İnfarktların artacağını söyləmək çətindir

Bu xəstəlikləri öncədən hava proqnozunu nəzərdən keçirib demək olar




2015-ci ilin mart-aprel, oktyabr-noyabr aylarında Azərbaycanda hava şəraiti və fəsil dəyişkənliyi ilə əlaqədar infarkt, insult xəstəliklərinin sayında artım olması istisna edilmir. Bununla bağlı Meteohəssas insanlar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar adi hava dəyişkənliyinə dözə bilmirlər. Yəni hava dəyişmələri bu cür insanlarda xəstəliklərin artmasına səbəb olur. Həmin şəxslər hava dəyişkənliyi dövründə dərman qəbul etməli, açıq hava şəraitinə çox çıxmamalı və riskli işlər görməməlidir.

Belə bir açıqlamanı lent.az-a Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinin dekanı, professor Aydın Məmmədov verib. Onun sözlərinə görə, oktyabr-noyabr, mart-aprel aylarında infarkt, insult kimi xəstəliklərə iyul-avqust, dekabr-yanvar aylarına nisbətən daha çox rast gəlinir.

Tibb elmləri doktoru Şəmsiyyə Namazova isə belə xəstəliklərin artmasının statistik nəticələrə əsasən araşdırılaraq deyilə biləcəyini bildirib: "Həmçinin öncədən hava proqnozunu nəzərdən keçirib əsasən söyləmək olar. Bundan əlavə, kosmosda baş verən dəyişiklərə əsasən meteohəssas insanlara təsir edə biləcəyi söylənilə bilər. Ümumiyyətlə isə istər arterial təzyiq olun, istərsə də xroniki və oynaq və dayaq hərəkətlərindəki xəstəliklər fəsil dəyişkənliyində xəstəliyin kəskinləşmə mərhələsi olur. Belə xəstələr həkim nəzarətində olurlar. Planlı şəkildə yoxlama müayinələrə çağrılırlar. Sadəcə biz həkimlər hər zaman xəstələrimizə qarşı diqqətli olmalıyıq”.

Ş.Namazova statistik rəqəmlərə baxmadan və öncədən havanın necə olacağını bilmədən konkret infarktların nə qədər artacağını söyləməyin çətin olduğunu da fikirlərinə əlavə edib.

Vüqar Şahinoğlu