"İntihar edənlərin adət-ənənəyə uyğun dəfn olunmasına QADAĞA..." - Millət vəkili






"İntihar bütün ölkələrdə bəşəriyyət üçün böyük problem olub”.

Bu barədə "Sherg.az”a millət vəkili Tahir Kərimli danışıb. Onun sözlərinə görə, ən çox intihar səbəblərini sosial problemlərlə bağlayırlar:

"Ancaq hər mənfi addımların başında psixoloji vəziyyət durur. Həm mənəvi, həm də dini baxımdan intihar düzgün hal kimi qəbul olunmur. İntihar etmiş şəxslərin adət-ənənəyə uyğun dəfn olunmasına qadağalar da mövcuddur.

İnsanı intihara əl atmağa məcbur edən səbəblər müxtəlifdir. Sosial problem əsas səbəb kimi götürülürsə, düşünmək lazımdır ki, bu problemlər həll oluna bilər. Hansısa tədbir görmək, problemi həll etmək əvəzinə intihara əl atırlar.

Bəzi hallarda müharibə şəraitində intihar halları qəhrəmanlıq kimi qiymətləndirilir. Məsələn, partlayacaq bombanın üzərinə atılmaq, düşmən gülləsinin qarşısını kəsmək, digərlərini xilas etmək böyük addım kimi dəyərləndirilir. Əslində bu intiharın bir növüdür. Qəhrəmanlarımız var ki, başqalarının balaları yetim qalmasın deyə, öz balalarını yetim qoyub. Dediyim budur ki, özünə qəsd hallarının müxtəlif obyektiv və subyektiv səbəbləri olur.

İnsanları son zamanlar narahat edən intihar hallarının qarşısının alınması üçün ən vacib tədbir maarifçilikdir. Bütün vasitələrlə, KİV, televiziyalar, qəzetlər, sosial şəbəkələr intiharın mənfi hal olduğunu aşılamalıdır. İntihara təhrik etmə halları qanunla cinayət məsuliyyəti hesab olunur. İntihar həddinə çatdırma hallarına təəssüf ki, çox tez-tez rast gəlirik. Bu kimi faktlar olduqda hüquq-mühafizə orqanları ciddi araşdırıb, tədbir görməlidir ki, insanlara görk olsun və heç kimi intihara cəhdə təhrik etməsinlər”.

Qeyd edək ki, bu gün iki intihar hadisəsi mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, ilk intihar hadisəsi yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Mərhumun iki azyaşlı övladı olduğu bildirilir və intiharın səbəbi məlum deyil. Digər intihar hadisəsi isə Ucar rayonu Qaracallı kəndində baş verib. 1988-ci il təvəllüdlü Qafil Əlmərdan oğlu Nəbiyev yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib. Mərhum evli olub, iki azyaşlı övladı var.
Hər iki faktla bağlı araşdırma aparılır.

Aysel Aslan