“Bütün əlamətlər bu prosesin planlı şəkildə kənardan idarə olunduğunu göstərir”
"ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrandakı iğtişaşları qızışdırır”. Bunu jurnalistlərə açıqlamasında İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri söyləyib. Onun sözlərinə görə, İranda iğtişaşların alovlandırılması layihəsinin əsas müəllifi amerikalı agent Mayk Dandreadır. Müntəziri onun əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin terrorizmlə mübarizə şöbəsində çalışdığını bildirib: "İranda iğtişaşlar üçün xüsusi qrup yaradılıb.
Qrupa İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əlaqəsi olan Maykl rəhbərlik edib. Qrupun bütün xərclərini isə Səudiyyə Ərəbistanı ödəyib. İrana qarşı təşkil edilən plan "Davamlı Yaxınlaşma Doktrinası” adlandırılır. Onun hazırlanmasına bir neçə il sərf olunub. Planın hazırlanmasında, həmçinin İran Xalq Mücahidləri Təşkilatı, şah rejiminin davamçıları, millətçilər və kommunistlərlə bağlı bir neçə qruplaşma iştirak edib”.
Xatırladaq ki, bundan öncə "Nyu-York Tayms” qəzeti 2017-ci ilin iyunundan etibarən M.Dandreanın MKİ-nin İran siyasətinə rəhbərlik edəcəyi haqqında informasiya yaymışdı. Dandreanın "Kölgə şahzadə” və "Ayətullah Mayk” adlandırıldığı da bildirilir.
O, əvvəllər Usamə bin Ladenin izlənilməsi əməliyyatına da rəhbərlik edib. Cənub qonşumuzdakı aksiyaları "Şərq”ə şərh edən politoloq Elçin Xalidbəyli deyib ki, İranda baş verən hadisələr öz qaynağını sosial-iqtisadi problemlərdən alıb. Onun sözlərinə görə, əhalinin müəyyən təbəqələri sosial-iqtisadi vəziyyətin ağırlığından olan narazılıqlarını küçələrə çıxmaqla nümayiş etdiriblər. Lakin ekspert bildirib ki, etiraz dalğasını alovlandırmaqda maraqlı olan daxili siyasi mərkəzlər də olmamış deyil:
"Həmin mərkəzlər prosesləri hələlik səhnə arxasından idarə etməyə çalışırlar.
Böyük ehtimalla baş verən hadisələrin bu qədər dərinləşməsi məhz daxili siyasi mərkəzlərin start verdiyi hakimiyyətdaxili hesablaşmadır. Yəni bu proseslərdə hakimiyyət uğrunda mübarizənin əlamətləri olmamış deyil. Xarici qüvvələrin roluna gəldikdə isə, İranda qarışıqlığın yaranması ABŞ, İsrail və Səudiyyə Ərəbistanına sərf edir. Həmin dövlətlərin İranda baş verənlərə ilkin reaksiyaları da bunu təsdiqləyir”.
Analitik bildirib ki, İrandakı iğtişaşlar kortəbii hadisələrə bənzəmir: "Bütün əlamətlər bu prosesin planlı şəkildə kənardan idarə olunduğunu göstərir. Bu baxımdan, İran hadisələrinin xarici siyasi qüvvələr tərəfindən yönləndirilməsi ilə bağlı ehtimallar tamamilə inandırıcı görünür. Əgər bu proseslər tezliklə durdurulmazsa, İran da Yaxın Şərqin Liviyadan üzübəri uzanan "bataqlıq bölgəsi”nə daxil ola bilər”.
İsmayıl