm dövlətçilik, həm də cəmiyyətin gələcəyi baxımından mühüm məsələləri şərh etdilər. Bax, ortaya bu cür intellektual məhsullar qoymaq, cəmiyyətin işində hərtərəfli aktiv iştirak etmək lazımdır. Biz bunu bir nümunə kimi ortaya qoyuruq. Əslində məqsədimiz partiyanı da bu cür idarə etməkdir. İndi kimsə bunu bölücülük kimi dəyərləndirirsə və bütün partiyanı dirijor çubuğu ilə idarə etmək istəyirsə, özü bilər. Sonunda kimin haqlı olduğunu görəcəyik.

- Tərəflər bir neçə dəfə təşəbbüs göstərsələr də, problemləri müzakirə edib ortaq nəticəyə gələ bilmədilər. Müsavat rəhbərliyi isə iddia edir ki, narazı tərəf görüşlərdə problem yaradır və heç nəylə razılaşmır...

- Yaranmış situasiyada Qubad bəyin davranışları tam demokratik və ziyalı mövqeyini əks etdirir. Narazı tərəf təşkilatın demokratikləşməsi uğrunda mübarizə aparır və görüşlərdə də bunu tələb edir. Biz təşkilatda bir yarış ab-havasının olmasını istəyirik ki, qurum güclənsin və hakimiyyətə alternativ olsun. Amma bəziləri hesab edirlər ki, iqtidara gedən yol cılız aksiyalardan, mənasız mitinqlərdən keçir. Onlar köhnə davranış normalarını saxlamağa üstünlük verirlər və bununla Müsavatı çökdürürlər. Nə qədər gec deyil, Müsavat rəhbərliyi bu inadkarlığından əl çəkməlidir.

- Eks-başqan İsa Qəmbərin hadisələrə müdaxilə etməməsinə və indiki başqan Arif Hacılını açıq şəkildə dəstəkləməsinə münasibətiniz necədir?

- Mən İsa Qəmbərin 20 illik fəaliyyətini təqdir edirəm. Çünki o, ciddi məhrumiyyətlər içərisində fəaliyyət göstərib. Amma qurultay ərəfəsində və sonrasında İ.Qəmbərin tutduğu mövqeni yanlış hesab edirəm. Onun bu mövqeyi partiyaya ziyan vurur. İnsanların səhvi ola bilər, ancaq kiminsə öz yoldaşlarına qarşı ambisiya nümayiş etdirməsi və bu qədər təkəbbürü yolverilməzdir. Narazılardan çoxu 20 ildir sınanmış, həbsxanalarda yatmış şəxslərdir. Onların fəaliyyətinə və şəxsiyyətinə dəyər verilməlidir. Aşağılayıcı tonda fikir bildirmək, etinasız yanaşma sərgiləmək yanlış xətdir. Ümid edirəm, hadisələrin fərqində olan keçmiş başqan yanıldığını anlayacaq və mövqeyini dəyişəcək.

- Parçalanmış vəziyyətdə olan Müsavatın qarşıdan gələn parlament seçkilərində müsbət nəticə əldə etmək şansı olacaqmı?

- Hər halda partiya seçkidə iştirak məsələsini özü həll edəcək. Çünki bizim artıq onlara qarışmaq gücümüz yoxdur. Amma ADR hərəkat olaraq seçkilərdə iştirak etməyəcək. Əgər kim istəyərsə, fərdi şəkildə, yəni majoritar qaydada seçkiyə qatıla bilər.

İsmayıl