İpoteka kreditlərinin faizi azaldılır ? - Açıqlama






"Ölkə başçısının maliyyə, bank sahələrində apardığı islahatlar artıq nəticəsini verməkdədir”.

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin imzaladığı ipoteka krediti ilə mənzil almaq şərtlərinin yüngülləşdirilməsi barədə fərmanın əhəmiyyətini izah edərkən millət vəkili Aydın Hüseynov bildirib. 

Onun sözlərinə görə, Mərkəzi Bankın (MB) uçot dərəcəsini aşağı salması da bank sisteminə müsbət təsirlərini göstərir:

"Bu tədbirlərin fonunda, ipoteka kreditlərinin faizlərinin aşağı salınması gənc ailələr, hərbçilər və aşağı faizlə mənzil əldə etmək istəyən sakinlər üçün əlverişli imkan yaradacaq. Bu kreditlərin faizinin az olması həm mənzil alınmasının əlçatanlılığına, həm də kreditlərin geri qaytarılmasına müsbət təsir göstərir. Nəticədə, problemli kreditlərin həcminin nisbətən azalması müşahidə olunacaq. Bu isə müvafiq kommersiya banlarının dövriyyə vəsaitlərini tənzimləməklə, bank sahəsinin inkişafına təkan verir.

İpoteka kreditlərinin şərtlərinin yüngülləşdirilməsi, bu sahədə güzəştlər olunması ümumilikdə, ölkə başçısının vətəndaşlara diqqətinin nəticəsidir. Bu kimi addımlar sosial siyasət strategiyasının mahiyyətini təşkil edir”.

Qeyd edək ki, "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda edilən dəyişikliyə görə, ipoteka krediti ilə mənzil almaq şərtləri yüngülləşdirilib. Fərmana əsasən, ipoteka kreditinin verilməsinə dair tələblərdə də dəyişiklik olub. Belə ki, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək.

Aysel Aslan