Bakıda bu uşaqların harda yerləşməsini, sonrakı taleyini düşünmək lazımdır
“Hökumət onlar üçün xüsusi yer, sığınacaq ayıra bilər. Burada əsas məsələ bu uşaqların müharibə, qırğın zonasından, od-alovun içindən gəlib sabit həyata uyğunlaşmasıdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxladıqlarını deyib.
Komitə sədrinin sözlərinə görə, İraqdakı Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir: "Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları İraqda olan uşaqların Azərbaycana gətirilməsi üçün işlər görür. Artıq uşaqların bəziləri gətirilib və proses davam edir”.
Məsələ ilə bağlı "Şərq” qəzetinə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altayın fikrincə, Azərbaycana gətirilən uşaqlara ciddi şəkildə psixoloji xidmət göstərilməlidir:
"Hər bir normal dövlət dünyanın hər hansı bir yerində çətin çıxılmaz duruma düşmüş vətəndaşına sahib çıxmalıdır. Bu, hər dövlətin borcudur. İstər İraq olsun, istər Suriya, Azərbaycan dövləti oralardakı kimsəsiz insanlarını və xüsusilə də uşaq-körpələrini qaytarıb gətirməlidir. Öncə bu uşaqların Azərbaycan vətəndaşı olub-olmadıqlarını araşdırmaq lazımdır. Hansı ki, bu da asan prosedur deyil, çünki çoxu valideynsiz olduğundan pasportları, sənədləri də yoxdur.
Deməli, ora komissiya göndərilməlidir. Yerində fakt-sübutları araşdırmaqla, uşaqlarla söhbət etməklə bunu ayırd və təsdiq etmək lazımdır. Bundan sonra onların Azərbaycana gətirilməsi təşkil edilməlidir. Artıq məlumatlar da var ki, dövlət bunu həyata keçirməyə hazırlaşır və yol biletləri də alınıb. Ancaq bundan da əvvəl, vətəndə, Bakıda bu uşaqların harada yerləşməsi və sonrakı taleyi barədə düşünülüb planlaşdırılmalıdır. Yəqin ki, bu da artıq aidiyyətli orqanlar tərəfindən proqramlaşdırılıb”.
Azərbaycana gətirildikdən sonra uşaqların buradakı həyatı, yerləşdirilməsinə gəldikdə isə kriminalist-ekspert deyib ki, həmin uşaqları uşaq evlərinə də yerləşdirmək olar: "Yaxud da hökumət onlar üçün xüsusi yer, sığınacaq ayıra bilər.
Burada əsas məsələ bu uşaqların müharibə, qırğın zonasından, od-alovun içindən gəlib sabit həyata uyğunlaşmasıdır. Təbii ki, söhbət incə məsələdən, psixoloji adaptasiyadan gedir. Onların o dəhşətlərin içində psixologiyası pozulub, deformasiyaya uğrayıb. Bizdə dəhşətli qəribə görünən, sayılan nəsə bir davranış onlar üçün adi sayıla bilər. Məsələn, normal cəmiyyətdə iki uşağın biri-birinə iradı sözlə bildirdiyini, bunlar hansısa alət istifadə etməklə başına çırpıb xəsarət yetirməklə edə bilir. Yəni, bunlar fövqəladə mühitdən gəlib və birdən-birə cəmiyyət içinə, uşaqlar arasına bunları buraxmaq olmaz. O mənada ki, oradan gətirilənlər yerli uşaqlara da problem yaradarlar, özləri də əziyyət çəkərlər. Ona görə bu adaptasiya işi ilə xüsusi ayrılmış psixoloqlar məşğul olmalı və dövlət onları bir müddət nəzarətdə saxlamalıdır”.
İ.Altayın sözlərinə görə, gətirilən uşaqları qohumlarına vermək də mümkün variantdır. Əvvəla bilmək lazımdır ki, nə dərəcədə yaxın qohumdur, uşağı saxlamağa imkanı varmı və nə dərəcədə səmimidir.
İkinci də bu əlamətlər uyğun gəlsə belə, onlar öncə mütləq xüsusi ayrılmış yerlərdə qeyd etdiyim adaptasiya prosesini mütləq keçməlidirlər. Bu işdə uşaq problemləri ilə bağlı dövlət orqanları ilə bərabər spesifik ictimai təşkilatlar, QHT-lər əlbir işləməlidir.
Şəymən