İran və erməni radioları Azərbaycanın efir məkanına soxulur - Qarşısı alınmalıdır





Dünən sosial şəbəkələrdə qəlbimizi qürurla dolduran məlumat yayılmışdı; Təbrizin «Traktursazi» futbol komandası ilə Tehran klubu arasında keçirilmiş görüşdə Təbriz komandası 1:0 hesabı ilə qalib gəlib. Matçın keçirildiyi stadionun fotosu da yerləşdirilmişdi və qeyd edilmişdi ki, 100 min azarkeş oyunu izləyib. Belə xəbərlər əlbəttə hər bir Azərbaycan türkünü sevindirir, ürəyini dağa döndərir. Fəqət, qulağımızı yağır edən başqa xəbərlər də alırıq. Bu da əsasən ölkə ərazisində maneəsiz yayılan İran radiosu «sayəsində» baş verir.

Məlumdur ki, İran radiosu Azərbaycan, xüsusilə də cənub regionunda maneəsiz yayımlanır və nəticədə yalan informasiyalar, təxribat xarakterli məlumatlar yayılır. Qərb bölgələrimizdə də Ermənistan televiziya və radiosu. Bu problem isə hələ də həllini tapmayıb.

«Türküstan» qəzetinin baş redaktoru Aqil Camal «Şərq»ə açıqlamasında illərdir Azərbaycan insanını narahat edən bu problemin çözüm yolunun olduğunu dedi:

- Ötən gün Milli Məclisdə "Rabitə haqqında" qanuna dəyişikliklər edilərkən də bu məsələ millət vəkilləri tərəfindən qaldırıldı. Azərbaycanın efir məkanında qonşu ölkələrin dalğalarının özünə yer etməsi artıq ciddi məsələ kimi ortalıqdadır. Problem ondadır ki, Azərbaycan qonşu sarıdan bəxti gətirməyən ölkələrdəndir. Ətrafımızda qərar tutmuş ölkələrin əksəriyyəti Azərbaycana qarşı ənənəvi neqativ mövqedə duran ölkələrdir. Ermənistanın düşmənçiliyi isə bəllidir.

Təəssüf ki, bu gün şimaldan, cənubdan, qərbdən ölkəmizin efir məkanına soxulan radio dalğaların əksəriyyətində anti-Azərbaycan təbliğatı, milli təhlükəsizliyimizi təhdid edən çağırışlar var.
Azərbaycanda informasiya təhlükəsizliyinə, efir məkanımızın qorunmasına cavabdeh olan dövlət qurumları bu yöndə təcili tədbirlər görməlidir. Həmin dalğaların qarşısını alan texniki avadanlıqlar müvafiq yüksəkliklərdə yerləşdirilməlidir.

Məlahət Rzayeva