İqtidar-müxalifət dialoqu baş tutdu

Əli Həsənov: “Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər”




Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib. Görüşə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə 16 partiya qatılıb. PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov toplantının nəticələri barədə jurnalistlərə açıqlama verərkən görüşdə siyasi partiyalarla görüşün formatını, reqlamentini, tematikasını və bütövlükdə görüşlə bağlı təşkilati məsələlərin müzakirə edildiyini deyib: "Ümumi gəldiyimiz razılaşma ondan ibarət oldu ki, PA-nın nümayəndəsi ilə siyasi partiyalarla işləyən strukturun rəhbəri olaraq mənimlə partiyaların görüşü aktual hesab olunsun. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hakimiyyəti, daxili-xarici institutları narahat edən, aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq. Bütövlükdə birinci gəldiyim razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci, format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arasında ayrı-seçkilik edə bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İkinci görüşdür ki, müzakirələrdə iştirak edən partiyaların sayı 16, 17 və 20 arasındadır.

Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan partiyalar bura təşrif buyuranlardır. Başqalarına da dəvət olub, sadəcə bəzi səbəblərdən qatılmayıblar, sonradan qatılsalar, qapılarımız onlara da açıqdır”. Ə.Həsənov bildirib ki, görüşlərə çıxarılacaq tematikaların əvvəlcədən müəyyən olunması barədə ümumi razılığa gəlinib: "Nəzərə aldıq ki, bütün siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları, o cümlədən, dövlət qurumlarının ictimai hesab etdikləri məsələlər siyahılansın. Bu siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Görüşdə Xocalı soyqırımı ilə bağlı məsələdən ta ki seçkilərə qədər çoxlu məsələlər müzakirə olundu. Demək olar ki, ictimai-siyasi həyatı narahat edən, cəmiyyətin gündəlik rastlaşdığı məsələlərin müzakirəyə çıxarılması tövsiyə olundu. Nəhayət, 4-cü razılaşdığımız məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud fərqli ideyaları təkcə bu zalda saxlamayaq. Onları həm cəmiyyətə çıxaraq, cəmiyyətdə müzakirəsini təmin edək, həm də bunların ən mühüm olanlarının həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanları çalışsınlar. Prezident İlham Əliyevin mövqeyi də ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları, dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf bir cəmiyyətə malik olsun, siyasi-iqtisadi islahatlar davam etdirilsin. Azərbaycan cəmiyyəti qəbul olunmuş qərarların ən doğrusunun qəbuluna inanmış olsun. Hazırda dövlət siyasətinin formalaşmasında ictimai şuraların yaradılmasına əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılıb”.

İqtidar-müxalifət dialoqunun əhəmiyyətindən danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də hesab edir ki, belə dialoqlarla demokratik prosesləri daha sürətlə irəli aparmaq mümkün olacaq. Partiya sədri görüş zamanı müzakirə olunan məsələlərdən söz açıb: "Görüş zamanı təklif olundu ki, bu dialoqa bütün fəal siyasi partiyalar cəlb olunsun. Ancaq bu məsələdə mənim xüsusi fikrim var. Hesab edirəm ki, ayrı-ayrı xarici güclərin əlində alətə çevrilmiş, xüsusilə də hər kəs tərəfindən bəlli olan və siyasi proseslərin özü ilə təsdiq olunmuş faktlara görə həmin partiya təmsilçiləri iqtidar-müxalifət dialoqunda iştirak edə bilməzlər. Məsələn, son prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlarına xidmət edən "Milli Şura” quruldu. Təklif etdim ki, bu qurumda təmsil olunan siyasi partiyalar bu tədbirə dəvət olunmasınlar. "Milli Şura”dakılarla hansı milli məsələ müzakirə olunacaq? Onlar ayrı-ayrı dövlətlərin maraqlarından çıxış edirlər. Amma çoxluğun fikri belə oldu ki, onlar da tədbirlərə dəvət olunsunlar”.

BAXCP sədri bildirib ki, görüşdə əsasən iki məsələ müzakirə olunub: "Daha doğrusu, iki təklif səsləndi. Bir təklif ondan ibarət idi ki, növbəti görüşlər prezidentin özünün iştirakı ilə baş tutsun. Yəni prezidentin özü də siyasi partiyaların sədrləri ilə görüşsün, özü partiya sədrlərini dinləsin. İkinci təklif problemli məhbus hesab olunan şəxslərin əfv məsələsinə baxılması ilə bağlı oldu. Çünki qarşıdan Avropa Oyunları gəlir. Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrin bundan istifadə etməsinə imkan vermək olmaz. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlər oldu. Bununla bağlı siyasi partiyaların adından prezidentə müraciət olunması məsələsi razılaşdırıldı”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də görüşü yüksək qiymətləndirib: "Görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxslərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir. Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır. Bu danışıqlarda bütün siyasi spektor demək olar ki, təmsil olundu. Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyaların ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edirlər və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdırlar. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışırlar. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər sanballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn görüşün vacib əhəmiyyət kəsb etdiyini deyib: "Hakimiyyətlə siyasi partiyalar arasında ikinci dəfə baş tutan bu görüşü çox mühüm addım hesab edirəm. Bu görüş Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutdu. Aparılan müzakirələri
tam olmasa da, hakimiyyətin siyasi partiyalarla və müxalifətlə dialoqu adlandırmaq olar. Görüş zamanı biz fikrimizi belə ifadə etdik ki, burada iştirak etməyən siyasi partiyaların gələcək tədbirlərdə iştirakı daha faydalı olar. Bu partiyaların bəziləri dəvət olunsalar da, iştirak etmirdilər, bəziləri isə ümumiyyətlə dəvət olunmamışdılar. Biz bildirdik ki, gələcək görüşlərdə dəvət olunmayan partiya qalmasın”.
P.Hüseyn qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, siyasi məhbuslar, seçki prosesində partiyalara şəraitin yaradılması və digər məsələlər müzakirə olunub: "Prezident Administrasiyasının əməkdaşları müzakirə olunan məsələlərlə bağlı qeydlər götürdülər və bununla bağlı dövlət başçısına məruzə edəcəklərini bildirdilər. Fikrimcə, görüşün əhəmiyyəti barədə nəticələr əldə edildikdən sonra danışmaq daha doğru olardı. Prinsip etibarilə bunu ölkədə yeni siyasi vəziyyətə keçmək üçün şans kimi dəyərləndirərdim”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da açıqlamasında iqtidar-müxalifət arasında baş tutan dialoqa münasibət bildirib. O qeyd edib ki, bundan sonra da iqtidar-müxalifət dialoqunda iştirak etmək niyyətindədir: "Bu dialoqun baş tutması üçün biz müraciət etmişdik. Ona görə də belə dialoqları normal qiymətləndirirəm”. Görüş barədə danışan M.Mirəlioğlu iqtidarla müxalifətin bir araya gəlməsini tənqid edənləri anlamadığını deyib: "Onlar da bir işlə məşğul olmalıdırlar, ya yox? Həmin adamlar artıq bu sahədə ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi. İndi də siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Yağış yağır, tənqid edirlər, gün çıxır, tənqid edirlər, insanlar doğulur, ölür, tənqid edirlər. Bu da onların xislətidir. Dialoqda iştirak etmirsənsə etmə, ancaq iştirak edənləri də mənasız tənqid etmə”.

İqtidar-müxalifət dialoquna münasibət bildirən siyasi ekspert Vüqar Əsgərov qeyd edib ki, bu dialoqda hansı partiyalar iştirak etməyibsə, deməli, həmin siyasi partiyaların məqsədi normal dialoq qurmaq deyil. Onların məqsədi primitiv metodlarla ölkəmizdə normal müxalifətin formalaşmasına mane olmaqdır: "İqtidar-müxalifət dialoqu Azərbaycanın sivil, demokratik, siyasi plüralizmin mövcud olduğu, söz azadlığının ən yüksək səviyyədə təmin edildiyini göstərir. Dünyanın heç bir ölkəsində siyasi partiyalara Azərbaycandakı qədər münbit şərait yaradılmayıb. Bunun nəyi pisdir ki? Baxın, parlamentdə təmsil olunan və olunmayan konstruktiv müxalifət bu dialoqda iştirak edir. Müzakirəsi zəruri olan məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu sahədə mövcud problemlərin həlli yolları axtarılır. Əslində bütün siyasi qurumlar bunda maraqlı olmalıdır. Marağı olmayan təşkilatların isə əsl məqsədləri şübhə doğurur və onların fəaliyyəti haqlı olaraq cəmiyyət tərəfindən tənqid edilir”.

İsmayıl