İqtidar-müxalifət dialoquna kimlər dəvət olundu?
Format və müzakirə olunacaq məsələlərin gündəliyi hələlik bəlli deyil
Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunub. Bu barədə məlumat verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dəvətin Prezident Administrasiyası tərəfindən gəldiyini deyib. Görüşün fevral ayının 12-də keçiriləcəyini bildirən partiya sədri toplantının formatı və müzakirə olunacaq məsələlərin gündəliyi barədə hələlik dəqiq məlumatın olmadığını söyləyib:
"Çox güman ki, görüşdə əvvəlki tərkib iştirak edəcək. Əlavə hansısa partiyaların dəvət olunması görüşün təşkilatçısının öhdəliyindədir. Konkret olaraq kimlərin görüşdə iştirak edəcəyini indidən demək olmaz”. ADR sədrinin sözlərinə görə, siyasi dialoqun əleyhinə olduğunu deyən şəxslərin belə görüşlərə dəvət edilməsi mənasızdır: "Kimsə bəyanat verib iqtidarla müxalifətin siyasi dialoqunun əleyhinə olduğunu deyirsə, onu toplantıya dəvət etmək absurddur. Çünki həmin adamlar dialoqu siyasi prosedur kimi qiymətləndirmir. Kim belə dialoqu vacib sayırsa, həmin adamlar da dəvət olunmalıdır”. Görüşdə səsləndiriləcək təkliflərə gəlincə isə S.Cəlaloğlu iqtidar və müxalifətin əsas maraqlarına toxunmayan istənilən məsələnin müzakirəyə çıxarıla biləcəyini deyib: "Hələlik görüşləri siyasi dialoq kimi qəbul etmək olmaz, bu sadəcə siyasi diskusiyalardır. Əgər həqiqətən də siyasi dialoq reallaşacaqsa, onda hər məsələni müzakirəyə çıxarmaq olar. Xatırladaq ki, müxalifət liderləri ilə iqtidar nümayəndələrinin sonuncu görüşü 2014-cü ilin dekabrın 13-də baş tutub. Həmin vaxt görüşə 11 partiya sədri qatılıb.
Nəzərdə tutulan görüşlə bağlı fikirlərini paylaşan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı toplantıların mütəmadi hal almasını müsbət dəyərləndirib: "Ötən toplantıda növbəti görüşün olacağı barədə fikir səsləndirilib. İstər müxalifət olsun, istər iqtidar partiyası, fərq etməz, bir sıra ümummilli məsələlərdə dialoq və ümumi fikir birliyi qaçılmazdır. Düzdür, seçkilərdə iştirak, hakimiyyətdə təmsil olunmaq və s. kimi məsələlərdə partiyaların mövqeyi bir-birindən fərqlidir. Bu baxımdan iqtidarda olan partiyanın apardığı siyasət müxalif qurumları razı salmaya bilər. Amma bir ölkənin ümumi inkişafı, Qarabağ problemi və milli taleyimizlə bağlı elə məsələlər var ki, onlarda fikir ayrılıqlarına yer vermək olmaz. Belə mövzularda dialoq təşkil etmək, birlik nümayiş etdirmək zəruridir”. S.Rüstəmxanlı deyib ki, danışıqlarda, üzbəüz görüşlərdə partiyaların ayrı-ayrı məsələlərlə bağlı mövqeləri müəyyənləşir: "Keçən görüşdə ümumi məsələlər müəyyənləşəndən sonra konkret mövzular ətrafında danışıqların aparılmasının zəruriliyi qeyd edildi. Yəqin ikinci görüşdə məsələlərə bir qədər də aydınlıq gətiriləcək. İstənilən halda görüşlərin mütəmadi şəkildə davam etdirilməsi və dialoqa çevrilməsi son dərəcə mühümdür. Belə görüşlər partiyalar arasında ümumi dialoq mədəniyyətinin formalaşmasında, lazımsız düşmənçilik hissinin, yadlaşma duyğusunun aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Zənnimcə, bu cür dialoqlar müəyyən nəticələr verə bilər”. VHP sədri deyib ki, görüşdə irəli sürüləcək təkliflər barəsində partiyada müzakirələr aparılmayıb: "Ümumi mövqeyimiz bəllidir. Partiyada iqtidar-müxalifət görüşündə iştirakla bağlı heç bir narazılıq yoxdur”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də bu cür görüşləri müsbət dəyərləndirib: "Dialoq kifayət qədər pozitiv bir addımdır. Görüşlərin davamlı olması ilk növbədə hakimiyyətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilməlidir. Digər tərəfdən Azərbaycanda siyasi sistemin inkişafına töhvə verən bir addım kimi qiymətləndirilməlidir. Dialoqların təşkili göstərir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar bir masa arxasında oturaraq müzakirə aparmaq iqtidarındadır. Bu baxımdan dialoqları siyasi sistemin inkişafına təkan verən müsbət bir amil sayıram. Çünki ortaq müzakirələr siyasi partiyalar arasında etimadı formalaşdırır. Ümumi prosesin xeyrinə olan fikirlərin səsləndirilməsinə zəmin yaradır”. E.Mirzəbəyli bildirib ki, siyasi partiyalar dövlət idarəçilik sisteminin bir parçasıdır: "Yeni yaranmış demokratik ölkələrdə dövlətin ümumi maraqları, milli məsələləri ilə bağlı siyasi partiyalar bir araya gələrək ortaq mövqedən çıxış etməyi bacarmalıdır”.
"Azadlıq” Partiyasının sədri Əhməd Oruc bildirib ki, bir çox xarici ölkələrdə iqtidar və müxalifət partiyalarının müxtəlif problemlərlə bağlı fikir mübadiləsi parlament çərçivəsində aparılır: "Azərbaycanda situasiya fərqlidir. Çünki parlamentdəki müxalifət yox səviyyəsindədir. Belə bir şəraitdə iqtidar-müxalifət dialoqu ümumi dayanışma və iradların çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Çünki görüşlər qarşılıqlı etimad doğurur, tərəflər bir masa arxasında vasitəçi olmadan fikirlərini bildirirlər. Fikrimcə, görüşlərin mütəmadi olması pozitiv bir başlanğıcdır. Ümid edirəm, nəticələr də müsbət olacaq”.
İsmayıl