İranla birgə neft şirkətinin yaradılması faydalı olar

Vahid Əhmədov: “İki ölkə arasında iqtisadi əlaqələr yüksələn xəttlə inkişaf edir”



Azərbaycan ilə İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar. Bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani açıqlama verib. Onun sözlərinə görə, birgə şirkətin yaradılması cari il martın 28-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkət hər iki tərəfə iqtisadi səmərə gətirəcək.

Nazir müavini onu da nəzərə çatdırıb ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa, bu, Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.

Nəzərdə tutulan neft şirkətinin hansı formada yaradılması hələ ki bilinmir. Maraqlıdır, yeni şirkətin yaradılması iqtisadi baxımdan ölkəmiz üçün səmərəli ola bilərmi?

İranla Azərbaycan arasında münasibətlərin iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etdiyini deyən iqtisadçı, millət vəkili Vahid Əhmədov "Şərq”ə bildirib ki, yeni neft şirkətinin yaradılması da hər iki ölkə üçün yararlı ola bilər: 

"Şirkətin hansı formada yaradılması barədə dəqiq fikir bildirmək mümkün deyil. Çünki bütün bunlar müqavilədə öz əksini tapacaq. İran Azərbaycana müəyyən sərmayələr yatırır. Məlumdur ki, İran tərəfi ölkəmizdə fabriklər, zavodlar tikir. Həmçinin Azərbaycan da İrana müəyyən yardımlar edir. Ölkəmiz dəmir yolunun çəkilməsi ilə bağlı vəsait ayırıb. 

Ona görə də İranla Azərbaycan arasında Xəzər dənizində kəşfiyyat işlərini həyata keçirən şirkət yaradılması planlaşdırılır. Yəni, hər iki dövlətin Xəzərə çıxışı olduğu üçün birgə müəssisə yaratmaq nəzərdə tutulur. Yəqin ki, hər iki tərəf neftin çıxarılmasından istifadə edəcəklər. Düşünürəm ki, şirkətin yaradılması bütün qanunlara uyğundur”.

Yeganə Bayramova