“Mərkəzi Bank kommersiya banklarının kredit faizlərini aşağı sala bilməz”
Mərkəzi Bank 2015-ci il üçün əsas siyasətini əks etdirən bəyanat yayıb. Həmin bəyanatda qeyd edilir ki, qurum kredit faizlərini aşağı salmaq üçün tədbirləri davam etdirəcək. Həmin bəyanatda kredit faizlərinin son 5 ildə aşağı düşdüyü, ümumilikdə orta faiz dərəcəsinin 14,2 faiz, kommersiya kreditləri üzrə hətta 10,8 faiz olduğu göstərilir. AMB-də hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12,9 faizdir. Amma maraqlıdır ki, rəqəmlərə baxmayaraq əhali banklardan kreditləri orta faiz dərəcəsi ilə deyil, 30-35 faizlik kredit şərtləri ilə alır.
Dövlət başçısı bu kimi şərtləri nəzərə alaraq "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Ancaq AMB-nin rəsmi açıqlamaları ilə bazardakı hazırkı vəziyyət üst-üstə düşmür. Bununla yanaşı, tənzimləyici qurum istehlak kreditlərinin faizlərinin azaldılması ilə bağlı isə ümumiyyətlə hər hansı rəsmi rəqəm açıqlamır. Mərkəzi Bankın
bəyanatında istehlak kreditləri üzrə faiz dərəcələrinin bir çox ölkələrdəki faiz dərəcələrinə yaxın olduğu qeyd edilir. Bu isə vəziyyətdən çıxış yolu deyil.
Bəyanatı şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Samir Əliyev bildirib ki, bu cür inzibati metodlarla problemi həll etmək mümkün deyil: "Çünki Mərkəzi Bank kommersiya banklarının kredit faizlərini aşağı sala bilməz. AMB-nin belə bir səlahiyyəti yoxdur. Sadəcə dolayısı yolla tədbirlər həyata keçirməklə kredit faizlərinin azaldılmasına nail ola bilər. Bu gün əsas diqqəti istehlak kreditlərinə yönəldib. Artıq həyəcan təbili çalır ki, ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payı artır. Bu problem tək Azərbaycanda deyil. Rusiya və Ukraynada da ciddi narahatlıq var. Problemin qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı müxtəlif təkliflər hazırlayır. Təkliflərdən biri hansısa formada istehlak kreditlərinin limitləşdirilməsidir. Bu addım yanlış bir addım olardı. İndi isə inzibati qaydada faiz dərəcələrinin aşağı salınması düşünülür”.
S.Əliyev əlavə etdi ki, istehlak kreditləri digər kreditlərlə müqayisədə ən yüksəyidir. Ekspert bu addımın hər hansı bir effekt verəcəyini düşünmür: "Nəzərə almaq lazımdır ki, bank olmayan kredit təşkilatlarının təqdim etdiyi kreditlər istehlak kreditlərindən heç də az deyil. Bu gün kredit portfelinə cəlb edilən resursların dəyəri baha olduğuna görə, banklar da yüksək faizlə təqdim edirlər”. S.Əliyev təklif edir ki, banklara imkan verilməlidir ki, ucuz resurslar cəlb edə bilsin: "Məsələn, xarici bankların Azərbaycan bazarında fəaliyyət göstərməsinə icazə verilsin. Həmçinin Azərbaycan banklarının xaricdən maliyyə resursları əlavə etməsinə imkan yaradılsın”.
Vüqar Şahinoğlu