İnternet mediası hələ yolun başlanğıcındadır
Ekspertlər düşünür ki, problemlər zamanla aradan qalxacaq
Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Hazırda ölkədə yüzlərlə xəbər saytları, portallar, agentliklər fəaliyyət göstərir. Amma onlardan təxminən yarısının fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar. Müasir Azərbaycan mətbuatının yeni, sürətlə inkişaf edən bir qolu sayılan internet medianın özünəməxsus problemləri var. Vurğuladığımız kimi Azərbaycanda elektron media özünün ciddi təşəkkül mərhələsindədir. Ona görə də keçilmiş mərhələlərlə yanaşı, həll olunmamış xeyli problemlər qalmaqdadır.
Ekspertlərə görə, ən ciddi çatışmazlıq internet media ilə bağlı qanunvericilik bazasının tamamlanmamasıdır. Hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa KİV olduğu tam təsbit edilməyib. Onların fikrincə, bu məsələ həllini tapsa, internet mediası sahəsindəki pərakəndəlik və hüquqi boşluqlardan sui-istifadə halları da azalar. Digər problemlər isə internet mediası üçün uyğun kadrların hazırlığının ardıcıl şəkildə aparılmaması, internetlə təminat, tariflər, reklam təminatı və s.-dir. Araşdırmaçılara görə, digər ciddi problem saytların yarış bəhsəbəsinə qoşulmasıdır. Bu yarış 100 metrə qaçmaq təcrübəsi olan, bundan artığına gücü, nəfəsi çatmayan idmançının marafon yarışına qatılmasına bənzəyir. Aydındır ki, idmançı yarıyolda qalacaq, mənzil başına çatmayacaq. Azərbaycanın internet mediasına aid olan resursların çoxu da bu durumdadır. Başları yarışa qarışıb, lakin intellektual səviyyə unudulub, peşə etikası arxa plana keçib. Əksər saytlar hansısa xəbəri digərindən daha tez yaymağa çalışır, ancaq xəbər sonra ya növbə ilə təkzib edilir, ya da daha pisi baş verir, portallar yalan xəbəri tirajlamaqda davam edirlər. Ekspertlərin fikrincə, Azərbaycanda internetin texniki, iqtisadi şərtləri, infrastrukturu ilə bağlı da ciddi problemlər mövcuddur. Eyni zamanda bu sahədə mühüm problemlərdən biri də müəlliflik hüquqlarının qorunmamasıdır. Mətbuat etikasının gözlənilməsi internet mediada başqadır. Burada xəbəri asanlıqla oğurlamaq, xəbərin mənbəyinin dəyişilməsi, danmaq yolu xəbəri mənimsəmək olur. Bütövlükdə internet media yazılı KİV-dən fərqli olaraq, daha dəqiq və sürətli olmalıdır. Xatırladaq ki, Azərbaycanda internet medianın tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problemin olmadığını düşünənlər də var. Onlar hesab edirlər ki, sözügedən sahənin məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud olan qanunları müəyyən qədər inkişaf etdirmək lazımdır. Çünki ölkədə internet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olar. "KİV haqqında” qanunda medianın digər subyektlərinə aid edilən tənzimləmə internet mediasına da aiddir. Məsələn, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək qəzet üçün hansı hüquqi məsuliyyətdirsə, internet saytı üçün də həmin məsuliyyəti yaradır. Hər şeyə rəğmən son illərdə Azərbaycanda internet medianın xeyli inkişaf etdiyini inkar etmək olmaz. Ötən müddət ərzində yüzlərlə xəbər saytları yaradılıb. Əldə edilən müəyyən nailiyyətlərlə yanaşı, çatışmazlıqların olması da danılmazdır. Tez-tez gündəmə gətirilən tənqidlərdən də görünür ki, nələrsə yolunda getmir.
Onlayn medianın mövcud durumu ilə bağlı "Şərq”ə danışan "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib ki, internet medianın inkişafı çox müsbət haldır: "Biz hələ yolun başlanğıcındayıq, ona görə də problemlər və neqativ məqamlar da var. Məsələn, istinad mədəniyyətini vurğulamaq istəyirəm. Bəzi saytlar istinadı ya vermir, ya da elə verir ki (mətnin sonunda xırda hərflərlə), verməsələr ondan yaxşıdır. Bəzi hallarda mövzular tam işlənmir, saytlar "çiy” xəbəri yaymağa tələsir. Təkrarçılıq, yəni "kopi-past” bəzi saytlarda çox geniş istifadə olunur. Məlumat kortəbii, yəni ilkin mənbədə olduğu kimi, eyni səhvlərlə başqa saytlara yerləşdirilir. İkinci məqam isə qeyri-operativlikdir. Hansısa hadisə səhər, axşam və ya gecə olarsa, çevik reaksiyadan söhbət gedə bilməz. Çünki bu vaxtlar əksər jurnalistlər yolda olur, gecə işləyən jurnalistlər isə hər saytda yoxdur. Üçüncü məsələ isə idman saytları ilə bağlıdır: "Çoxdan bu qənaətə qəlmişəm ki, bizdə idman saytları yoxdur. Rusiyanın "sports.ru” saytını izləyirəm. Özünü idman jurnalisti sayanlar o sayta baxsınlar və qərar versinlər ki, özləri nə işlə məşğuldular?! Dördüncü nüans - Cəmiyyətə lazım olan xəbərlərin azlığıdır. Maarifləndirici, vətənpərvərlik mövzularında olan yazılar, reportajlar və araşdırmalar yox səviyyəsindədir. Peşəkar fotoqraflar azdır. Düzdür, saytlar boldur, amma bu, keyfiyyət anlamına gəlmir. Ona görə də belə saytların bolluğuna qarşıyam. Qoy az olsun, amma peşəkar olsun”.
"Bakipost” saytının baş redaktoru Elçin Zahiroğlu da bildirib ki, saytların sayı hər gün artsa da, cəmiyyətin ciddi qəbul etdiyi, informasiya istehsal edən, ictimai fikri formalaşdıran satların sayı artmır, əksinə, azalır: "Hər gün yeni saytların yaradılmasından narahat olmağa dəyməz. Bəlkə hansısa layihə uğurlu oldu, cəmiyyətə faydası dəydi. İnternet portallarının sayı çox olsa da, bu sahədə hələ xeyli boşluqlar var. Yeni layihələrin bu boşluqları doldura biləcəyinə inanaq. Buna görə də, ümid edək ki, hər yeni yaranan sayt media adına ləkə gətirməyəcək, əksinə, ölkə mətbuatına gətirəcək”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, heç kimə sayt yaratmağı qadağan etmək olmaz: "Amma başa düşmək lazımdır ki, diletant səviyyəli saytlar yaratmaqla heç nəyə nail olmaq mümkün deyil. Peşəkarlıqdan uzaq saytlar yaradıb, qeyri-peşəkar jurnalistika ilə məşğul olanlar istər-istəməz şübhə doğururlar ki, məqsədləri nədir? Azərbaycanda peşəkar jurnalistika standartları artıq oturuşmaqdadır, o standartlara uyğun gəlməyən saytlar dərhal seçilir. Onlar heç vaxt ciddi qəbul olunmayacaqlar”.
"Pia.az” saytının baş redaktoru Azər Qaramanlı internet medianın vəziyyətinin çox pis olduğunu deyib: "Son bir ildə Azərbaycan mətbuatında ciddi geriləmə olub. Geriləmənin səbəbi heç də saytların çoxalması deyil. Vurğulayım ki, son bir ildə saytların sayında ciddi artım hiss olunmayıb. Hətta deyərdim ki, saytların sayı azalıb. Mətbuatda keyfiyyətin aşağı düşməsini heç də saytların sayı ilə, onların artıb-azalması ilə əlaqələndirmirəm. Medianın keyfiyyətinin aşağı düşməsinin bir sıra səbəbləri var. İqtisadi problemlərdən sonra mətbuat maliyyə çətinlikləri ilə üzləşdi. Bu problem istər böyük, istərsə də kiçik saytları əhatə edir. Saytların maliyyə vəziyyəti hər gün daha da gərginləşir. Problemin həllinin tək yolu açıq rəqabət bazarının formalaşmasıdır ki, bu da hazırkı şəraitdə imkansız görünür. Vəziyyətin düzəlməsi üçün Mətbuat Şurası və müvafiq dövlət qurumları bir sıra tədbirlər həyata keçirməlidirlər”. Baş redaktor deyib ki, hər şeydən əvvəl reket mətbuata qarşı mübarizə qanunlara uyğun şəkildə aidiyyəti qurumlar tərəfindən aparılmalıdır. Saytların xəbər siyasətinin formalaşmasına gəlincə isə, A.Qaramanlı hesab edir ki, Azərbaycan mətbuatı kifayət qədər dövlət maraqlarına sadiqdir və son illərdə xəbər siyasəti dövlətin maraq dairəsindən kənara çıxmayıb: "Əslində tənqidlərin olması normaldır. İnternet media tənqid edilirsə, deməli oxunur. Bu faktı gözardı etmək olmaz. Məsələn, tənqid edirlər ki, ölüm xəbəri, qəza xəbəri verilir. Bütün dünyada bu təcrübə var.
İstənilən xarici ölkənin mətbuatına nəzər salın, bu tip xəbərlər çoxdur. Bir də tənqid edirlər ki, niyə ciddi xəbərlər oxunmur? Məsələn, gün ərzində yayımlanan xəbərlərimizin 90 faizdən çoxu ciddi xəbərlər, təhlillər, araşdırmalardır. Öz adımıza deyə bilərik ki, bu gün Azərbaycanda əksər saytlar bizim qədər tarix mövzusunda, birinci Qarabağ savaşı mövzusunda araşdırma yazı və reportaj vermir. Biz də bunu yayımlayaraq, rahatlıqla deyirik ki, Azərbaycanda kifayət qədər ciddi xəbər oxucusu var”.
"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev deyib ki, son illər saytların artması bu günümüzün tələbi ilə bağlıdır: "Məlum olduğu kimi internet texnologiyaların inkişafı sürətlə gedir və hər gün bir yeniliklə qarşılaşırıq. Doğrudur ki, ölkəmizdə də son illər xəbər portallarının, saytların sayı xeyli artıb. Amma cəmiyyətin maariflənməsi üçün yaxşı xəbər verən saytların sayı barmaqla sayılacaq qədərdir. İP xətrinə etikadan kənar başlıq qoyanlar da az deyil. Düşünürəm ki, bunlar hamısı zamanla ələnəcək və oxuculara normal xəbərlər təqdim edən saytlar qalacaq. Sözsüz ki, oxucular tərəfindən gələn tənqidlər arasında haqlı olanı olduğu kimi, haqsız olanlar da olur. Amma oxucuların fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Bu baxımdan hər xəbərin də öz oxucusu var. Bu həqiqətdir ki, oxucular internet medianın xəbərlərini daha çox sosial şəbəkələrdən izləyir. Bu baxımdan oxucu hansı saytın, portalın xəbərlərini istəmirsə, onu izləməyə bilər. İnternet medianın durumu yüksək səviyyədədir də demək olmaz. Sözsüz ki, çatışmazlıqlar var. Xəbər saytlarının fəaliyyətində hansı elementlər olmasının yaxşılığına gəlincə, cəmiyyət üçün faydalı ola biləcək xəbərlərə üstünlük vermək lazımdır”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb