"İnsanlardan "haqq" alıb, xaricə göndərir, problem yaşandıqda..." - Şirkətdən dələduzluq

"Başqa ölkəyə işçi olaraq gedən şəxslər həmin ölkənin qanunvericiliyinə uyğun icazəni təmin etməlidirlər”.
Bu sözləri "Sherg.az”a Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşının saxlanmasından danışarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov söyləyib. 
O bildirib ki, bu icazə olmadan əmək fəaliyyətini həyata keçirmək mümkün deyil:
"Həmin şəxslər Əmək qanunvericiliyini pozduqlarına görə, saxlanıblarsa, deməli ölkədən deportasiya edilməli, inzibati cərimə olunmalıdırlar. Başqa variant yoxdur.
Əmək fəaliyyətini xaricdə həyata keçirməyin 3 əsas forması var. Birincisi, şəxs özü axtarır, işini tapır. İkincisi, dövlət xətti ilə göndərilən işçilərdir. Üçüncüsü isə müxtəlif özəl şirkətlərin göndərdikləri işçilərdir. Yaranış vəziyyətdə məlum olur ki, həmin şəxsləri şirkət yönləndirib. Bəzi şirkətlər əvvəlcədən işçilərin pullarını alır, aldadıb, göndərir. Problem yaşandıqda isə cavabdehlik daşımırlar. Təəssüf ki, belə dələduz şirkətlər hər yerdə mövcudur.
Qazaxıstanda saxlanan şəxslər beynəlxalq təşkilatlara müraciət edə bilərlər. Onlara tətbiq edilən inzibati aktın qanunsuz olduğunu düşünürlərsə, məhkəmə yolu ilə şikayət edə bilərlər”.
Qeyd edək ki, məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmək icazələri yox imiş. Təəssüf ki, saxlananların bir neçəsi cərimə edilib. Qalanları isə inzibati qaydada həbs olunublar.
Aysel Aslan