"İran və Rusiya Türkiyəyə verdiyi sözə əməl etmir" - Aktual Şərh

"Suriyada atəşkəs rejimi yaradılmasından danışmaq absurddur”.
Bunu "Sherg.az”a BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Suriyada 30 günlük atəşkəs elan edilməsinə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 
Onun sözlərinə görə, həmin bölgədəki silahlı qruplaşmaların kimə tabe olduğu bilinmir:
"Orada əgər İŞİD qüvvələri qalıbsa, o terrorçuların atəşkəsi qorumaq istəyən dəstələrə hücum etməyəcəyinə təminat verilmir. Ona görə, İran bəzi nüansları nəzərə alaraq, BMT-nin atəşkəs sənədinə etiraz etdi. İran düşünür ki, müdafiə etdiyi Bəşər Əsəd və onun bölgədəki silahlı qruplaşmaları, Livan Hizbullahı irəliləmə mövqeyindədir. Bu da İranın mənafeyinə ziddir. Çünki atəşkəs olacağı təqdirdə, Bəşər Əsəd qüvvələri də dayanmalı olacaq. Nəticədə İranın və Bəşər Əsədin mövqeyinə zidd vəziyyət yaranır.
Digər tərəfdən BMT-nin heç bir sənədi dünya dövlətləri tərəfindən qəbul olunmur. Məsələn, Suriya məsələsində təminatçı dövlətlər - ABŞ və onun ətrafındakı blok, "Suriyanın dostları”, Rusiya, İran atəşkəsə təminat verməlidir. Son hadisələr göstərir ki, İran və Rusiya Türkiyəyə verdiyi sözə belə əməl etmir. Bu baxımdan BMT-nin qətnaməsinə əməl edilməyəcək.
Terrorçu PKK-nın Suriya qolu olan YPG və PYD silahlılarına Amerika silahları paylanıb. Terrorçular həmin silahları kürd sakinlərə verib. Kim təminat verir ki, həmin sakinlər PKK-nın icazəsi olmadan Amerika, Türkiyə və digər dövlətlərin hərbçilərinə atəş açmayacaq? Əvvəlcə müəyyən olunmalıdır ki, Suriyada atəşkəsə kim əməl etməlidir. Bütün vəzifələr dəqiqləşdiriləndən sonra atəşkəs haqqında düşünmək mümkündür”.
Qeyd edək ki, İranın Xarici İşlər və Müdafiə Nazirlikləri atəşkəslə bağlı yekdil qərar səsləndirməyib. Belə ki, İran XİN Suriyada atəşkəsə əməl olunacağına inandığını bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri isə deyib ki, keçmişdə olduğu kimi bu dəfə də Suriyada sabitliyi istəməyənlər Suriya ordusu və dövlətinin Dəməşqin ətrafını terrorçulardan təmizləmək istədiyini görən zaman terrorçuları qorumaq üçün atəşkəsin elan olunmasını istəyiblər.
Aysel Aslan