İran parlamentində 60 türk bir araya gəlib

Sabir Rüstəmxanlı: “Ümid edirik, bunun ardı gələcək”



İran parlamentində 60 türk nümayəndəsindən ibarət türk millət vəkillərinin Fraksiyası yaradılıb. Tehran, Urmu, Meşginşəhr və Xudabəndə şəhərlərinin millət vəkilləri sözügedən fraksiyanın müvəqqəti İdarə Heyətinə üzv seçiliblər.

Həmçinin, parlamentdə Təbrizi təmsil edən deputat Əhməd Rza Beyginin də adı İdarə Heyəti üzvləri arasındadır. Deyilənə görə, yeni yaradılan fraksiya parlamentdə qəbul olunan müxtəlif layihələrə öz təsirini göstərəcək. Bergi deyib ki, fraksiya müxtəlif düşərgələrə mənsub olan millət vəkillərini bir araya gətirir və onların arasında güclü birlik yaradır: "Bu birlik ölkə vilayətlərinə diqqəti artıracaq və onların arasında vəsaitin ədalətli şəkildə paylanmasına yardımçı olacaq”. Xatırladaq ki, bundan öncəki parlamentlərdə türk millət vəkilləri xüsusi fraksiyada bir araya gəlməyib və onların arasında ciddi birlik müşahidə olunmayıb. Ekspertlərə görə, fraksiyanın yaradılması milli birlik uğrunda atılmış ciddi addımdır. Fraksiya barədə "Şərq”ə açıqlama verən Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı hesab edir ki, İranda müsbət yöndə baş verən hadisələr fars rejiminin ABŞ və Avropa ilə münasibətlərinin düzəlməsinin nəticəsidir: "ABŞ İranı siyasi islahatlar aparmağa məcbur edir. Məncə, İrana qarşı qadağalar aradan qaldırıldıqca, rəsmi Tehran iqtisadi cəhətdən Avropa ilə əlaqələr yaratdıqca, normal münasibət müəyyən qanunların qəbuluna şərait yaradacaq. Yumşaq əlaqələr İranda siyasi və iqtisadi islahatlara yol açacaq”. S.Rüstəmxanlının sözlərinə görə, Güney Azərbaycanda gedən milli hərəkatın müəyyən nəticələri var: "Son dövrlər İranda milli düşüncə və ideallar uğrunda mübarizə əzmi güclənməkdədir. Orada yaşayan türklərin mübarizəsinin siyasi müstəviyə keçməsi, yəni parlamentdə təmsil olunmaları aparılan mübarizənin yuxarı mərhələyə keçməsidir. Görünür, İran Prezidenti Həsən Ruhaninin Azərbaycan səfərində verdiyi sözlər özünü doğrultmaqdadır. Ümid edirik, bunun ardı gələcək”.

İsmayıl