İran özünü islahat aparan ölkə kimi göstərmək istəyir



İran Parlamenti narkotik vasitələri satanlar və yayanlar üçün ölüm cəzasını ləğv edib. Bununla bağlı İran Parlamentinin məhkəmə komissiyasının sədri Həsən Novruzi məlumat verib.

Onun sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz olunub. Bununla belə, saxlanma zamanı üzərində soyuq və ya odlu silah aşkar edilən narkotik satıcıları üçün ölüm cəzası qüvvədə qalıb.


Ölüm hökmünün ləğv edilməsi ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan bildirib ki, dünyada ölüm hökmü daha çox, Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistanda icra olunur. Onun sözlərinə görə, İranda edam hökmünü parlament ləğv edə bilməz. 

Bu hökmün cinayət məcəlləsindən çıxarılması üçün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyiyə müraciət edilməlidir. O, bununla bağlı uyğun qurumlara tapşırıq verə bilər. Bundan sonra həmin hökmün icrası dayandırıla bilər: "Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatının hesabatında bildirilib ki, ötən il İranda 567, Səudiyyə Ərəbistanında 154, İraqda 88 və Pakistanda 87 nəfər edam olunub. Onu da qeyd edim ki, hazırda dünyanın 104 dövlətində ölüm hökmü ləğv edilib. 1997-ci ildə belə ölkələrin sayı 64 idi. 
Beynəlxalq təşkilatlar davamlı olaraq İrandan edam hökmünü icrasını dayandırmağa çağırırlar. İranda məhkəmə sistemi və məhkəmə prosesləri daha çox qapalı və qeyri-şəffaf keçdiyindən orada qəbul edilən qərarlara da öz-özlüyündə şübhə ilə yanaşılır. İranın mövcud Cinayət Məcəlləsi başqa sahələrlə yanaşı, ciddi islahatlara ehtiyac duyur. Bu baxımdan Tehran hakimiyyəti bu istiqamətdə özünü islahat aparan kimi göstərməyə çalışır.

İran rəhbərliyi artıq edamlarla bağlı beynəlxalq təzyiqlərə tab gətirə bilmir. Onların gözündə islahata aparan rejim kimi özünü göstərmək üçün parlamentdə bu məsələni gündəliyə gətirməyə məcbur olub. Nəzərə almaq lazımdır ki, İran hakimiyyəti edamı dini hökmlərlə əsaslandırır. Onlar ölkəni islam ehkamları ilə idarə etdiklərini iddia edir və bunları qanunlarda təsbit ediblər. Odur ki, İranda edam hökmünün ləğvi həm də öz iddialarından geri çəkilmək anlamına gələ bilər. İranda da etiraf edirlər ki, ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mafiya var. Hər il tonlarla narkotik maddə ələ keçirilir. İran hakimiyyətindən tələb olunan isə narkotik qaçaqmalçıları ilə yanaşı, siyasi düşüncəlilərin edamının dayandırılmasıdır. Tehran isə bu tip edamları saxlayaraq, narkotik alverçilərini təqdim etməklə işini bitmiş saymaq, edilən təzyiqləri yumşaltmaq istəyir”.

Yeganə Bayramova