Ruslan Bəşirli: “Bunun qarşısı alına bilər, lakin buna zaman lazımdır”.
İnternet mediada qeyri-peşəkarlar çoxalıb
Niyaz Niftiyev: “Təəssüf ki, bu gün ölkədə baş redaktorların sayı müxbirlərin sayından çoxdur”
Ruslan Bəşirli: “Bunun qarşısı alına bilər, lakin buna zaman lazımdır”.
Ruslan Bəşirli: “Bunun qarşısı alına bilər, lakin buna zaman lazımdır”.
Əfsələddin Ağalarov: "Bu gün mətbuatda kifayət qədər qeyri-peşəkarlar, jurnalistika təhsilli insanlara yuxarıdan aşağı baxan bir "ordu” mövcuddur”
Naibə Qurbanova:"Redaktor qeyri-peşəkardırsa, qurumlarla media arasında anlaşılmazlıqlar çox olacaq”
(Əvvəli ötən sayda)
Son illər ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətləri bəzi jurnalist və redaksiyaları qeyri-peşəkarlıqda ittiham edirlər. Bildirirlər ki, mətbuatda heç bir məqalə ilə çıxış etməyənlər müxtəlif yollarla hansısa elektron media quruluşuna "baş redaktor” təyin olunurlar. Bunun da əzab-əziyyətini həm peşəkar media orqanları, həm də bəzi dövlət qurumları çəkir.
Ona görə ki, həmin "baş redaktorlar” əməkdaşlarına mövzu planlaşdırması zamanı doğru-düzgün istiqamət verə bilmirlər. Nəticədə müxbir sualını aidiyyəti olmayan qurumların mətbuat xidmətləri və ya ekspertlərinə ünvanlayır ki, sonda arzuolunmaz mənzərə meydana çıxır. Bəzi ekspertlərin iddiasına görə, "Azərsun” şirkətinə zəng edərək su ilə bağlı müraciət edən və ya hansısa iqtisadçıya siyasi məsələdən sual verən "müxbirlər” peyda olub. Əlbəttə, bu faktlar müəyyən texniki yanlışlıq olmaqla yanaşı, eyni zamanda ciddi qeyri-peşəkarlıq nümunəsi də ola bilər. Əksər ekspertlər isə düşünür ki, ümumiyyətlə, elektron media resurslarının sürətli çoxalma mərhələsində bu cür problemlərin qarşısını almaq asan deyil. Ümumiyyətlə, demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onların üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət edir, həm də vəzifəsinin nədən ibarət olduğunu anlayır. Mütəxəssislərin fikrincə, çap mediasındakı problemlərə qarşı mübarizə aparmaq daha asan və effektiv olur.
Çünki çap mediasında konkret kriteriyalar və qanuni tənzimləmələr var. Lakin savadsız və qeyri-peşəkar şəxslərin özlərinə daha rahat yer etdiyi yeni onlayn mediada məlum problemlərin qarşısını almaq mürəkkəbdir. Əksəriyyət hesab edir ki, internet media çap mətbuatından geniş yayıldığı üçün burada problemlər özünü daha qabarıq formada göstərir. Eyni zamanda o da vurğulanır ki, savadsızlıqla qeyri-peşəkarlıq fərqli anlayışlardır.
Təhsildə heç nə öyrənməyən gənclərin sonradan bu sahədə ixtisaslaşması və peşəkarlaşması böyük çətinlik yaradır. Problem odur ki, təsadüfi, qeyri-peşəkar, jurnalistikaya yad adamların onlayn mediaya ayaq açması indi çox asandır. Ümumiyyətlə, Azərbaycanda istənilən şəxsin onlayn media yaratması üçün heç bir problem yoxdur. Ona görə də bu sahəyə bələd olmayan, cəmiyyətdə özünə yer tapmayan şəxslərin jurnalistikada "özlərini sınamaq” istəkləri bu cür savadsız və qeyri-peşəkar "ordunun” yaranmasına gətirib çıxarır. Lakin düşünülür ki, peşə olaraq bu sənəti seçən savadsızlar çətin də olsa, zamanla düzələ, püxtələşə bilərlər.
Həmçinin, redaktorların səyi ilə tədricən formalaşarlar. Ancaq bu sahəyə başqa niyyətlə gələn qeyri-peşəkarların hədəfi isə tamam ayrıdır. Onlar istənilən qeyri-dəqiq informasiyanı yaymaqla "reketliklə” məşğul olurlar. Bu nöqteyi-nəzərdən məsələyə münasibətdə media nümayəndələrinin fikirləri birmənalı deyil. Bir sıra ekspertlər yeni mediada hələ tam yetişməmiş qeyri-peşəkarların olduğunu və problemin onları narahat etdiyini desələr də, digər media nümayəndələri yaranmış anlaşılmazlığa görə, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərini suçlayıblar.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev məsələ ilə bağlı "Şərq”ə danışarkən deyib ki, hazırda jurnalistikaya güclü axın var. Onun sözlərinə görə, mətbuata ilk gələn insanları dərhal araşdırmalara, reportaj hazırlıqlarına cəlb etmək düzgün deyil:
"Adətən belə olan halda ciddi problemlər ortaya çıxır. Təəssüf ki, bu gün ölkədə baş redaktorların sayı müxbirlərin sayından çoxdur. 15-20 il bundan əvvəl isə belə deyildi. Bizim nəsil baş redaktor olana qədər korrektor, müxbir, şöbə müdiri, parlament və Prezident Aparatı üzrə müxbir olub. Şəxsən mən və tanıdığım bir neçə həmkarım bu mərhələləri keçib. Amma indi kim pul tapır, sayt açır, özü də olur "baş redaktor”. Həngamə də bundan sonra başlayır. Bu nöqteyi-nəzərdən dövlət qurumlarının mətbuat xidmətlərinin narahatçılığını başa düşürəm. Amma onlar da çox şişirtməsinlər, problem kütləvi deyil. Araşdırma aparsaq, onların da arasında işini düzgün qurmayan, çalışdığı sahə ilə ömrü boyu əlaqəsi olmayanlar az deyil”.
Baş redaktorun sözlərinə görə, jurnalistikaya yeni başlayan gənclərin ilk növbədə redaksiya daxilində təcrübə keçmələri, sahələr üzrə maarifləndirilmələri olduqca zəruridir: "Şəxsən mən redaksiyada bu taktikadan istifadə edirəm. İlk növbədə saytda gedən yazıları oxutdururam. Seçəcəyi sahə üzrə məlumatlılıq səviyyəsinin artırılmasını təklif edirəm. Daha sonra redaksiyaya gələn press-relizlərin məhz həmin yeni əməkdaşın hazırlamasını tələb edirik. Bu proses təxminən 2-3 ay davam edir. Ondan sonra həmin əməkdaş informasiyaların hazırlanmasına, açıqlamalar alınmasına cəlb olunur. Əgər siyasətdən yazacaqsa, ilk növbədə partiyalar, politoloqlar barədə informasiya mənbələrinin genişləndirilməsinə dəstək oluruq. Planlaşmada kiminlə, hansı mövzuda danışması üçün məsləhətlər veririk. Beləliklə, çalışırıq ki, konkret mövzu üzrə aidiyyəti qurumlar və ya şəxslərlə danışsın”.
Mövzu ilə bağlı fikirlərini "Şərq”ə açıqlayan "Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli isə deyib ki, əvvəla, dövlət qurumlarının mətbuat xidmətləri jurnalistlərin suallarını cavablamalıdır, bu onların borcudur. İkincisi isə tək jurnalistlər arasında deyil, bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri arasında da qeyri-peşəkarlar, mətbuatla heç bir əlaqəsi olmayan şəxslər var:
"Məsələnin jurnalistlər tərəfinə gəldikdə isə mən bunu bir neçə dəfə demişəm, yenə də fikrimin üzərində qalıram. Azərbaycan jurnalistikasının bu gün ən böyük problemlərindən biri ixtisaslaşmanın olmamasıdır. Öncəki illərdə çap mediası daha çox üstünlük təşkil edirdi və müəyyən mənada jurnalistlər arasında bir ixtisaslaşma mövcud idi. İndi isə məsələ fərqlidir, saytların sayı çoxalıb və çoxalmaqda da davam edir. Qeyd olunduğu kimi, bəziləri bir domen almaqla özünə sayt açır və heç bir mərhələ keçmədən özünü baş redaktor elan edir. Təəssüf ki, bu tendensiya mövcuddur. Bunun qarşısı alına bilər, lakin buna zaman lazımdır”.
"Azxeber.com” portalının baş redaktoru Əfsələddin Ağalarov da "Şərq”ə bildirib ki, bu gün mətbuatda kifayət qədər qeyri-peşəkarlar, jurnalistika təhsilli insanlara yuxarıdan aşağı baxan bir "ordu” mövcuddur:
"Dəfələrlə adını eşitmədiyim jurnalistlər görmüşəm ki, işləri yalnız rayonlara gedib kimlərdənsə şikayət ərizələri yığmaq və bunun qarşılığında həmin şikayətləri şikayət olunan şəxsə pul qarşılığında satmaqdır. Buna da müasir dövrdə "jurnalistika” deyən kifayət qədər insanlar var. Əlbəttə, bu mənzərə ölkəmizin media sektorunun qara ləkəsidir. Bu ləkə dünən olduğu kimi, bu gün də təmizlənməyi gözləyir. Bu ləkəni yalnız qanunvericilikdə hansısa dəyişikliklər təmizləyə bilər. Amma bəzən tənqidi media ilə reketçilik qarışdırılır. Burada incə bir qırmızı xətt var. Tənqidi media olmaq heç də reketçilik demək deyil. Reketçilik də tənqidi media olmaq demək deyil”.
Baş redaktorun sözlərinə görə, indiki məqamda təkcə jurnalistlər arasında deyil, mətbuat katibləri arasında da qeyri-peşəkarlar mövcuddur:
"Bu gün bir çox önəmli dövlət orqanında çalışan mətbuat katiblərindən soruşsanız ki, ölkədə ictimai rəyə təsir edən saytların adlarını yazıb sizə versinlər, özlərini itirəcəklər. Çünki onların çoxları saytları, qəzetləri tanımırlar. Yalnız məmur kimi yaşayır, onlara sual verən jurnalistlərə yuxarıdan aşağı baxır və aşağılamağa çalışırlar. Bu adamların adları dəfələrlə jurnalistlər arasında keçirilən sorğularda və sosial şəbəkələrdə səslənir. Yaxşı olar ki, rəhbər vəzifədə çalışan şəxslər özlərinə peşəkar mətbuat katibləri seçsinlər”.
"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova isə vurğulayıb ki, hər redaksiya öz jurnalistini yetişdirməlidir:
"Əvvəl bu ənənə var idi, işçilər təcrübəçi kimi tədbirlərə gedirdi, püxtələşmiş jurnalistlərlə müsahibələrə göndərilirdi. Hər janrda qələmini sınayandan sonra yazısı oxucu kütləsinin ixtiyarına verilirdi. Həmin müxbir o redaksiyanın məhsulu sayılırdı. Təsadüfi deyil ki, o dövrdə filan redaksiyanın "şinelindən çıxan jurnalist” fikri də yaranmışdı. Hər müxbirin ilkin iş təcrübəsində redaktorunun əməyi var. Bunun üçün də redaktorların üzərinə böyük məsuliyyət düşür. Redaktor qeyri-peşəkardırsa, qurumlarla media arasında belə anlaşılmazlıqlar çox olacaq. Media nümayəndələri olaraq qurum sözçülərindən nə qədər narazı olsaq da, belə məqamda onları anlamaq lazımdır. İndi kifayət qədər internet portalları var və orada çalışanların hamısı peşəkar deyil. Gün ərzində bir qurum sözçüsünə bir neçə müxbir sualı doğru-düzgün ünvanlamadıqda pərakəndə bir mənzərə yaranır”.
N.Qurbanovanın fikrincə, fəaliyyət mexanizmi və ya adları biri-birinə oxşayan qurumlar mövcuddur ki, müxbirlər çox vaxt sualları hansına ünvanlamaqda çətinlik çəkirlər, çünki tanımırlar:
"Bu işdə yardımçı olmalı olan redaktor özü də qurumları tanımadığı üçün haqlı narazılıqlar yaranır. Oxşar vəziyyət bir neçə il əvvəl kütləvi qəzetlər açılan vaxt da olmuşdu. Sonra ələndi, tanındı və ortada məhdud sayda çap nəşri qaldı. İndi də bu tendensiya elektron media resursları ilə yaşanır. Getdikcə onlar da seçiləcək, uğur qazananlar qalacaq və onlarla işləmək də asan olacaq”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb