“İnsanları yaxtanın, bahalı obyektin, ən yeni avtomobillərin qiyməti maraqlandırmır”
Əli Məsimli: “Vətəndaşları əsasən narahat edən ətin, yağın, çörəyin, meyvə-tərəvəzin qiymətidir”
Son zamanlar Azərbaycanda bir sıra ərzaq mallarının və yeyinti məhsullarının bahalaşması, eyni zamanda vergi məcəlləsinə edilən müəyyən dəyişiklik ölkə ictimaiyyətinin narahatlığına səbəb olub. Bəzi iqtisadçıların proqnozlarına görə, bu ilin əvvəlindən müşahidə edilən qiymət bahalaşması ilin ortalarına, hətta sonlarına kimi davam edə bilər.
Narahatlıq doğuran qiymət artımı ilə bağlı fikirlərini bəyan edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli vətəndaşların narahatlığına səbəb olmadığını vurğulayıb.
- Sizcə, yeyinti və məişət məhsullarında müşahidə olunan bahalaşmanın kökündə nə dayanır? İnsanların narahat olmasına əsas varmı?
- Bilirsiz, inflyasiya hesablanarkən yüzlərlə müxtəlif təyinatlı malın qiymətindəki dəyişikliklər də nəzərə alınır. Amma sadə camaatı daha çox onların işlətdikləri malların qiymətindəki dəyişikliklər narahat edir. Yəni bahalı bir obyektin, yaxtanın, yeni avtomobillərin qiyməti sıravi vətəndaşı o qədər də maraqlandırmır. İnsanları əsasən narahat edən ətin, yağın, çörəyin, meyvə-tərəvəzin qiymətidir. İnflyasiyanın hesablanma metodikası insanları təmin etməyəndə narazılıq yaranır. Belə hallar isə əhalinin çox istifadə etdiyi əsas malların qiymətləri artanda baş verir. Bu da milli valyutanın dollara və avroya nisbətdə dəyərdən düşməsi nəticəsində özünü qabarıq göstərir.
- Azərbaycanda milli valyutanın dəyərdən düşməsi ehtimalı nə qədərdir?
- Milli valyutanın dəyərdən düşməsi qiymətlərin artmasına gətirib çıxarır ki, bu da inflyasiyanı gücləndirir və əhalinin aztəminatlı təbəqəsinin güzəranına ciddi zərbə vurur. Amma Azərbaycanda manatın nisbi sabitliyi qorunub saxlanılır. Belə şəraitdə qiymətlərin sürətlə artması inandırıcı görünmür. Sadəcə, idxal inflyasiyası və süni qiymət artımı qiymətlərə daha çox təsir edir. Ona görə də bu iki amilə fikir vermək lazımdır. Birinci amil bizdən asılı olmasa da, hər halda süni qiymət artımının qarşısının alınması sahəsində davamlı olaraq sistemli tədbirlər görülməlidir.
- Vergi məcəlləsində edilən dəyişikliyi necə dəyərləndirirsiniz? Bu dəyişikliyin bir sıra sahələrdə problemlər yaradacağı iddia olunur...
- Vergi məcəlləsinə edilən dəyişiklik cəmiyyətdə razılıqla qarşılanacaq. Çünki son dəyişikliyin əsas məqsədi vətəndaşları vergiyə cəlb etməkdir. Bilirsiz ki, Azərbaycanda dəfələrlə vergidən yayınma hallarına cəhdlər edilib. Ona görə də dəyişiklikləri müsbət dəyərləndirirəm. Dəyişikliklər sosial xarakterlidir.
- Dəyişikliklər konkret olaraq hansı sahələrə müsbət təsir göstərəcək?
- İlk növbədə bələdiyyələrin illik büdcəsi artacaq. Bu mexanizm digər tərəfdən küçə və prospektlərin abadlaşdırılmasına, sosial xarakterli problemlərin həll olunmasına, bələdiyyələr üzərində ictimai nəzarətin formalaşmasına səbəb olacaq. Vergi tutmaları zamanı əldə edilən gəlirlər dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunması üçün mühüm addımdır. Yeni mexanizm mənzili 30 kvadratmetr olan vətəndaşlar üçün heç bir problem yaratmayacaq. Bu ölçüdən yuxarı mənzilə sahib olan vətəndaşların ödəyəcəkləri məbləğ də böyük vəsait deyil. Çünki həmin məbləğ illik ödəniləcək və ailə büdcəsinə elə də ciddi təsir etməyəcək.
- Neftin qiymətinin sürətlə aşağı düşməsi Azərbaycanda ciddi iqtisadi problemlər yarada bilərmi?
- Narahat olmağa dəyməz. Hər hansı problemdə hökumət vəziyyətdən çıxmaqda çətinlik çəkməyəcək. Azərbaycanın 2015-ci il dövlət büdcəsinə neftin nə dərəcədə təsiri barədə fikir yürütməkdən ötrü mütləq onun strukturunu nəzərə almaq lazımdır. 2015-ci ilin 19,4 milyard manatlıq büdcə gəlirlərinin 10,4 milyard manatı Neft Fondundan transfert hesabına olacaq. Bu məbləğ gələnilki büdcənin cari xərclərini örtmək üçün yetərli olduğundan, neftin qiymətindən asılı olmayaraq hökumət təkcə neft fondundan transfertlər hesabına büdcə çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. Əgər bu il neftin qiyməti orta hesabla 50 dollardan aşağı düşərsə və həmin səviyyədə qalarsa, onda büdcəyə cəmi 500 milyon manat ziyan dəyəcək. Amma neftin qiyməti 60 dollardan aşağı ensə və həmin vəziyyətdə 1 il qalsa, onda 2009-cu ildəki mənfi meyillər müəyyən dərəcədə özünü göstərə bilər.
- Bəzi iddialara görə, neftin ucuzlaşması Rusiyadakı böhranlı durumu Azərbaycana da gətirə bilər...
- Rusiyadakı vəziyyət Azərbaycanla eyniləşdirilə bilməz. Rusiyadan fərqli olaraq neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlarla bağlı Azərbaycan bu labirintdən ən az itki ilə çıxan azsaylı ölkələrdən biri olacaq. Ən pessimist variantda belə bəzi ölkələrdə olduğu kimi maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac olmayacaq. Azərbaycan düşünülmüş iqtisadi siyasət yeridir.
İsmayıl