İnternet mediada ciddi problemlər var

Ekspertlər hesab edir ki, bəhs edilən məsələnin hüquqi tənzimlənmədən başqa yolu yoxdur


"İnternet media və sosial şəbəkələr tənzimlənməlidir”. Bunu Mətbuat Şurasının sədri, Milli
Məclisin deputatı Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, Baş prokuror Zakir Qaralovun
Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr mühüm əhəmiyyət daşıyır. Onun sözlərrinə görə,
məsələyə kimin hansı prizmadan yanaşması önəmlidir. Bu mənada təkliflər müsbət
qiymətləndirilə də bilər, əleyhinə çıxanlar da olar. Deputat hesab edir ki, məsələnin prinsipial
tərəfi mütərəqqi mahiyyət daşıyır: "Geniş ictimaiyyət internet məkanda məsuliyyət hissinin
artırılmasının tərəfdarıdır. Bu istiqamətdə müxtəlif tədbirlər, maarifləndirmə işləri aparılıb,
təbliğat müsbət nəticə verib.

Rəhbərlik etdiyim Mətbuat Şurası fəaliyyətə başlayanda mətbuat məkanında tənzimləmələrin
aparılmasına ehtiyac var idi. Zamanla bu istiqamətdə bir sıra irəliləyişlər əldə olundu.
İnformasiya texnologiyalarının sürətli inkişafı isə tamamilə fərqli vəziyyət yaratdı. Əlbəttə,
internet məkanında hər bir şəxsin öz baxışlarını ifadə etməsi, özünü təsdiqləməsi müsbət haldır.
Bu, söz və ifadə azadlığını dərinləşdirir. Ayrı-ayrı vətəndaşlar demokratik cəmiyyət
quruculuğunda iştirak hüququ qazanırlar. İnternet media və sosial şəbəkələr sözün, fikrin ifadə
plasdarmı olaraq çıxış edir. Amma heç kəs deyə bilməz ki, bu sahə tənzimlənməyə ehtiyac
duymur. Əksinə, bunun üçün sosial sifariş var”. 

Ə.Amaşov deyib ki, MŞ bu sifarişi hər zaman dəyərləndirib və fəaliyyətini də zamanın tələbindən irəli gələrək qurub: "Dəfələrlə bildirmişik ki, internet məkanının hansısa formada hüquqi münasibətlər sistemində yer almasına ehtiyac var. O cümlədən də sosial şəbəkələrin. Çünki internetdə sui-istifadələrin olduğunu görmüşük. Bu meydanda təhqirlər və böhtanlar baş alıb gedir. Kimlərinsə şəxsiyyəti, şərəf və ləyaqəti alçaldılır. Məsuliyyət hissi arxa plana keçir. Nəticədə cəmiyyətdə xoşagəlməz ab-hava formalaşır. Belədə əziyyətin ictimai tənzimlənməsi istiqamətindəki tədbirlər istər-istəməz ləngiyir. Çünki internet üzərindən yayımın vurduğu zərər də ayrıca proses olmaq etibarilə daha dinamikdir. Yaxşı halda 10 zərərli tendensiyadan 3-4-ü zamanında aradan qaldırıla bilir. Deməli, hüquqi tənzimləməyə ehtiyac var”. 

Millət vəkili bildirib ki, Baş prokuror Zakir Qaralovun təklif etdiyi əlavələr
qanunvericiliyin tamamlanması baxımından önəmlidir: "Yenə də internetin dinamikliyi üzərinə
gəlməyi düşünürəm. Əgər bir fikir və informasiyanın kütləvi yayılmasının vurduğu zərər nəzərə
alınırsa, onun yayılma arealı da geniş götürülməlidir. Əvvəllər bu areal Ədliyyə Nazirliyində
dövlət reyestrindən keçmiş konkret kütləvi informasiya vasitəsi idi. Təhqiramiz, böhtan dolu
material hansısa qəzet və jurnalda yayımlana bilirdi. Ancaq indi internet var. Digər tərəfdən,
qaldırılan məsələni heç də tam mənada yenilik saymaq olmaz. 2013-cü ildə "Kütləvi informasiya
vasitələri haqqında” qanuna edilmiş əlavələrdə internet də informasiyanın yayılma arealı kimi
təsbit olunub. Müvafiq olaraq cinayət məcəlləsində internetlə bağlı məsuliyyət nəzərdə tutulub.Hazırkı dəyişiklik əsasən sosial şəbəkələrdəki saxta profillərlə bağlıdır. Bu da çox vacib
məsələdir. Dinamikliyi nəticəsində sosial şəbəkələr daha geniş topluma xitab edir. Demək ki,
xeyri kimi, ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzi saxta profillərdə radikal dini
cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Bu məqam da mütləq qaydada
nəzərə alınmalıdır”.

 Ə.Amaşov dünyada sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə
kifayət qədər həssas yanaşıldığını vurğulayıb: "İndiki şəraitdə Avropanın bir çox səlahiyyətli
qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq
keçirirlər və vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Böyük Britaniyada, Fransada,
İtaliyada belə nümunələr var. Məsələ hər şəxsin malik olduğu hüquq və azadlıqların pozulması
kontekstində dəyərləndirilir. Kimsə təhqir olunursa, yaxud böhtanlarla üzləşirsə, belə hesab
edilir ki, onun hüquqları məhdudlaşdırılır”. MŞ sədrinin sözlərinə görə, təhqirə və böhtana yol
verən informasiya vasitələri məsuliyyət daşıyırlar: "Yadımdadır, hələ təxminən 4-5 il öncə
keçirilən beynəlxalq konfranslarda sosial şəbəkələrdə yayımlanan informasiyanın ictimai rəyə
təsirlilik dərəcəsi müzakirə olunurdu. Yəni sosial şəbəkələr informasiyanın yayılma arealı kimi
çox ciddi qarşılanır. Məsələn, Britaniya qanunvericiliyi buna kifayət qədər mühafizəkar yanaşır.
Ümumən təhqir və böhtan məsələlərinə Avropa qanunvericiliyində xeyli dərəcədə həssas
yanaşmalar var və bu yanaşmalarda internet məkan heç də toxunulmaz elan edilməyib. Əksinə,
internetin, sosial şəbəkələrin təsir gücü daha çox nəzərə alınmaqdadır”. Bununla yanaşı, deputat
Baş prokurorun təklif etdiyi əlavələrə münasibətdə bəzi əks fikirlərlə bağlı da mövqeyini
açıqlayıb. O bildirib ki, hər bir qanunvericilik aktı mütərəqqi mahiyyət daşımalıdır: "Bilirik ki,
Baş prokurorun təklif etdiyi əlavələr lazımdır, vacibdir. Sadəcə məsələ ətrafında fərqli
interpretasiyalar var. Bu da ayrı-ayrı maraqlı qrupların mənafelərindən qaynaqlanır. Söz yox ki,
əlavələr hansısa formada söz və ifadə azadlığı kontekstindəki manipulyasiyalara yol aça bilir.
Ancaq biz məsələnin prinsipial tərəflərinə diqqət yetirməliyik. Təbii ki, yanaşmadan asılı olaraq
istənilən qanunu mütərəqqi və mürtəce qiymətləndirmək mümkündür. Qanunun icrasına
yanaşma da önəmlidir. Hesab edirəm ki, niyyət və məram düzgündürsə, problemlər olmayacaq,
qanunun aliliyi təmin olunacaq”. 

Ə.Amaşov vurğulayıb ki, ümumən bu sahədə müəyyən dəqiqləşdirmələrin də aparılmasına ehtiyac var: "Məsələn, materialın yayımlanması hansı hallarda və vəziyyətlərdə kütləvi nümayiş sayılır. Bir nəfərin sosial şəbəkədəki profilində cəmi 5 nəfər varsa, deməli, onun yaydıqlarının kütləvilik əmsalı azdır. Yaxud hansısa internet saytın gündəlik İP sayı aşağıdırsa, buna kütləvilik demək olarmı? Hesab edirəm ki, bu sayaq məsələlərin ayrıca sənədlərdə dəqiqləşdirilməsinə ehtiyac var və bu ehtiyac zaman keçdikcə özünü daha çox göstərəcək. Başqa bir məsələ təhqir və böhtan yayan saxta sosial şəbəkə profillərinin və saytların əsasən xarici ölkələrdə qeydiyyatdan keçməsi və oradan idarə olunması ilə bağlıdır. Belə hallarla necə mübarizə aparılacaq? Hesab edirəm ki, bu kimi məsələlərə də diqqət yetirilməlidir”. 

Millət vəkili Əflatun Amaşovun diqqət çəkdiklərinə münasibət bildirən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də bəyan edib ki, bəhs edilən məsələnin hüquqi tənzimləmədən başqa yolu yoxdur: "Əslində biz Milli Məclisə göndərilmiş layihənin qəbuluna tərəfdarıq. Çünki həqiqətən də internet mediada
çox ciddi problemlər mövcuddur. Təhqir və böhtan, insanların şəxsi həyatına və işinə aid olan
informasiyaların ələ keçirilib yayılması, ölkə təhlükəsizliyinə zərər gətirən informasiyaların
tirajlanması halları internetdə çox geniş yayılıb. Bəzən bu tip informasiyaları yayanlar hüquqi
məsuliyyətdən yayınmaq üçün xəbərləri anonim tirajlayırlar. Buna qarşı ciddi mübarizə
aparılmalıdır. Əslində bu məsələdə gecikməyə yol verilib. İnternet 20 ildən artıqdır ki, bütün
dünyada, o cümlədən Azərbaycanda ictimai həyatın bir parçasına çevrilib. İnformasiyaların çox
böyük yayımı internet üzərindən həyata keçirilir. Ona görə də tənzimləmə daha öncədən olmalı
idi. Fikrimcə, müəyyən hallara görə, prosesdə bir qədər yubanma baş verib. Ümid edirik,
mövcud boşluqlar ortadan qaldırılacaq. Bildiyimiz kimi bu prosesə 2013-cü ildən başlanılıb. O
zamandan etibarən Azərbaycanda ayrı-ayrı qanunvericiliklərə əlavələr edilir. Müzakirə etdiyimiz
təklif də həmin prosesin tərkib hissəsidir və kifayət qədər zəruri məqamdır”. 

Ekspertin fikrincə,sözügedən layihədə açıqlanmamış bir sıra məqamlar var: "Bəzi məqamlar ictimaiyyətdə maraq doğurur, sual yaradır.Bir çox internet media resursları hüquqi məsuliyyətdən yayınmaq üçün öz "işlərini” anonim görürlər. Həmin anonim şəxsləri müəyyən etmək mümkün olsa belə, onların çoxunun xaricdə qeydiyyatdan keçməsi məsuliyyətə cəlb olunmalarına imkan vermir. Bizi maraqlandıran onların hansı formada cəzalanacağıdır. Bəzi ölkələrlə ümumiyyətlə diplomatik əlaqəmiz yoxdur. Ona görə də o ölkələrdə "çalışan” anonim şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı narahatlıqlar var. Biz sual doğuran bu məsələ ilə bağlı Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinə müraciət ünvanladıq. Komitədən dedilər ki, əslində bəyan edilən mexanizmlər qanunda nəzərdə tutulub. Bildirdilər ki, təhqir və böhtana qarşı hüquqi iş qaldırmaq məsələsi prokurorluğa həvalə olunursa, o şəxslərin yerlərinin müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi məsələsi digər dövlət
qurumlarının üzərinə düşür. Yəni Daxili İşlər Nazirliyinə, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin Dövlət Təhlükəsizlik Komitəsinə və digər müvafiq strukturlara həvalə olunur.
Onların fikrincə, qurumların birgə fəaliyyəti nəticəsində ortaya çıxan problemlərin qarşısını
almaq mümkün olacaq. Əslində bu, inandırıcıdır. Biz də hesab edirik ki, təklif qanuna çevrilərsə,
işlək mexanizm işə düşəcək və öz nəticələrini verəcək”. 

Ekspert irəli sürülən təklifdə informasiyaların tirajlanma və aşkarlanma prinsipinin necə müəyyən olunacağı məsələsinə də aydınlıq gətirib: "Qanunvericilikdə göstərilir ki, iki nəfər arasında olan qapalı yazışmaya görə, heç bir cinayət işi qaldırılmayacaq. Tutaq ki, sizin feysbukda hesabınız var və başqa bir dostunuzla şəxsi mesajlaşırsınız, amma bunu kütləviləşdirmirsiniz. O zaman sizə cinayət işi açılmır. Lakin iki nəfər arasında olan yazışma üçüncü-dördüncü şəxslər arasında yayılarsa, bu,
artıq kütləvi tirajlanma sayılır. Bunlar cinayət məsuliyyəti üçün obyekt sayılır. Amma media
ictimaiyyəti olaraq arzu edirik ki, parlamentə təqdim edilən qanun təklifinin detalları daha çox
açılsın. O halda müzakirələr açıq formada aparılar və ictimaiyyət üçün qaranlıq məsələ qalmaz”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb